Orxan Adıgözəl
Orxan Adıgözəl

Dinləmək mədəniyyəti

Bəzi tanışlarım var, dəfələrlə görüşsək də, haqqımda çox az şey bilirlər. Ancaq mən onlar haqqında xeyli məlumatlıyam. Niyə?

Çünki söhbət zamanı 90 faiz onlar, cəmi 5-10 faiz isə mən danışıram. Bu, danışa bilməməyimin göstəricisi deyil, yox. Həmçinin dialoq qura bilməklə bağlı da heç bir problem yaşamıram, çox şükür. Sadəcə həmin adamlar mənə ürəklərini boşaldacaq, etiraf və dərdlərini deyə biləcək kilsə rahibi kimi yanaşırlar. Söhbətimiz sanki kilsə hücrəsində keçir. Onlar mənə rahatlıqla etibar edir, günahlarını söyləyir və intim şeylərini bölüşürlər.

Mən onlar üçün sadəcə danışıb rahatlanmaq üçün bir vasitəyəm. Bunu rahatlıqla müəyyən etmişəm. Onlar heç vaxt məni dinləməyə çalışmayıblar. Dəfələrlə müşahidə etmişəm, danışıq vaxtı söhbətin məğzinə uyğun incə şəkildə mən də öz hekayəmdən danışmağa başlayanda, sözümü kəsmiş və özləri haqda danışmağa davam edibər. Ən çox da çətin, ağır günlərində məni yad edirlər. Belələri adamı dinləyəndə də sırf cavab vermək xətrinə dinləyirlər. Həmin vaxt onların üz ifadəsindən səni necə yola verməkləri aşkar bilinir.

Bu yaxında həmin qəbildən olan bir şəxslə təsadüfən şəhərdə qarşılaşmışdıq və yenə də o, dayanmadan danışırdı. Sonra onun hansısa tanışına rast gəldik. Adamın məni təqdim etməsi təxminən bu şəkildə oldu: “Bu Orxandır, Orxan ee, Orxan… Orxan can-ciyərdir”. Halbuki öz tanışının hansı peşə sahibi olduğu barədə bir-iki kəlmə nəsə dedi. Mən şokdaydım. Adam illərdir mənimlə tanışdır. Hətta bizə də gəlib-gedib, ancaq mənim haqqımda normal informasiyaya malik deyil. Bu, dəhşət haldır.

Çünki bizim söhbətlərimiz dialoq yox, monoloq şəkilində olurdu.

Hazırda o cür şəxslərdən uzaqlaşmışam. Belələrindən maksimum qaçmağa çalışır və ünsiyyət saxlamıram. Ümumiyyətlə, çox danışan adamlardan uzaqlaşmışam. Fikirləşirəm ki, bu addımım kifayət qədər ədalətlidir. Çox danışmaq qarşı tərəfi dinləməyə ciddi şəkildə mane olan nüanslardandır.

 Halbuki, kimisə dinləyə bilmək də münasibət mədəniyyətidir. Hər dəfə yazdığım ifadələrə izah verməyə çalışıram. Bu mövzu öz-özlüyündə həssas mövzudur. Hər an səni yanlış anlaya, sözlərini təhrif edə bilərlər. Yazı tonu bəzən adamlara xəyalən başqa cür çatır. Ona görə də qeyd etməliyəm ki, mədəniyyətdən danışmaqla kimlərisə aşağılamaq niyyətində deyiləm.

Bir çoxu danışıq zamanı həmsöhbətini dinləməyi bacarmır. Çox yaxşı başa düşürəm ki, insanlarımızın ürəyi doludur və onların dərdlərinə qulaq asan az tapılır, ancaq həmin adamlar da qarşı tərəfi anlamalıdılar.

Söhbət monoloq yox, dialoq şəkilində olanda hər iki tərəfə xoş olur. Səbrli olmaq və qarşındakının sözünü bitirməsini gözləmək etik olmaqdan başqa, həm də sənin öz hörmətini çoxaldır.

Yəhudilərin çox sevdiyim bir atalar sözü var: az ye, az danış və az şikayət elə. Bu atalar sözünə əməl etmək insana böyük xeyir gətirir.

Bilirəm, bu yazdıqlarım bir çoxuna klişe və şablon kimi gələcək. Əslində müəyyən qədər də elədir. Ancaq nə etməli? Yazmaq və diqqətə çatdırmaqda fayda var.

Hazırda yazıçı Stefan Sveyqin filosof Fridrix Niçşe barədə yazdığı monoqrafiyanı oxuyuram. Niçşenin həyatboyu tənha olması, öz-özü ilə danışıb, əzab çəkməsi məni çox kədərləndirir. Ona yaxınlaşan və həmdəm olan tapılmır. Yazıçı eynən belə də qeyd edir: “Dəhşətlisi budur ki, onu kimsə dinləmir”.

Həqiqətən də insanın səmimi həmsöhbətə ehtiyacı var. Bizi dinləyə bilən, anlayan və quru dillə belə olsa, dəstək olduğunu söyləyən dinləyici hava və su qədər vacibdir.

Bir dostum var, deyir ki, həyat yoldaşım bəzən saatlarla danışır. Mən isə onun sözünü kəsmədən dinləyirəm. Ona görə qadınım məni çox sevir. O da çox vaxt gərgin və əsəbi hallarımda mənə güzəştə gedir. Həm də məni dinləməyi bacarır. 

Onların mehriban münasibətini görmək o qədər xoşdur ki. Adamlar bir-birlərinin dilini tapıblar. Bu hal həyatı daha asan edən nəsnələrdəndir.

Yazıçı Andre Morua çox sevdiyim “Yad qadına məktublar” əsərində önəmli bir məqam var. Yazıçı sual edir: “necə etməli ki, sevimli olasan?”

Cavab isə belədir: İnsanlara özləri barədə danışmağa şərait yarat. Adamlar ən çox özləri haqda danışmağı sevirlər. Özləri barədə danışdıqları həmsöhbət isə yaxşı dinləyici olduğu üçün onların gözlərində sevimli adama çevirilir.

 

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.