Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçisini günahkar çıxartdı

Həbib Müntəzir: ''Mənə 1110 işarə ayırıb, şəhidimiz polkovnik-leytenant barədə 149 işarəlik bəyanat vermək isə ayrı bir biabırçılıq və səriştəsizlikdir''

Müdafə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır.

Bəzi KİV isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil: ““Həbib Müntəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri feysbuk statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.

Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır”.

Məlumatda qeyd olunur ki, həqiqətdə isə təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Meydan TV bəyanatda adıçəkilən Həbib Müntəzirlə əlaqə saxlayıb.

Həbib Müntəzir
Həbib Müntəzir

Həbib Müntəzi bildirib ki, Müdafiə Nazirliyi çox ləng işləyir və ya bilə-bilə şəhidləri xalqdan gizlədir: "1-5 aprel hadisələrinin üzərindən iki həftə keçməsinə baxmayaraq hələ bircə nəfər şəhidimizin adı-soyadı dərc olunmadı, bu barədə rəqəmlər tam açıqlanmadı. Düşmən tərəf isə hər gün Facebook sosial şəbəkəsində öz itkilərinin adı-soyadı, fotosu və ev ünvanına qədər yazır ki, insanlar, yaxınlar gedib dəfndə iştirak etsinlər. Bizim MN bu yaxında sosial şəbəkələrə təşrif buyurduğu üçün nə qədər ləng və bacarıqsız olduğunu sübut etmişdi. Amma ictimaiyyətdən məlumatları gizlətməklə, xalqımızı düşmən mətbuatının ümidinə qoymaqdansa, yaxşı olar ki, mütəmadi və çevik şəkildə (mən yazıb, yaydıqdan sonra yox) bəyanatlar versin. Həbib Müntəzirə 1110 işarə ayırıb, şəhidimiz polkovnik-leytenant barədə 149 işarəlik bəyanat vermək isə ayrı bir biabırçılıq və səriştəsizlikdir".