Nazlı Ağayeva
Nazlı Ağayeva

Qadın

Təxminən əlli yaşlarında yaraşıqlı, mehriban qadın pilləkəndə oturub gözlərini həyət qapısına zilləmişdi. Payızın çiskinində dizlərini qucaqlayaraq özünü isitməyə çalışan “nənənin” xəyalı iyirmi il əvvəlin qızmar yayında dolaşırdı. O qapıdan ilk dəfə içəri keçdiyi gün də həyəcandan beləcə üşütmüşdü.

Yaxın illərə qədər onun vəziyyətindəki qızların əsil faciəsi valideynsiz qaldıqları vaxtdan başlayırdı. “Qarımış”, “evdə qalmış” etiketiylə doğma ocaqda təklənmək, qardaş ailəsində daimi mübahisəyə, dava-dalaşa bəhanə olmaq, hər fürsətdə qəlbi qırılmaq faciənin “normal” tərəfləriydi. Üstəlik evin bütün qara işlərini görə-görə bir loxma çörəyin, bir əyin paltarın töhmətlisinə çevrilmək əzabı da vardı. Eyni taleyi yaşayan belə qızların hamısı bu əzabdan qurtulmaq üçün uğurlarına çıxan ilk qismətə sığınıb ata evini tərk edirlər. Seçdikləri məchul yolun sonu həmişə nağıllardakı xoşbəxt sonluqla bitməsə də, hər halda bəxtlərini sınayırlar.

O qızın qarşısına da günlərin bir günü canısulu, dul bir kişi çıxdı. Arvadı qəfil vəfat edən adam dörd uşaq atasıydı. Təxminən otuz yaşlarında bişmiş-düşmüş qız axtaran məmuru çox gözlətmədilər. Bir həftənin içində “xeyir-dua”sını verib öz könlüylə gəlini ər evinə yolladılar.

Qalstuklu, qovluqlu müdir ilk vaxtlar onunla anlayışlı davranırdı. Qayğıya, baxıma qəribsəmiş uşaqlar da təzə “analarına” tez isnişdilər. Qardaşı uşaqlarına baxa-baxa analığın sirlərini yaxşıca öyrənmişdi. Zəhmətkeş, mülayim təbiəti və daim güzəştə getmək vərdişi onu az vaxtda hamıya sevdirdi. Ən böyük arzusu sahib olduğu yarımçıq yuvanı sonacan qurmaqdı. Az vaxt ərzində o yuvanı qurdu, hələ o yuvadan ilk qaranquşu – evin yeganə böyük qızını bütün dəstgahı ilə gəlin köçürtdü də.

Həmin o xoşbəxt günün axşamı mədəsi, ürəyi bulananda son günlərin çabalarına yozdu. Halı nə qədər pis olsa da, məclis vaxtı xəstələnmədiyinə sevindi. Amma əsil sevinmək qabaqdaymış... Əli ağzında həyətdən qayıdanda qayınanası birdən sözlü-sözlü ona baxıb soruşdu:

– Bəlkə “ilişmisən”, a gəlin?

Əvvəl çaşıb qaldı, birdən nəsə anlayıb özünü balaca otağa atdı. Qarşıdakı güzgüdən ona təravətini itirməmiş xoşbəxt bir qadın baxırdı. Küçədən qara “Mersedes”in siqnalını eşidən kimi özünü toxtadıb həyətə qaçdı. Ağır darvazanı açıb ərini qarşıladı. Son vaxtlar əlindən telefon düşməyən sarışın kişi etinasızlıqla yanından keçib eyvana qalxdı.

Həyətdəki son axşam işlərini görən qadın ona haqq qazandırmağa çalışırdı: “O boyda idarəni saxlamaq asan iş deyil ki. Doğrudur, mən də toyuq-cücəyə, mal-qaraya baxıb evin xərclərini yüngülləşdirməyə çalışıram. Amma bu hara, o hara? Yaxşı ki, anasını getməyə qoymadım. Görüb heç olmasa bir az eyni açılar”.

