İqtisadçılar İlham Əliyevə cavab verdilər

Natiq Cəfərli: "İki eşşəyin arpasını bölmək, heç də göründüyü kimi asan iş deyil"

Qubad İbadoğlu: "Qəbul olunmuş fərman və sərəncamları analiz edəndə 12 istiqamətdə təklifimi prezidentin imzaladığı sənəddə gördüm"

Prezident İlham Əliyev yanvarın 10-da 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqda Nazirlər Kabinetinin toplantısını keçirib.

İclasda prezident bir sıra məsələlərə toxunub və medianın hər gün müraciət etdiyi iqtisadçıları da hədəf alıb.

İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir

Prezident deyib ki, müxtəlif qeyri-hökumət təşkilatları var, onların haradan maliyyələşməsi ona məlumdur:
"Onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illərboyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir". Yəni bütün bunlara fikir vermək lazım deyil".

İlham Əliyev daha sonra əlavə edib ki, əsas uğurlu inkişafdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bu reallıqdır:

"Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək".

Qubad İbadoğlu foto Meydan TV
Qubad İbadoğlu foto Meydan TV.

Azərbaycanda "iqtisadiyyatçı" adında nə peşə, nə iqtisadçı var

İlham Əliyevin fikirlərini Meydan TV-yə şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib ki, Azərbaycanda "iqtisadiyyatçı" adında nə peşə, nə iqtisadçı var, ümumiyyətlə, dilimdə belə söz yoxdur. Həm də dilimizdə "iki eşşəyin arpasını bölmək" atalar sözü, uzunqulaq, dərs vermək də yoxdur.
Bununla belə, Qubad İbadoğlu prezidentin söylədiklərinə cavab verməyə hazır olduğunu deyib:

"Biz fəaliyyətimizdə Azərbaycanın problemlərini təhlil edib, çıxış yollarını göstərmişik. Təkliflərimiz də hökumət və müvafiq dairələr tərəfindən qəbul olunub. Məsələn, Demokratiya və Rifah Hərəkatının hazırladığı "İqtisadiyyatda əsas və təxirəsalınmaz" tədbirlər paketi Prezident Administrasiyasına və digər dövlət qurumlarına təqdim olunmuşdu, administrasiya müsbət cavab verdi. Ötən ilin sonunda il ərzində qəbul olunmuş fərman və sərəncamları analiz edəndə 12 istiqamətdə təklifimi prezidentin imzaladığı sənəddə gördüm. Demək istəyirəm ki, bizim təkliflərdən istifadə olunur, qaldırdığımız məsələlər müzakirəyə çıxarılır. Düzdür, birbaşa istinad olmasa da, prezidentin fərman və sərəncamlarında məsələlər nəzərə alınır".

