Nazlı Ağayeva
Nazlı Ağayeva

Anam, səyyar telefonçu və daimi insanlıq…

Anamdan mənə qalan yeganə miras qara kəlağayıdı. Şəkidən almışdım. Köhnələri geyinib onu “əzizləyərək” xeyrə-şərə caxlayıırdı ki, rəngi solmasın. Yəni, qız yazıqdı, evə baxır, kənddəkilərə əl yetirir, kirayə ödəyir, üstəlik bir də gündə paltara pul xərclənməsin mənasında. Həmin o “gündə” deyilən hadisə isə təxminən iki ildən bir dəfə olardı. Özünün pensiyasını ikimizin də yüksək razılığı ilə kənddə ailə sahibi olan qardaşıma həvalə etmişdik.

Özündən sonra kəlağayını anamın hər kəsə açıq sandığından yalnız havaya verməyə çıxardıram. Bu günlərdə “yolum” sandığa düşəndə kəlağayını götürüb çiynimə saldım. Eynən anamdakı kimi ağ saçlar və qara kalağayı...

Ondan çox yazmağımın səbəbi ana obrazı yaratmaq deyil, sadəcə unuda bilməməyimdir, unutmaq istəməməyimdir. Gündəm olmadığını anlayıram, yorucu ola biləcəyini də. Amma fürsət tapan kimi əbədi mövzuma qayıdıram.

***

Yaxın-uzaq hara gedirdimsə, qalmamağa çalışırdım. Gecə yol gəlməyimə razı olmazdı, yalnız evə çatandan sonra xəbər tutub danlayardı məni. Bununla belə, özümü evə çatdıra bilməyəndə bütöv canım yanında qalardı.

Doxsan beşinci ilə doğru ölkənin şəhərlərində səyyar telefon xidməti vardı. Küçələrdə adamları böyük əl telefonu ilə danışdırardılar. Bir payız axşamı köhnə Sumqayıt avtovağzalının tinindəki belə yerdən evimizə zəng vurub anama gələ bilməyəcəyimi xəbər vermək istədim. “Telefonçu” gənc dəfələrlə yığsa da, evdən cavab ala bilmədik. Axşamın soyuğunda anam harda ola bilərdi? Canımı qorxu aldı. Bir dəfə qazı çoxaldanda əlini yandırmışdı, başqa bir dəfə yıxılıb ayağını əzmişdi. Hərçənd bütün bunlar “gizli xəsarətlər” sıyahısındaydı. Guya əlinin damar-damar üstündəki suluqlardan, ayağına qəfil güc düşəndə üz-gözünü necə turşutduğundan xəbərim olmurdu. Hətta pərt olmasın deyə səsimi çıxartmayıb “təsadüfən” yanıq dərmanı alardım. Əzik yerlər barədə işdə öyrəndiyim türkəçarələrdən söhbət salardım. Beləcə hər şeydən, hamıdan qoruya-qoruya, nigaran qala-qala qərib ocaq başında bir-birimizi yaşadardıq.

O gün də gözləyənlərə haqsızlıq olmasın deyə bir az kənarda dayanıb bir də yaxınlaşdım. Yaraşıqlı gənc nömrəni yenə yığıb səbirlə gözləməyə başladı. Cavab olmadı. Yenidən təkrar-təkrar yığdı. Evdən səs-səmir gəlməyəndə anamdan nigaran qaldığımı, onun məndən nigaran qalacağını qarışdırıb nəsə deyərək çarəsizcə uzaqlaşdım.

Həmin uzun gecənin səhəri tezdən rayona çıxdım. Özüm cəhənnəm, əsas onun durumu idi, “dəli qız” kimi gecəyarısı gəlməklərimə öyrənmiş adam səhərə qədər yata bilməzdi. Qəribə olsa da, evə çatanda anamı rahat, gümrah gördüm. “Yaxşı ki, gec də olsa xəbər eləyə bildin, a bala”, deyəndə key-key üzünə baxdığımı görüb təfsilatı danışdı. Qonşunun uşağı dəstəyi düz qoymayıbmış, ev sahibəsi bizdən zəng vuranda telefon “düzəlib”. O saatca telefona zəng gəlib və bir oğlan mənim gələ bilməyəcəyimi çatdırıb. Üstəlik ona özündən muğayat olmasını da xahiş edibmiş, özü də çox istiqanlı uşaq imiş, çünki axırda “qızınız sizi çox sevir” deyibmiş...

Sonralar yolum düşəndə o gəncə özümün və anamın minnətdarlığımızı çatdırdım. “Hər kim olsa eynisini edərdi, əksinə, siz sağ olun ki, mənə belə imkan verdiniz”, deyib söhbəti qısa kəsdi. O vaxtdan gecələr evə apardığı telefonla bizə zəng vurub hal-əhval bilərdi. Ədəbiyyatdan, siyasətdən danışıb yorulanda mənim anamın, onun nənəsinin təbii yumorları ilə dincələrdik. Küçədə qəpik-quruşa adam danışdıran ali təhsilli “telefonçunun” elə dolğun mənəvi dünyası vardı ki, onunla hər söhbətdən sonra bir az böyüdüyümü hiss edərdim.

Ta o vaxta qədər ki, getdikcə ağırlaşan həyat şərtləri insanları hara gəldi, necə gəldi atdı və biz o gənclə birdəfəlik ayrı düşdük. İllər keçincə bir neçə uğursuz cəhddən sonra daha onu soraqlaşmağa halım olmadı. İntəhası başıma gələn faciələrə baxmayaraq içində anam olan o gözəl əhvalatı heç unutmadım.

***

Bu yaxınlarda çox qəribə bir təsadüf qarşılaşdırdı bizi. Adam kövrək təbəssümlə ona iyirmi neçə il əvvəl kitab bağışladığımı söylədi. Əlim, ərkim çatan hər kəsə kitab vermək köhnə adətim idi. Bəs bu təvazökar, suyuşirin şəhər adamını hardan tanıyırammış? Birdən gecələr evimizə dolub bizi darıxmağa qoymayan səmimiyyət dolu o səsi xatırlayıb uşaq kimi ağlamaq istədim. Səs-küylü çayxanada, lap elə oturduğumuz stolda kimsə o anlarda yaşadıqlarımı duya bilməzdi. Çünki ciddi adamlar belə “nağıllara” əhəmiyyət vermirlər...

“Telefonçu” dostum barəmdə hər şeyi öyrənibmiş. Anamı itirdiyimə çox üzüldüyünü gördüm. Çünki anama necə bağlı olduğumu bilirdi. Kaş ki, həyata necə bağlı olmadığımı bilməyəydi...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.