Nazlı Ağayeva
Nazlı Ağayeva

Qürur kəpənəkləri

İsmayıl dayı yaşının ixtiyar çağında imkanlı adamların həyət-bacasında işləyib böyük bir ailəyə baxır. Himayəsində otuz ildən artıq ruhi dispanserin pasiyenti olan bacısı da var, qəriblikdə başına bir şey gələr deyə yığışdırıb evinə gətirib. Ağır psixoloji davranış durumu bütün sənədlərində əks olunan xəstəyə pensiya vermirlər. Yəqin hökumət rəsmiləri əlindən bir qəza çıxmamış vətəndaşın ruh halını pensiya üçün yetərli hesab etmirlər. Sözüm onda deyil, sadəcə mətləbə çatıb deyə bilmirəm ki, İsmayıl dayının siyahısına təsadüfən mən də düşmüşəm.

Bizim həyətin səliqə-sahmanı əsas bölgüdən artıq qalan vaxta düşür. Həmin o dar-macalda çay içə-içə söhbət edirik. Məmur “xozeyinlər” sayıb onunla üz-üzə oturmasalar da, İsmayıl dayı onlara xüsusi dəyər verir. Məsələn, hansısa “o boyda kişinin” arvadının ona bir neçə dəfə öz əliylə çay süzməsindən, işini bitirib gedərkən yoldan onu da dayanacağa qədər “CİP”ə götürməkləri kimi olaylardan çox təsirlənir. Mən onlardan olmadığıma görə təsir dairəsinə düşmürəm. Amma özümü yaşlı adamın kəsdiyi quru budaqları daşımaqdan, onun zədələnmiş barmağını sarımaqdan, xəstə bacısının pensiya sənədləri ilə bağlı məktublar yazmaqdan saxlaya bilmirəm. Çox istiqanlı adamdır İsmayıl dayı, danışdıqca elə bilirsən Mirzə Cəlilin sadəlövh personajları kitabdan çıxıblar.

***

Sovet vaxtı kolxozda çobanlıq edirmiş, həyat yoldaşı isə fermada sağıçı olub. Günlərin birində işini bitirib evə gedən sağıcı gəlinə lafetdən yem taylarını boşaltmaq göstərişi verilir. Ona aid olmayan işə görə xəstə uşağının yanına gecikə bilməyəcəyini bildirib yoluna davam edəndə arxadan müdirin təhqirlərini eşidir. Sakitcə qayıdıb süd vedrəsini onun üzünə çırpır. Çaşqın müdir qəzəblənib daha ağır sözlər deyir. Gəlin dolu süd bidonunu yerə boşaldır. Növbəti təhqirə növbəti qab yerlə bir olur...

Səhər işə getmir. Dalınca göndərilən adam yanı boş qayıdanda arvadını tənbeh etdirmək üçün sahədən İsmayıl dayını gətizdirirlər. O da arvadını fermaya göndərə bilmir. İkinci belə sağıcı olmadığından kolxozun süd planı sürətlə enməyə başlayır. Onda gəlinin südü qəsdən dağıdaraq dövlətə ziyan vurduğu barədə yuxarıya məlumat verirlər.

Rayondan gələn “böyüklər” məsələni “operativ” həll etmək üçün fermada açıq iclas keçirirlər. Gəlini və şahidləri dindirib səbəbkarı o ki var danlayırlar. “Ürəkləri soyumayıb” işi rəsmiləşdirmək məsələsinə gəldikləri zaman gəlin təklif edir ki, şikayətini geri götürə bilər, bir şərtlə, hər kəsin qarşısında ondan üzr istənilsin. Müdir sevincək yaxınlaşıb “sənə söylədiyim hər kəlmə evimin qadın qisminə getsin,”- deyə gəlinə yaltaqlanır. Maşallah, adamın çöl işindən uzaq gözəl-göyçək arvadı, gənc qızları varmış...

Hərçənd bu hamar tablonun görünməyən tərəfində qonaqların o gün həmin o müdirgildə açılmış süfrədə sağlıq deməkləri var. O müdirin qonaqların diqqətindən “yayınıb” xidmət maşınının yük yerinə sayılı “karobka” yerləşdirməkliyi var. Və məlum səbəbdən dağılan südün dəyərinin hər ay həmin gəlinin əmək haqqından tutulmağı var. Amma bütün bunlar o üsyankar gəlinin ləyaqət savaşındakı qələbəsinə kölgə sala bilmir.

Düşünürsən, belə sadə nümunələr varkən niyə o vaxt-bu vaxt içimizdəki qorxaqlıq, itaətkarlıq, yaltaqlıq mərəzindən qurtula bilmirik? Mayası haramla yoğrulub “bərəkəti” alçalmaqdan gələn cazibəli həyatlara bunca hayıl-mayıllıq hardandır? “Müəllim”, “cənab”, “şef”, “patron” və sairə adlanan vicdanı xədim sürünün qabağında kişiliyimizi, qadınlığımızı unutdurub bizi köləyə çevirən nə sirri-xudadır? Bunun bir loxma çörək və yaxud işdən qovulmamaq naminə edildiyi ehtimalı elə ehtimal olaraq qalır. Çünki ölkədə bu gün yoxsulluq və işsizlik çoxdan həyat tərzinə çevrilib və daha bu səbəblər mənliyini tərəziyə qoyub qulağına birka vurdurmağa haqq qazandırmır.

Yeri və zamanı gəlmişkən...

Müstəqil ölkənin əcnəbiləşmiş “ağ”otelində qara fəhlə işləyən tanış qadın şefinin davamlı töhmətlərinə, haqsız aşağılamalarına dözməyərək işdən çıxmaq ərizəsini verib. Rəhbərlik və personal heyrət içindədir. Belə “boş şeylərə” görə o cür işdən ayrılmaq olarmı? “O cür iş” sərt rejimdə ayağına su gələnə qədər işləyib daim məmnun görünməkdir. Vətənimizdə “yaxşı maaş” küçəyə tökülməyib, amma boğmaya dönən o loxma da hər boğazdan keçmir.

Şef maddi durumunu əzbər bildiyi yaşlı işçisinə “ümidvaram bir ay keçməz divar kağızlarınızı satarsınız” deyə xeyir-dua verib. Nə etməli, artıq yalan-gerçək üzr istətdirəcək yuxarılar mövcud deyil, sadəcə insanın insanın içinə tökülən səssiz haraylar və dilsiz mühakimələr var. Əsas ki, peşmanlıq yoxdu. O güclü qadın kirli küçələri süpürüb yenə evini dolandıracaq, təki hər fürsətdə əzilməsin, sınmasın.

Sərbəst və azad cəmiyyət istəmirdik? Az qalıb...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.