Nazlı Ağayeva
Nazlı Ağayeva

Çörəyə çıxanlar ölkəsinin Maksim Qartalı

Qəbələ Qutqaşın olan vaxtdan son illərə qədər hər kəsin “Qartal” və yaxud “Maksim” kimi tanıdığı şəxs rayonun simvollarından birinə çevrilmişdi. Zəif vücudlu adam o vaxt “raykom”, indi “icra hakimiyyəti” adlanan binanın qarşısında dayanıb içəridəkilərə xitabən xalqa qənim kəsilən məmur sinfinə aid “monoloqlar” söyləyərdi. Psixoloji problemləri olduğunu deyirdilər, amma o binadan savayı heç yerdə səsini qaldırdığını eşidən olmamışdı. Həyəcandan avazımış üzünün ifadəli cizgiləri onu klassik ədəbiyyatın faciə qəhrəmanlarına bənzədirdi. Hökumətin pəncərələrinə çırpılan acı həqiqqətləri qulaqardına verənlərdən fərqli olaraq bizim romantik nəslin günləri Qartalın zülmə tuşlanan barmağı ilə açılırdı.

İndiyədək buraların ən yumşaq tikanı sayılan sabiq başçı Əlibala Məmmədov günün birində hakim zümrəyə topdan lənət yağdıran adamı yanına gətizdirir. Ölkənin çətin durumundan, ümumi dolanışıqdan söz salıb onun zəif damarını tutmağa çalışır. Tapşırır ki, o saatdan başlayaraq idarənin bufetindən özünə ayrılan çörəklərin yarısını hər gün Qartala versinlər. O da çörəyini alıb dinməzcə evinə getsin. Qartal xüsusi olaraq məmur zümrə üçün bişirilmiş təzə çörəklərə baxıb “bəs xalq?” deyərək kabinetdən çıxır. Ertəsi gün öz ampulasında növbəti “mitinqinə” davam edir.

***

Bir dəfə yolumuz icra hakimiyyəti tərəfdən düşəndə anam binanın qarşısında “çıxış edən” Qartalı görüb heyrətlə üzümə baxdı. Evə çatan kimi bildiklərimi ona danışdım, çörək məsələsinə çatanda ala gözləri doldu. Üstündən bir gün keçmiş əlindəki işi kənara qoyub bərkdən mənə səsləndi:

– Allah o Qorkiyə kömək olsun! Lap əcəb eləyib payını verir qansızların.

Qorki hardan çıxdı? Aramızdan bu kəlmə keçməmişdi. Mənim ipək anam niyə belə əsəbiləşib? Həmişəki kimi qılığına girib dilindən “söz almağa” başladım. Alagöz bacı dünəndən gizlin-gizlin Maksimin xiffətini çəkirmiş. Görünür, Maksim yaddaşında Qorki kimi qalıb. Çünki sovet vaxtı yalnız iki-üç aylıq “savad kursu” keçən anam çətinliklə də olsa kitab oxumağı çox sevərdi. Günlərlə, aylarla oxuduqlarının təsirindən çıxa bilməzdi. O da ola, bir şəhərdə yaşadığımız canlı obraz… Ab-havanı yüngülləşdirmək üçün ona şitəndim:

– Alagöz bacı, görürəm “Qorki” yadından çıxmır, mən də gedim durummu o biri pəncərənin qabağında?

Anamın səsi elə bil çox-çox uzaqlardan gəldi:

– Sən elə həmişə ordasan da, a bala…

O uzaqları tanıyırdım deyə kirimişcə öz guşəmə çəkildim.

Ölkədə vəziyyət dəyişdikcə fiziki gücü azaldımı, yoxsa şəraitin sərtləşdiyini duydumu, artıq bizim Qartal hökumət evinin qarşısında görünmədi. Amma ikicə kəlməlik “bəs xalq?” aforizmi hətta onu tanımayanların əzbərinə çevrilmişdi. Əsli qəbələlilər yaxın dövrin Qartalını-Maksimini sevirdilər.

Xeyli illər keçdi. Bir gün çayxanadan tələsik xəbər verdilər ki, Fəttah Heydərovun vergi idarəsindəki seçki şəkillərini cırdığına görə Qartalı üzü-gözü qanlı polisə aparıblar. Qəbələnin o zamankı polis rəisi nehrəmli Məhərrəm Əliyevlə münasibətimiz normal idi. Amma mövzu Qartal olduqda kimsənin qarşısında nəzakət borcum qalmırdı. Rayondakı “naxçıvan klanı” barədə birnəfəsə “ürək sözlərimi” çatdıranacan gözləyən rəis nəhayət deyə bildi ki, Qartalı nehrəmli polislər deyil, ərazi vergi idarəsinin yerli rəisi vurub. Pərt olsam da, növbəti arqumentə keçdim:

– Siz də vuranı deyil, vurulanı içəri atmısız.

Rəis xəttin o başından qəhqəhə çəkdi:

– Yenə yanlış informasiya… Polis olsaq da, Qartalı qəfəsə salmaq qədər abrımızı itirməmişik. Üzünün-gözünün qanını təmizləyib arxa qapıdan “uçurtduq” sizin Qartalı. Çatdırın, bir-iki gün yola-irizə çıxmasın.

Vergi rəisi könüllü qoçuluğundan əlavə Qartalın seçki təbliğatını təhqir etdiyinə dair rəsmi məlumat veribmiş. Nazir-deputat heydərovlardan xal qazanmağa hesablanmış addım pulu xəzəl kimi yığan adama o yolda daha böyük şanslar qazandıracaqdı. Başqa heç nə! Bu yaxınlarda bir çay süfrəsində qəfil, vaxtsız ölüm xəbərini elə qəfil aldığım təzadlarla dolu Məhərrəm Əliyev isə ürəkdən gedibmiş. Allah rəhmət eləsin. Biz də xatirələrimizin Qartalına, Maksiminə qayıdaq…

***

Ehtiyac içində yaşayan Qartal iradəsini çörəklə sınağa çəkən şeytana uysa söz haqqını itirəcəkdi. O isə yalnız özünün deyil, hər kəsin haqqını tələb edirdi. Bu da var ki, Qartalın o boyda hökumətə qarşı tək çıxması anormal görünə bilərdi. Hətta adamın tibbi cəhətdən az-çox ruhi xəstəliyi ilə də razılaşmaq olar. Amma əgər ruhi xəstə “bəs xalq?” deyə özünün, ailəsinin boğazından keçəsi loxmadan imtina edirsə, onda ruhi sağlamlar kimlərdir? Ölkəni məhlə-məhlə, rayon-rayon, şəhər-şəhər talayıb doydum deməyən təpəgöz, harın toplummu? Özündən yarım pillə yuxarının qabağında vicdanı susub nəfsi danışan, haqqı tapdayıb nahaqqa səcdə edən yaltaq, satqın, əzik dəstəmi? Deməli, nəticə olaraq varlı da, kasıb da, işçi də, işsiz də, düzgün də, pozğun da gündəlik çörəyə çıxır. Bu siyahıdan neçə nəfər “bəs xalq?” deyən tapılacaq? Və “bəs xalq?” deyən mütləq “ruhi xəstə” olmalıdırmı?

Qartalı anlamaq üçün koramal olmamaq kifayətdi…

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.