Ürəyində danışa-danışa qalxıb evə keçmək istəyəndə əri sinəsindən geri itələdi. Qəfil hərəkətdən özünə gəlməmiş biləyindən yapışıb qəzəblə soruşdu:

– Anam nə deyir?

Qadın əlini qeyri-ixtiyari qarnının üstünə qoyub pıçıldadı:

– Bilmirəm, nə deyir ki?

– Əlinin altındakını!

Eyvandan sonbeşik oğlan nəsə soruşurdu. Qadın udqunub özünü çölə atan kimi kişinin açıq telefonundan hökmlü səs püskürdü:

– Bəs deyirdin “xala” ilə aranızda heç nə yoxdur? Bu yaşda “pampers” almayacaqsan hər halda.

– Əlbəttə, ürək. Günü sabah uşağın maşınında anamla göndərəcəm, qoy gedib rədd etdirsinlər.

– Görək də, əlindən bir şey gələcəkmi...

– Görəcəksən, hər şey istədiyin kimi olacaq!

Artıq bir adamlıq olmuş yataq otağında üz-üzə oturmuşdular. Qadın axşamlar o qədər yorğun olurdu ki, dincini almaq üçün yanında uzandığı sonbeşik oğlanın çarpayısındaca yuxuya gedirdi.

Bu axşam yenə ayaqları sızıldayır, beli-buxunu qırılırdı. Üstəlik gərginlikdən dili-ağzı da qurumuşdu. Nikahlı ömür-gün yoldaşının olayı belə sərt qarşılayacağına inana bilmirdi. Hətta indicə onu sakitləşdirib bayaqkı söhbəti unutduracağını gözlədiyi anda ərindən ültumatum gəldi:

– Sabah ya həkimə get, ya da qardaşının evinə qayıt!

Üzə vurmasa da, qayıtmaq variantının onun üçün nə demək olduğu açıq-aşkar ortadaydı. Hərçənd ərə gələndən sonra münasibət dəyişmişdi. Amma əgər sabah doğulmamış körpə ilə ora qayıdası olsa... Özü bir yana, doğulacaq varlığın halını düşünəndə dəhşətə gəldi. Mərhum ata-anası ona doğulduğu yuvada xırdaca bir pay qoymamışdı. Bir loxma minnətsiz çörək qazanmaq üçün əlində bir sənəti də yoxdu. Bu tərəfdən nəsə ummağa dəyməzdi. Çünki son vaxtlar ərində ona qarşı anlaşılmaz bir nifrət yarandığının fərqindəydi.

Artıq yadlaşmış yatağın üstündən qalxıb qapıdan çıxdı. Böyük otaqda yatan sonbeşik oğlana sarılıb gözlərini qaranlığa zillədi. Bundan sonra getməyə ünvanı yox idi, qalmaq üçün isə sadəcə cəhənnəmi olacaqdı. Ahıl heyranını məharətlə idarə edən “körpə ürəyin” istəyini qüvvəyə mindirən kişi isə rahatca xoruldamağa başladı.

Səhər tezdən qaynanasının səsini eşidən qadın bircə günlük xəyallarının puç olduğunu anlayana qədər qara “Mersedes” oğru kimi qapıdan sivişib yox oldu. Bir az sonra “üzürlü səbəbdən”dən işdən ayrılmış əlidolu məmur “körpə”məşuqəsi ilə “şampan” köpükləndirirdi.

Başqa bir ünvanda bitmiş zamanla məkan arasında çarəsiz, tənha bir qadın dünyadan üzdüyü heysiz əllərini sinəsində çarpazlayıb bütün varlığı ilə xəstəxana tavanına “köçmüşdü”.

***

İllər keçdi, o qadın dünyaya gətirmədiyi dörd övladın sevgisinə köklənib yenidən həyata tutuldu. O qarşılıqlı böyük sevgi o qadının yaralarına məlhəm oldu. İçindəki çarəsizliyi, ümidsizliyi, asılılıq xofunu öldürdü və onu toxunulmaz, möhtəşəm anaya çevirdi...

P.S. Xoşqədəmlə Zaura yapışmış cəmiyyətin yaxşı ki, o gerçək analardan və övladlardan xəbəri yoxdur.