Orxan Adıgözəl
Orxan Adıgözəl

Canlı ölülər

Bu yaxınlarda qrup halında psixoloji terapiyaya qoşulmuşdum. Orda təxminən on nəfərdən çox insan iştirak edirdi. Aralarında müxtəlif sosial qruplara malik cürbəcür adamların olduğu toplantıda psixoloq bizə özümüzlə bağlı suallar verdi. Ancaq ilk baxışda sıradan görünən suallar, iştirakçılara çox ağır gəlməyə başladı. 

Misal üçün, psixoloq təqdimat xarakterli müsahibədə özümüz barədə bir neçə fərqli özəlliklər sadalamağımızı xahiş etdi. Əslində o, standart təqdimetmə olmasın deyə belə yanaşma elədi. Bununla özümüz haqda yadda qalacaq, fərqli məlumatlar verməyimizə şərait yaradılmışdı.

İştirakçılara söz verildi. İlahi, mən dəhşətə gəldim. Adamlar özləri haqda beş-altı cümlə işlədə bilmədilər. Əlbəttə, bir-neçə iştirakçı istisna oldu. Onlar nə istədiklərini bilən şəxslər idi.

90 faiz isə nə özlərini ifadə edə bildi, nə də ki, iki sözü bir araya gətirib danışa bildilər. Elələri də oldu ki, hətta açıq-aşkar suallara cavab verə bilmədiklərini söylədilər. Terapiya davam etdiyi müddətdə həmin iştirakçılar gözlərini döyərək ya ətrafa, ya da hansısa məchul nöqtəyə baxaraq vaxt öldürürdülər. Onların gözlərinə diqqətlə baxdım. Həmin nəzərlərdə mütilik vardı.

Bu acizliyi görmək məni çox üzdü. Hətta kouçinqlə bağlı bir başqa təlimdə də təlimçinin ''sizin üçün həyatın mənası nədir'' sualına əksər iştirakçılar düz-əməlli cavab verə bilməmişdilər. Hətta gənc bir qızın cavabı lap biabırçı idi: "Nə bilim?! Allah yaradıb, yaşayırıq da...''

Bu ölkədə o suala eyni cür cavab verən milyonlarla insan var.
50-60 yaşı olan kəslər var ki, onlar niyə yaşadıqlarını bilmirlər. Onlar üçün həyat - yemək süfrəsi, tualet və yataq otağı “üçbucağından” ibarətdir.

Açığı dünya əhalisinin böyük əksəriyyəti bu gün o vəziyyətdədir. Onlar bioloji həyat sürürlər. Əsas funksiyası qidalanmaq və çoxalmaq olan həmin kəslər öləndən sonra torpağa qarışıb bioloji tullantıya çevrilirlər. Bəli, məhz bioloji tullantıya! Bu ifadə məna etibarı ilə sərt görünə bilər, ancaq reallıqdır.

Bir insan nə üçün yaşadığını, nə istədiyini bilmirsə, onun heç bir hədəfi yoxdursa, ən əsası özünü tanımırsa, deməli, onun yaşadığı həyat sırf bioloji həyatdır. Onlar mənə gəzən canlı ölüləri xatırladırlar. Halbuki insana azadlıq və iradə verilib. Onun seçim etmək və duyğularını idarə etmək kimi mükəmməl imtiyazları var.

Duyğuları idarə edə bilmək – müasir psixologiyada buna “emosional intellekt”-yəni, “EQ”(“i-kyu” oxunur) deyilir.

Emosional intellekt nədir?

Emosional intellekt – insanın özünün və başqalarının duyğularını tanıma və onları idarə edə bilmə bacarığıdır.

Bizim hər birimizdə emosional intellekt adlı qeyri-maddi nəsnə var. Bu nemət ilə biz davranışlarımızı tənzimləyə, çətin situasiyalarda mövqe göstərə və müsbət nəticə verə biləcək qərarlar verə bilərik.

Emosional intellekt - insan davranışının fundamental elementidir və intellektdən fərqlidir. “İQ”(“ay-kyu” kimi oxunur) ilə emosional intellekt arasında əlaqə yoxdur. “İQ”- ifadəsini yəqin ki, bir çoxunuz eşidərsiniz. İQ – intellekt əmsalı sayılır.

Bəs intellekt əmsalı nədir?

İntellekt əmsalı - (ingiliscə - intelligence quotient –“IQ") insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Buna idrak əmsalı da deyilir.

1995-ci ildə çap olunan “Emosional intellekt” kitabının müəllifi Daniel Qoulmenin fikirə görə, parlaq intellektual göstəricilər o qədər də emosional həyata təsir göstərmir. O, iddia edir ki, yüksək zəka səviyyəsi heç də həyatda 100 faiz uğura təminat vermir. Müvəffəqiyyətə bir çox amil təsir edir, ancaq bunlardan ən vacibi - emosional intellektdir.

“TalentSmart” şirkətinin araşdırmalarına görə, ən yüksək nəticə göstərən işçilərin 90 faizinin emosional intellekt səviyyəsi yuxarıdır. Bundan başqa, “EQ” istənilən peşədə uğurun 58 faizini təmin edir. Nəhayət, emosional intellekt səviyyəsi yuxarı olan peşəkarlar, digər insanlara nisbətən, 50 faiz daha çox pul qazanırlar.

Belə insanlar əsəblərini və nəfsini cilovlamağı bacarır və harda nə addım atmaq lazım olduqlarını bilirlər. Həmçinin onların müəyyən olunmuş hədəfləri olur və özlərini həmin hədəflərə çatmağa da motive etməyi bacarırlar.

Mən hamıdan şəxsi əxlaq nümayiş etdirməyi, ideal düşüncə tərzi sərgiləməyi gözləmirəm, yox. Belə bir gözləntinin səfehlik olduğunu anlayıram. Bu halın yaşanması bəlkə də bir növ utopiya və fantastika olardı. Ancaq bütün hallarda bilgini ötürmək, informasiyanı yaymaq, insanların niyə yaşadıqlarını onlara xatırlatmaq lazımdır.

Fikir verin, ətrafımızdakılar haqqında geninə-boluna saatlarla danışa, onların davranış və xarakterlərini yorulmadan müzakirə edə bildiyimiz halda özümüz barədə çox az məlumatlıyıq. Səthi məlumatlar xaric, daxili dünyamız barədə çox az xəbərdarıq. Özümüzə çox az, bəlkə də heç suallar vermirik.

"Niyə yaşayırıq?", "bizi nələr xoşbəxt edə bilər?", "həyatın mənası nədədir?" və s.

Bu suallara tapacağımız cavablar həyatımızı qatı bioloji təzahürlərdən təmizləməyə yardımçı olacaq. Biz şübhələrimizi aydınlaşdırdıqca, suallara cavab tapdıqca, həyat bizə daha da rəngarəng görünməyə başlayacaq. Ola bilsin ki, biz o həqiqətlər içində çoxlu sayda iyrənc, idbar şeylərlə də qarşılaşacağıq. Həmçinin bunlar bizə ağır və ağrılı gələcək, hə, ancaq həqiqəti biləcəyik. Həqiqət isə müqəddəsdir və çox yüksəkdədir.

Qəlbimizə, daxilimizə nüfuz etsək, orda çox şeyi tapacağıq.

 Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.