Beynəlxalq QHT koalisiyadan tanınmış musiqiçilərə Formula 1 imtinası

''Əgər həqiqəti söylədiklərinə görə həbsdə olan bu cəsarətli insanlara acıyırsınızsa o zaman dünyaya göstərin ki siz buna laqeyd deyilsiniz və sizin sükutu pulla satın almaq olmaz''

 20-yə yaxın beynəlxalq hüquq-müdafiə təşkilatı tanınmış müğənnilər Enrike İqlesias, Farel Vilyams və Kris Brauna müraciət edərək bu ilin iyununda Bakıda Formula 1 yarışlarının açılış mərasimindən imtina etməyə çağırıb.

“Biz iyunun 19-da Qran-pri Formula 1 yarışlarının açılışında iştirak barədə qərarınızdan çox məyus olmuşuq. Ölkədə insan hüquqlarının acınacaqlı olması ilə əlaqədar sizi Bakı səfərindən imtina etməyə çağırırıq”, - müraciətdə deyilir.

Müraciət müəllifləri Azərbaycanda onlarla siyasi məhbusun – jurnalistlər, blogerlər, gənc fəallar,siyasətçi və din xadimlərinin  həbsdə olduğunu bildirir. Onların günahı hökumətlə razı olmamaqdır. Ölkədə vətəndaş cəmiyyəti iflic vəziyyətindədir, QHT-lər siyasi motivli cinayət işləri ilə üzləşir, jurnalistlər qorxu atmosferində fəaliyyət göstərir, hakimiyyət mediaya nəzarət edir, tənqidi səslərə amansız hücumlar və qətllər cəzasız qalır.

"Siyasi məhbuslar arasında cəsarətli jurnalist Xədicə İsmayılova hakim elitanın korrupsiya əməllərini ifşa etdiyinə görə təqib olunur. Digər jurnalist Seymur Həzi uydurma xuliqanlıq ittihamı ilə həbs edilib. Müxalifətçi lider İlqar Məmmədov həbsdə bir neçə dəfə işgəncəyə məruz qalıb. Gənc fəal İlkin Rüstəmzadə 3 ildən çoxdur ki, həbsdədir. O, "Harlem shake" videosunun yayılmasına görə həbs olunub. Azərbaycan hakimiyyəti Avropa Qran-prisi Formula-1 yarışlarından öz imicini təmizə çıxarmaq və beynəlxalq birliyin diqqətini ölkədə insan hüquqlarının pozulmasından yayındırmağa çalışır. Sizin iştirakın bu məqsəd, avtoritar hökumətin təbliğatı   üçün isitfadə olunmasına razısınız? Sizin musiqi bütün dünyada insanlara səadət bəxş etməlidir. Ancaq Azərbaycanda çıxışınız siyasi məhbusların, həmçinin hüquqları pozulan bir çoxlarının  daha da əziyyət çəkməsinə xidmət edəcək. Biz sizi Bakı çıxışınızı ləğv etməyə və Azərbaycanda insan hüquqlarının pozulmasını açıq şəkildə pisləməyə, o cümlədən siyasi məhbusların azadlığa buraxılmasına çağırmağa səsləyirik. Ötən ilin iyununda Bakıda Avropa Oyunlarının açılışı günündə Monrealda  U2 qrupunun vokalçısı Bononun bəyanatını yada salıram. Bono konkret olaraq Azərbaycanda altı siyasi məhbusun adını açıqladı, onların fotosunu göstərdi və prezident Əliyevə mesaj ünvanladı: “Bizim dostlarımızın birinə nəsə bir şey olarsa bunda sizi məsuliyyətli hesab edəcəyik. Əgər həqiqəti söylədiklərinə görə həbsdə olan bu cəsarətli insanlara acıyırsınızsa o zaman dünyaya göstərin ki siz buna laqeyd deyilsiniz və sizin sükutu pulla satın almaq olmaz”, - müraciətdə deyilir.

Sənədi “Hüquqlar naminə idman” kampaniyasıın koordinatoru Rebekka Vinsent, həmçinin   89up, Articlе 19, CPJ, Freedom Now, Index Censorship,  Helsinki İnsan Hüquqları Fondu, İnsan Haqları Evi Fondu, Beynəlxalq İnsan Hüquqları Federasiyası  (FIDH), Norveç Helsinki Komitəsi, Ümumdünya İşgəncələr Əleyhinə Təşkilat   (OMCT) və digər qurumların nümayəndələri imzalayıblar (''Turan'' IA).