Azər Mehtiyev: Rüfət Aslanlının açıqladığı 4 istiqamət doğrudur

''Əsas məsələ atılacaq addımların nə dərəcədə sistemli olacağıdır''


"Enerji daşıyıcılarının qiymətinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib. Bu, milli valyutaya əlavə təzyiqlərin artması və nəticədə qaçılmaz devalvasiya, əhalinin və biznesin, dövlətin gəlirlərinin azalması ilə nəticələnib".

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu gün həyata keçirilən islahatlar əvvəlki dövrdə əldə olunan rifahın təmin olunmasına yönəlib: "Bütövlükdə iqtisadi islahatlar və dəyişikliklər 4 istiqaməti əhatə edir. Birincisi, dayanıqlı makroiqtisadi mühitin yaradılması üzərində çalışırıq. Həm Mərkəzi Bank, Maliyyə Nazirliyi, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə tandem formalaşdırıblar. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya və ümumilikdə makroiqtisadi göstəricilər iqtisadi vasitələrlə idarəolunan çərçivədədir. İkinci istiqamət biznesin tranzaksiya xərclərinin azaldılması ilə məqbul səviyyəyə çatdırılacaq işgüzar mühitin formalaşdırılmasıdır. Üçüncü istiqamət sərmayə və maliyyə xidmətlərinə genişi çıxışın təmin edilməsidir. Çünki stabil makroiqtisadi vəziyyət sərmayə və maliyyəyə çıxış olmadan işgüzar aktivliyi və rifahı təmin edə bilmir. Bu fəaliyyətimizdə hökumətin iqtisadi qanad ilə qarşılıqlı əməkdaşlıq həyata keçirməliyik. Dördüncü istiqamət isə çevik və effektiv hüquqi islahatın formalaşdırılmasıdır. Bu islahatların məqsədi qanunun aliliyi, bütövlükdə hüquq institutlarının effektiv fəaliyyətinə nail olunmasıdır".

Rüfət Aslanlının söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Azər Mehtiyev göstərilən istiqamətlərin doğru olduğunu və uzun müddətdir mütəxəssislərin bunların vacibliyini vurğuladıqlarını qeyd etdi.

Ancaq Azər Mehtiyev hesab edir ki, hər dörd istiqamətdə ciddi addımların nə dərəcədə atılacağını bilmək vacibdir: "Xüsusilə uzunmüddətli və dayanaqlı inkişaf istəyiriksə, qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafını gözləyiriksə, ikinci və dödüncü istiqamət çox mühümdür. Yəni atılan addımlar texniki səciyyə daşımamalıdır. Son vaxtlar lisenziyaların sayı, biznesin qeydiyyata alınma müddəti azaldılır, bu cür şərtlər yerinə yetirilir və bunlar Dünya Bankının indeksində qeyd olunan göstəricilərdir. Daha iki məqam bu istiqamətdə qanunların qəbulu və onlara əməl edilməsidir. Bizim ən çox üzləşdiyimiz problem qəbul olunan qanunların doğru işləməməsidir ki, bu da idarəetmədən doğur. Qanunlar hamı üçün bərabər işləmir, əsasən hakim elita qanunlara əməl etmir, hətta nazirlər öz fəaliyyətlərində bir çox halda qanunlara texniki qayda kimi baxırlar, qanunun aliliyini gözləmirlər".

İqtisadçı hesab edir ki, əgər Azərbaycanda mülkiyyət toxunulmazlığına təminat olmayacaqsa, insanların mülkiyyəti zor gücünə alınacaqsa, heç bir halda biznesin digər şərtlərinin yaxşılaşdırılması ümumi durumu yaxşılaşdırmayacaq: "Yəni məsələnin təməlində mülkiyyət toxunulmazlığına zəmanət dayanır. Hansı ki, uzun illərdir Azərbaycanda buna əməl olunmur və belə davam edərsə, buznesin inkişafından danışmaq mümkün deyil. Məsələn, istənilən dövlət qurumu sahibkarın obyektində istənilən vaxt yoxlama apara bilməz, bunun proseduru olmalıdır, birinci növbədə, məhkəmə qərarı vacibdir. Deməli, məhkəmə sisteminin müstəqilləşməsinə, icra hakimiyyətinin səlahiyyətindən kənarlaşdırılmasına ehtiyac yaranır. Beləliklə, hüquqi və institusional islahatların əsas qayəsi də burdan keçir. Yəni mülkiyyət toxunulmazlığı, ədalətli məhkəmə sistemi bərqərar olacaq və qanun qarşısında hamının bərabərliyi təmin olunacaq. Bundan sonra insanlar hər hansı münaqişə yaranacağı təqdirdə hüquqlarını müdafiə üçün məhkəməyə müraciət etməli olacaqlar. Təbii ki, bu amillər nəhayətdə insan haqlarının toxunulmazlığına çıxır. Əgər islahatlar sadaladıqlarımı əhatə etməzsə, biznes mühitinin yaxşılaşdırılmasından, xarici investorların vəsait yönəltməsindən danışa bilmərik".

İqtisadçı deyib ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının milli valyuta və banklarla bağlı atdığı addımlar daha çox texniki xarakter daşıyır: "Bu addımlar vəziyyətin inzibati üsulla nəzarətdə saxlanılmasına çalışırlar ki, uzunmüddətliu dövr üçün bunun effektiv olacağını söyləmək mümkün deyil. Təbii ki, böhran zamanı müəyyən inzibati addımlar atmaq olar, amma bunlar getdikcə daha çox prosesin iqtisadi tənzimlənməsinə doğru keçməli və real bazar qanunları üzrə gerçəkləşməlidir. Bir daha deyirəm, Rüfət Aslanlının açıqladığı 4 istiqamət doğrudur, bunlarla razılaşırıq, əsas məsələ atılacaq addımların nə dərəcədə sistemli olacağıdır. Bunun üçün hökumətin cəmiyyətə və iş adamlarına uzunmüddətli yol xəritəsi təqdim etməsi lazımdır. Çünki belə olanda ictimaiyyət hakimiyyətin nəyə hazırlaşdığına əmin olur və hökumətin özünə etimadı da gündəmə gəlir".