foto sosial şəbəkə

''Şığorta şirkəti yanmış evimin pulunu ödəmir''

''Şirkət məndən odun peçinin sertfikatını istəyir''

“Sığortalı evim yanıb, şirkət pulumu ödəmir. 8 aydır qalmışam sığorta şirkətinin qapısında”.

Bunu Xızı sakini Kərimulla Əkbərov deyir.

“Pulumu ödəmək yerinə mənə min bir böhtan atırlar”

Kərimulla Əkbərov Xızının qəşəng, meşəlik bir ərazisində özünə ev tikdirdiyini, ötən il mayın 4-də evinin yandığını deyir. Söyləyir ki, bədbəxt hadisə əvvəlcə onu çox pis sarsıdıb. Ancaq sonradan evinin sığortalı olduğunu xatırlayıb və şirkətə müraciət edib. Ancaq bugünə qədər pulunu ala bilməyib. Deyir, “A-Qroup” Sığorta Şirkəti pulunu ödəmək istəmir:

“O vaxt şirkət əşyalar, tikinti və təmirlə birgə evə 95 min manat qoydu. Razı olub, müraciət etdim. Ancaq bu gün pulumu ödəmək yerinə mənə min bir böhtan atırlar”.

“Sığorta şirkəti məndən Baş Prokurorluğa şikayət yazıb”

Ev yanandan sonra tədqiqatçılar, ekspertlər gəlib baxıblar. Kərimulla Əkbərov deyir ki, evin yandığı ilə bağlı sənədi alan kimi sığorta şirkətinə müraciət edib:

“Əvvəlcə dedilər ki, narahat olmayın, vəsait ödənəcək. Sonradan bildim ki, məndən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət yazıblar. Guya mən evimi qəsdən yandırmışam. Prokurorluq məsələni araşdırdı. Yenidən tədqiqatçı, ekspert gəldi, baxdı. Prokurorluq evin qəsdən yanmadığı ilə bağlı qərar verdi. Ancaq yenə pulumu verməyiblər”.

“Odun peçi kustar üsulla hazırlanıb, sertfikatı yoxdur”

Kərimulla Əkbərov sığorta proseslərindən məlumatlı olduğunu deyir. Onun sözlərinə görə, adətən sığorta şirkəti iki halda pulu ödəmir. Birincisi, əgər yanğın qəsdən törədilibsə, ikincisi isə hadisə kobud səhv üzündən baş veribsə:

“Məndə heç biri deyil. Ancaq sığorta şirkəti pulu ödəməmək üçün əvvəlcə ilk variana əl atdı. Bu, işə yaramayanda, ikinciyə keçdi. İndi də deyirlər ki, ev odun peçinə görə yanıb. “Odun peçi kustar üsulla hazırlanıb, sertfikatı yoxdur”. Gülməli cavabdır. Azərbaycanda sertfikatlı odun peçi var ki? Şirkət bəhanələrlə pulumu ödəmək istəmir. Qalmışam pis durumda”.

Sığorta şirkəti: Yanğın ehtiyatsızlıqdan olub

Meydan TV məsələyə münasibət öyrənmək üçün “A-Qroup” Sığorta Şirkəti ilə əlaqə saxlayıb. Şirkətin Ağamir Kazımov adlı əməkdaşı bildirib ki, evin yanmasına səbəb vətəndaşın diqqətsizliyidir:

“Hadisə Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb. Həmin yanğınla bağlı Əməliyyat İstintaq İdarəsinin qərarı var. Yanğının baş verməsinə səbəb sığortalının yanğın təhlükəsizliyi normalarına əməl etməməsidir. Kobud ehtiyatsızlıq olub. Yanğına səbəb odun peçinin evdə yanılı vəziyyətdə qoyulmasıdır. Birbaşa diqqətsizlik və ehtiyatsızlıqdır. Əmlak sığortası qaydalarına görə, belə halda dəyən ziyanı sığorta şirkəti ödəmir”.

“Qaz yox, işıq yox, mən nə etməliyəm?”

Kərimulla Əkbərov isə deyir ki, bu, sığorta şirkətinin pulu ödəməmək üçün bəhanəsidir:

“Mən kimən, sığorta kimdir, əsas olan ekspertdir. Ekspert də deyir ki, yanğına səbəb kobud pozuntu deyil və qəsdən edilməyib. Pul ödnməlidir. Yenə ödəmirlər. Bilirsiniz, həmin ərazidə qaz yox, işıq yox, mən neyləməliyəm? Odur peçindən başqa əlac yoxdur”.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, belə problemlərdə əsas məsələ sığorta müqaviləsinin şərtlərindən asılıdır. Əgər sığorta şirkəti müqavilədə həmin şərtlərlə sığorta edibsə, onda haqlıdır. Yox, əgər həmin şərtlər yoxdursa, o zaman vətəndaş haqlıdır və məhkəməyə müraciət edə bilər.