Qubad İbadoğlu hətta 5 il əvvəl verdiyi proqnozların özünü doğrultduğunu söyləyərək deyib ki, prezidentin fikirlərini yanlış sayır: "Hesab edirəm ki, Azərbaycanda xeyli səviyyəli, peşəkar yerli iqtisadçılar var. Onların bir qismi hökumətin təbliğata çevirdiyi "Strateji Yol Xəritəsi"nin hazırlanmasına cəlb olunublar. İndiki halda Azərbaycanın ayrı-ayrı analitik mərkəzləri nəinki ölkə səviyyəsində, həm də region və beynəlxalq səviyyədə tanınır və seçilir. Xüsusən iqtisadiyyat sahəsində belə mərkəzlər Azərbaycanda daha çox inkişaf edib, nəinki Mərkəzi Asiya və Cənubi Qafqazda. Prezident bununla fəxr etməlidir ki, beynəlxalq beyin mərkəzlərində Azərbaycandan olan iqtisadçılar var. Şəxsən mən Qazaxıstanda, Qırğızıstanda, hətta Avropada kifayət qədər fəaliyyətim olub. Qırğızıstanda iqtisadiyyat və maliyyə nazirliklərində təkliflərimlə müzakirələr təşkil olunub. Və hökumət bu təklifləri büdcə, vergi, gömrük siyasətində nəzərə alıb. Dünyanın 16 ölkəsində 30-a yaxın məqalələrim dərc olunub, hansı ki, rəsmi Bakı Azərbaycan üçün brend axtarır. Əslində, Azərbaycanın bəzi iqtisadçıları elə brenddirlər. Əgər bizi regionda və beynəlxalq səviyyədə qəbul edirlərsə, bunlar Azərbaycanın brendi sayılırlar. Təəssüf ki, fəaliyyətimiz siyasiləşdirilir, görünür, ictimai nəzarət düzgün anlaşılmır və qəbul olunmur. Əslində, təkliflərimiz Azərbaycan iqtisadiyyatının az da olsa, düzgün istiqamətlənməsinə yardım edir. Bizi eşitməyənlərin qurduğu istisadi sistemin fəsadları göz önündədir, hətta milli valyutanı tənzimləmək qabiliyyətinə malik iqtisadi idarəçilik yoxdur. Dövlət qurumları arasındakı koordinasiya problemləri ölkə iqtisadiyyatını hansı vəziyyətə gətirib. Bu məsələlər təhlil olunmalı və apardıqları siyasətin nəticələrinin səbəbləri soruşulmalıdır. Bu baxımdan məsuliyyəti yerli iqtisadçıların üstünə atmaq düzgün deyil. İqtisadçılar danışmasaydı, daha pis olardı. Əgər təkliflərimiz pisdirsə, hökumət niyə onlardan "Strateji Yol Xəritəsi"ndə istifadə edir?"

İqtisadçı düşünür ki, məlum açıqlama prezidentin narahatlığından irəli gəlir: "Çünki bu gün hökumətin məlumatları xalq tərəfindən ikrah hissilə qarşılanır. Məsələ ondadır ki, hökumətin proqnozları və vədləri özünü doğrultmur, bu isə müstəqil iqtisadçıların cəmiyyətdəki mövqeyini möhkəmləndirir. Məncə, bundan narahat olanlar var, onlar da bunu prezident səviyyəsində bu cür ifadə etməyə çalışırlar. Amma bizim də məqsədimiz Azərbaycanın iqtisadi böhrandan çıxmasıdır. başqa məramımız yoxdur".

Zöhrab İsmayıl foto sosial şəbəkə
Zöhrab İsmayıl foto sosial şəbəkə.

Ona-buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur

İlham Əliyevin fikirlərinə münasibətini Zöhrab İsmayıl da öz "Facebok" səhifəsində paylaşıb:

"Prezidentin təyin etdiyi nazirlərin və müşavirlərin 2 eşşəyin arpasını necə böldükləri ortada:

1. Manat 2 dəfədən çox qiymətdən düşüb;
2. Olan-qalan qeyri-neft sahələri keçən il 5.6% azalıb.
3. Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan 4 milyarda enib.
4. 10 ilə 120 milyard gəlir əldə etmiş ölkədə dollar tapılmır.
5. Hökumət TANAP-ı maliyyələşdirmək üçün tələb olunan 5 milyard dolları toplamaq üçün Çindən tutmuş Ərəbistanadək qapı-qapı kredit dilənir.
6. Başqalarına qaz satan ölkənin kəndlərinin yarısında qaz yoxdur.
7. Ona-buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur.

8. Bir gün yağış yağanda paytaxtın küçələrini sel basır.
9. Xəstələrimiz şəfanı İranda, Türkiyədə, Gürcüstanda axtarır.
10. Nazir günə 300 min xərcləyir".

Natiq Cəfərli
Natiq Cəfərli. Fotoqraf:: AzadlıqRadiosu

Bu çox səhv, hətta sovet bərabərçiliyi ruhunda olan yanaşmadır

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, iki eşşəyin arpasını bölmək, heç də göründüyü kimi asan iş deyil:

"Hər bir eşşəyin çəkisi, yaşı, gün ərzində gördüyü işin həcmi, yandırdığı kalorinin miqdari nəzərə alınmalıdır. Çox zaman səhv olaraq düşünülür ki, əldə olan arpanının 50 faizini birinə, 50 faizini isə digərinə verilməlidir".

