Bayram Məmmədovla Qiyas İbrahimov ''vicdan məhbusu'' kimi tanındılar

Yalçın İmanov

Yalçın İmanov: "Niyə eyni adekvat reaksiya digər siyasi məhbuslara münasibətdə nümayiş etdirilmir?"

"Amnesty İnternational" Təşkilatı "heykəl məhbusları kimi tanınan Bayram Məmmədov və Qiyas İbrahimovu "vicdan məhbusu" elan edib.

Məlumatı öz Facebook səhifəsində yayan vəkil Yalçın İmanov təşkilatı digər məhbuslara fərqli münasibətinə görə qınayıb: "Bu, çox yaxşı xəbərdi, amma hər yaxşı xəbər də pis xəbərləri yada salır. Niyə eyni adekvat reaksiya digər siyasi məhbuslara münasibətdə nümayiş etdirilmir? İndi kim mənə başa sala bilər ki, ötən ilin dekabr ayının əvvəlindən ağlagəlməz ittihamlarla həbsə atılan Fuad Qəhrəmanlının hələ də" vicdan məhbusu" elan edilməməsinin səbəbləri nədən ibarətdir? "Vicdan məhbusu" kriteriyasına Fuad Qəhrəmanlıdan daha çox uyğun gələn başqa kimsə varmı? Və yaxud Seymur Həziyə münasibətdə anlaşılmaz və izaholunmaz susqunluq nəylə bağlıdır? Və yaxud Murad Ədilov, Məmməd İbrahim, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Qənimət Zahidin qohumları, onlarla mömin dindar hansı mötəbər səbəblərdən diqqətdən kənarda qalır? Dünən Qobustan həbsxanasında Mövsüm Səmədovla görüşəndə bir kəlmə dedi: "Bizim həbsimizdən 5 ildən çox vaxt keçib, amma Avropa Məhkəməsindən bir xəbər yoxdur!"

Bu, nə ayrı-seçkilikdir? Bu, nə ikili standartlardır? Bu, nə "özümünkü", "başqaları" söhbətidir? Bu ayrı-seçkiliyi, ikili standartları yaradan təkcə beynəlxalq təşkilatlardı? Yoxsa məlumatlar doğru ötürülmür, yaxud heç ötürülmür?

Sizin üçün prinsiplər önəmlidir ya adamlar?"