Nazlı Ağayeva
Nazlı Ağayeva

Dünya bir mehmanxana...

80-ci illərin Qutqaşın rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdum. Sağalma dövrünü palatadakı yaşıdımla bərabər ikinci mərtəbənin pəncərəsindən böyük dünyaya baxmaqla keçirirdik. Bir gün romantik seyrimizin şirin yerində xəstəxana hər tərəfdən milislərlə (onda hələ polisə keçməmişdik), təcili yardımlarla, mülki avtomobillərlə əhatəyə alındı. Hamı vahimə içində dəhlizə çıxıb nə baş verdiyini öyrənməyə çalışırdı. Tibbi heyəti elliklə bizim mərtəbəmizə yığmışdılar. Birdən pilləkənin başındakı hündür adamlardan bütöv mərtəbəni boşaltmaq əmri gəldi. Şöbənin xadiməsi divara söykənib güclə ayaqüstə duran bizi göstərib əsəbi tonla soruşdu:

– Bəs bunları, içəridəki təzələri neyləyək, pəncərədən ataqmı?

Baş həkim özünü çatdırıb hamımızın sevimlisi yaşlı qadını sakitləşdirməyə çalışdı. Biz nə baş verdiyini alçaq səslə danışılan o söhbətdən anladıq. Qəzənfər Qaçayev adlı şəxs guya indiki başçılardan daha üstün səlahiyyət daşıyan o vaxtın “raykom” katibinin “qulağını kəsibmiş”. “Yaralını” müvəqqəti cərrahiyyə şöbəsinə yerləşdirəcəkdilər. Xəbərin qısa “özətini” duyan heyət və xəstələr yaranan ani təbəssümü birtəhər yığışdırmaq üçün üzlərini “turşutdular”.

O günlər elliklə bir böyük otağa təpdirilən cərrahi xəstələrin oğrun-oğrun sarğılarını dəyişib dava-dərmanlarını edənlər də, biz də yalnız Qaçayevin nigarançılığını çəkirdik. Poçtun məxfi şöbəsindən çəkilib milislə qorunan kabelli telefonla ölkə rəhbərinin canlı əlaqə saxladığı “böyük adam" bizdən ötrü mövcud deyildi. Xəstəxananın həyərtində süni “hüznlə” cərgələnən məmurlar və “ictimaiyyətin nümayəndələri” də həmçinin. Yeri gəlmişkən, onda ölkəyə mərhum Heydər Əliyev rəhbərlik edirdi.

Oxuduğum kitablardan və müşahidələrimdən haqla-nahaqqın nə olduğunu öyrənmişdim. Üstəlik bir az da “qurtdanquş” olduğumdan sonralar həmin katib barədə xeyli məlumat topladım. Yaşlı-başlı adam olsa da, hər fürsətdə nəinki tabeliyində olanları, hətta dəxli olmadan yerli camaatı aşağıladığını söyləyirdilər. Avtobusları harda istəsə saxladıb, böyük-kiçik, xəstə-sağlam hamını söyə-söyə düşürdürmüş ki, piyada sahələrə qayıdıb daş təmizləsinlər. İclaslarda “dağ adamlarına” təhqiramiz atmacalar atırmış. Qanan da, qanmayan da ondan canını “amin” deməklə qurtarırmış. Vəzifədəki oğrular qorxudan canları çıxa-çıxa ikiqat “dolya” verirlərmiş ki, onlara bəlkə qəzəbi bir qədər azala.

Hər şeyin axarına getdiyi zaman işlər mehmanxananın müdiri Qaçayevdə kilidə düşür. Qutqaşının nüfuzlu kişilərindən olan Qəzənfər Qaçayev rüşvətdən uzaq, təmiz adam imiş. Təbiətcə də təmizkar olan müdir mehmanxananı əliçi kimi saxlayırdı. Uşaq yaddaşımda hələ də o mehmanxana nağıllardakı sehirli, gözəl bir guşə kimi qalıb. Bizim katib o gözəlliyi cəhənnəmə döndərmək üçün lap yuxarıdan böyük müfəttiş dəstəsi gətizdirir. Balaca mehmanxananın altını-üstünə çevirənlərdən biri siqaret kötüyünü hər gün yuyulan asfalt cığıra atır, yaşlı xadimə müdir hirslənməsin deyə gizlincə götürürmüş. Bir gün Qəzənfər dayı olayı qəfil görür və hər kəsin qarşısında baş müfəttişin boynundan tutaraq götüyü yerdən götüzdürüb aralıdakı zibil qabına atdırır. Müdirlə gərgin münasibətə rəğmən komissiya nöqtə-vergülünə kimi dürüst sənədlərə mənfi rəy yazmır.

