VHP-nin Daşkəsən təşkilatının sədri həbs edilib

Nəsimi Qafarov

Atası güman edir ki, o, Elmira Süleymanovanın səfəri ilə bağlı məlumatları mətbuata ötürdüyü üçün saxlanılıb

VHP-nin Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov 15 sutkalıq həbs edilib. Bu barədə Meydan TV-yə 23 yaşlı gəncin atası Elşad Qafarov məlumat verib. O bildirib ki, oğlu 14 iyunda, təxminən gecə 12 radələrində maşını ilə birlikdə polis şöbəsinə aparılıb. Valideyn şöbədə ona işgəncə verildiyini deyir: “Bir nəfər hal şahidi çağırıblar ki, oğlumun üzünə dursun, o da bizə tanış adam çıxıb. Bizə gəlib dedi ki, Nəsiminin burnundan qan gəlirdi. Oğlum məhkəmədə də deyib ki, polislər onu saxlayanda və şöbədə  işgəncələr veriblər”. 

Valideyn deyir ki, oğlu polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunur. “Daşkəsən polis şöbəsinin rəis müavini Zəfər müəllim dedi ki, oğlun mənim maşınımı ötüb keçməyə çalışırdı, ona görə saxlanılıb”.

Z. Qafarov oğlunun həbsinə səbəb kimi onun ombudsman Elmira Süleymanovanın bu yaxınlarda Daşkəsənə səfəri zamanı icra hakimiyyətinin nümayəndələrinin şikayətçiləri içəri buraxmaması ilə bağlı məlumatı mətbuata ötürməsini göstərir.

N. Qafarovun maşını hələ də polis şöbəsinin həyətində saxlanılır.

Nəsimi Qafarov idman müəllimi işləyir. Gəncin üzv olduğu Vətəndaş Həmrəyliyi Partiyası təşkilat sədrinin dərhal azad edilməsini tələb edir : "VHP olayı kəskin şəkildə pisləyir və təcili şəkildə bu özbaşnalığı dayandırmağı və Nəsimi Qafarovun azad edilməsini tələb edir".

Daşkəsən rayon Polis İdarəsindən Meydan TV-yə bildiriblər ki, saxlanılan heç bir vətəndaş haqqında məluamt verməyə ixtiyarları yoxdur: “Bunun üçün DİN-in mətbuat üzrə nümayəndəsi var, ora müraciət edin”.