İqtisadçı Natiq Cəfərli prezidentin söylədiklərinin çox səhv, hətta sovet bərabərçiliyi ruhunda olan yanaşma olduğunu düşünür:

"Belə yanaşma eşşəklərdə daha yaxşı çalışma stimulunu öldürür. Bəzən elə olur ki, eşşəklərin sahibi öz şəxsi, subyektiv yanaşmasından, hansı eşşəyin ona daha xoş gəlməsindən asılı olaraq, əldə olan arpanın çox hissəsini öz fovorit eşşəyinə verir, beləliklə də, ədalətsiz bölgü olur, heç bir iş görməyən eşşək arpadan daha çox pay alır. Belə ədalətsiz bölgü digər eşşəkdə sahibinə qarşı qəzəb hissi yaradır və imkan düşən kimi öz sahibinə qoşa təpik vurmaqla ədalətsizliyə öz etirazını bildirir. Beləliklə, iki eşşəyin arpasını bölmək çox məsuliyyətli işdir, bu iş ciddi bilik, bacarıq və ədalət hissi tələb edir. Bax belə, hər kəs öz işində 2 eşşəyin arpasını doğru-düzgün bölə bilsə, sonradan insanlar arasında jmıx bölməyə ehtiyac qalmayacaq".

Məhəmməd Talıblı
Məhəmməd Talıblı.

Hökumətin gözlə görünən ciddi bir uğuru yoxdur

"İndiyə qədər 130 milyardlıq neft pullarını daşa-dəmirə verib küçələrə səpən hökumət gərək hər hansı bir əmtəənin necə bölüşdülməsini müzakirə etməyə". Bunu isə iqtisadçı Məhəmməd Talıblı deyir. "Çünki həmin resursların səriştəsiz bölgünün doğurduğu böhranda bizi yaşamağa məhkum edib. Hətta bu qədər böyük neft pullarından sonra belə ölkə iqtisadiyyatı böhrana salınıb. İqtisadi reallıqların diaqnostikasını daha doğru müəyyənləşdirən və ölkə üzrə iqtisadi mövzularda bütövlükdə trend yaradan həmin "zəif" adlandırılan iqtisadçılardır" - iqtisadçı deyir.

Onun sözlərinə görə, "Diffuziya" effekti üzrə bütün iqtisadi proqnozları onlar söyləyir və sonradan reallığa çevrilən proqnozların müəllifləri da əksər hallarda onlar olur:

"Mediada davamlı monitonq keçirən istənilən şəxs bunu aydınca görür. Dövlət büdcəsindən bu qədər maliyyə alan tədqiqat mərkəzləri, elmi insitutlarlar həmin "iqtisadiyyatçıların" fikirləri qədər özlərini cəmiyyətə təqdim edə bilməyiblər. Bu isə idarəetmənin böhranıdır. Maliyyə və idarəetmənin böhranı eyni vaxtda baş verəndə isə kənarda səbəblər və səbəbkarlar axtarmaq çıxış yolu deyil. Hökumətin hazırladığı sənədləri diqqətlə oxuyanlar bilir ki, həmin sənədlərdə həmin "zəif" iqtisadçıların yüzlərlə təklifi və tədqiqatlarından çıxarılan dərslər var. Hökumətin iqtisadi vəziyyətlə bağlı böyük gözləntiləri var, amma reallıqda isə əllərində saxlayası və gözlə görünən ciddi bir uğurları da yoxdur. Hökumətin düşdüyü vəziyyəti bütün həqiqətləri ilə ifadə edən "Nobel"çı Rabindranat Taqorun bir fikri yadıma düşdü: "Göydə mənim ulduzlarım var... amma evimdə yanmamış xırdaca çırağıma həsrət çəkirəm"".