Katib isə hikkəsini yeridib Qəzənfər dayını işdən kənarlaşdırır. Qanuni işinə qayıtmaq üçün etdiyi müraciətləri təhqir səviyyəsində ələ salmaqla dəfələrlə açıq-aşkar onun heysiyyəti ilə oynayır. “Rayon mənimdir, qabağıma çıxanın anasını...” və sairə kimi ismarışlar göndərir. Rayonun ağası əndazədən çıxmış “özfəaliyyətini” davam etdirməkdə olsun, biz Qəzənfər dayını izləyək...

Günəşli bir payız səhəri Qaçayev raykomun binasına gəlib katibin qəbuluna düşmək istədiyini bildirir. Onu içəri alırlar. Daha o kabinetdə bir-birinə nə deyirlər, hadisə necə başlanır, oranı kimsə bilmir. Bilinən tərəflərdə məntiqi nəticələr var. Qəzənfər dayı ailə yadigarı xəncəri o ünvana aparanda qərarını veribmiş. Katib bəs o qədər bezdirdiyi şəxsi təkbətək qəbul edəndə nəyə arxayın imiş? Nəhəng sovetlər birliyinin güclü qollarından birinin yerdə mütləqi-hakim nümayəndəsi olduğunamı? Yəqin belə də olub. Sadəcə haqqına girdiyi adamın qürurunun gücdən, hakimiyyətdən daha üstün ola biləcəyinə ehtimal verməyibmiş.

Qəzənfər dayının niyyəti bəlkə o xəncərlə o adamın qulağını kəsmək deyil, ona qulağında sırğa olası bir ibrət dərsi keçmək imiş. Sadəcə onunla sözü uzatmamaq üçün işinin adını konkret “qulaq kəsmək” qoyub. Bir vacib məqam da var ki, katib olan kəs köməyə çağırmadan yalın əllə qulağının müdafiəsinə qalxıb, xəncərin həmlələrini dəf etməyə çalışıb. Boğuq səslərdən şübhələnən katibə onları yerdə süpürləşən görüb haray salanda Qəzənfər dayı səbirlə əllərini stolun örtüyünə silib, sakitcə aşağı enməyə başlayıb.

Təsəvvür edirsizmi, adam yaxınlıqdakı krantda xəncərini yuyub yerinə qoyur. Özünü səliqəyə salandan sonra mehmanxananın çayçısına gedir. Doğma məkanda, onu sevənlərin arasında çayını içib dincini alır, qalxıb milis şöbəsinə yollanır. Zövqlə geyinmiş gümüşü saçlı yaraşıqlı adamın yumşaq dərili xrom çəkmələrinin yeyinlədiyini, ləngidiyini görən olmur. Qocaman məchulluğa öz ağır-səngin ampluasında gedən Qəzənfər dayı doğma şəhərinin küçələrini sanki ayaqlarına köçürürmüş...

Çoxsaylı əfv müraciətlərini və dövləti xidmətlərini nəzərə alaraq yaşının ahıl vaxtı Qəzənfər dayıya doqquz il iş verdilər. Göndərildiyi həbsxanada hörmətlə qarşılanıb bütün illər ərzində xətri əziz tutulan Qaçayevi sovet Azərbaycanının çox yerindən ziyarətə gəlirmişlər. Qəzənfər dayını bütün ölkə şəxsən tanımırdı. Ona olan kütləvi sevgi və rəğbətin tək səbəbi azğınlaşmış məmurlara olan nifrət idi. Olsun, bəzən nifrətdən doğan sevgilər qoruyar adamı. Və barmaqlıqlar arasından sağ-salamat dönən Qəzənfər dayı bir neçə il sonra ocağının başında rəhmətə qovuşdu.

Katib...

Paytaxta aparılan şəkər xəstəsinin ideal şərait və Moskvadakı müalicə həkimlərinin ciddi səyləri sayəsində xəsarətləri sağalır. Katib yenidən işinə qayıdır.

Camaat bütöv ölkəni silkələyən hadisədən sonra onun təkrar Qutqaşına göndərilməsinin şokundan ayılana qədər, o, tələsik son rüşvətini özü yığaraq, “bir maşın pulla” rayonu tərk edir. Həmişə düşünürdüm, həmin gedişdən bir-iki həftə sonra dünyasını dəyişən katibin qutqaşınlılardan qisas almağa həvəsimi olmadı, yoxsa halımı? Sonralar eşidəndə adam həm də xərçəngin son mərhələsindəymiş, vaxtı olmadığını anladım...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.