Orxan Adıgözəl
Orxan Adıgözəl

Polşa səfərim

Bu yaxında üçüncü dəfə Polşaya səfər etdim. İlk dəfə 2015-ci ilin qışında səfər etdiyim bu Avropa ölkəsi məni əvvəldən cəlb eləmişdi. Polşanın tarixi, ölkənin cəsur şəxsiyyətləri, siyasətdəki fəallıqları və təbii ki, gözəl qızları barədə çox eşitmişdim.

Paytaxt Varşavada keçirdiyim bir neçə gün xatirələrimdə maraqlı izlər buraxdı. Orada olduğum müddətdə bir xeyli adamla tanış oldum. Varşavadan çox yazmaq fikirim yoxdur. Səliqəli və gözəgəlimli şəhər olsa da, sırf turistik səfər üçün ideal sayıla biləcək məkan deyil. Turizm cəhətdən Avropanın ad qazanmış şəhərlərinin yanında Varşava bir az sönük qalır. İstənilən halda ordan xoş təəssüratlarla ayrılmışdım.

Sonra 2016-cı ilin mart ayında Polşanın Qdansk şəhərini ziyarət etdim. Həmin vaxt orda sosial fəallıqla bağlı forumda iştirak edirdim. Tədbir olduqca maraqlı idi. Sosial bacarıqların inkişafı, dünyagörüşünün artması üçün həmin forum bugünə kimi iştirak etdiyim beynəlxalq təlimlər içində ən yaxşılardan sayıla bilər.

Baltik dənizinin sahilində yerləşən Qdansk şəhəri mart ayında çox soyuq idi. Bakıda olduğu kimi burda da külək adama dinclik vermirdi. Orda olduğum üç gün ərzində şəhəri qətiyyən gəzə bilmədim. Birincisi ona görə ki, iştirak etdiyim tədbir səhərdən axşama qədər davam edirdi. Axşam saatlarında otelə elə yorğun dönürdüm ki, harasa çıxıb gəzməyə halım olmurdu. İkinci əsas vacib nüans ondan ibarət idi ki, hava, doğurdan da, çox soyuq idi. Belə sərt havada 10 dəqiqədən artıq çöldə qalmaq olmurdu. Yoxsa heç də yorğunluğu bəhanə gətirməzdim. Çünki gəzməyi çox sevirəm. Yenə də müsbət olan o idi ki, iştirak etdiyim tədbirdən maksimum yararlanmış, özüm üçün faydalı olan bilgilər əldə etmişdim.

Şəhərdən ayrılanda məni ən çox üzən şey oranı gəzməməyim idi. Qdanska getməmişdən qabaq “Google”də axtarış verib şəhər haqqında məlumatlar öyrənmiş, şəkillərdəki gözəlliklərdən feyzyab olmuşdum. Alçaq binaların xoşagələn formaları, xudmani evlərin rəngli örtüklə üzlənmiş evlərin görünüşü, yaraşıqlı tarixi tikililər şəkillərdən olsa belə məni bu qədim şəhərə çəkirdi.

Qeyd edim ki, Qdansk Baltik dənizində iri liman, həm də sənayə mərkəzidir. Yayda bura turizm fəallığını lap artırır. Milyonlarla polyak və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları Baltik dənizi sahilində çimərliklərdə dincəlirlər. Şəhəri gözəl edən həm də Avropanın əksər şəhərlərində rast gəlinən və onları daha da cazibəli edən yaşıllıqlardır.

Bu ilin aprelində Qdanska yenidən səfər etdim. Bu dəfə yadda qalan məqam, səfər cəhətdən xüsusi rol oynayan nüans Varşavadan Qdanska sürət qatarı ilə getməyim oldu. Varşavada “Fridrix Şopen” hava limanın yanındakı metro ilə qatar stansiyasına gəldim. Metro stansiyası kimi, qatar stansiyası da əlil arabası üçün tam müəssər olduğu üçün heç bir əngəl yaşamadan hərəkət edə bilirdim. Hə, onu da qeyd edim ki, üç il qabaq Varşava metrosunda əlilliyi olan insanlar üçün yaradılmış mükəmməl şəraiti görəndə heyrətlənmiş, həm də çox təəssüflənmişdim. Keçirdiyim qəzadan 7 il sonra ilk dəfə metrodan istifadə etmək xoş duyğu yaradırdı. Təəssüf etdiyim məsələ isə sırf yaşadığım Bakı şəhərinin metrosunun əlilliyi olan insanlar üçün tamamilə əlverişsiz olması ilə bağlı idi. Doğurdan da, bədbəxtlikdir ki, öz yaşadığın şəhərdə ictimai nəqliyyatdan istifadə edə bilməyəsən. İllərdir bu haqda yazsaq da, müxtəlif müraciətlər etsək də, mübarizə aparsaq da, aidiyyatı qurumlardan adekvat addımlar yoxdur.

Nə isə. Metrodan çıxıb, qatar stansiyasına gəldik. Orda da əlil arabası üçün ideal şəraitlə qarşılaşdım. Sürət qatarı üç saatlıq yol mənə çox ləzzət elədi. Ümumiyyətlə, həmişə avtobusla, avtomobillə uzun yol gedərkən ətrafı seyr etməkdən xoşum gəlir. Düşünürəm ki, bu hal bir çoxu üçün eyni dərəcədə xoşa gələn prosesdir. Oturduğum əlil arabasını birbaşa üzü pəncərəyə yaxınlaşdırıb yolu izləməkdən zövq aldım. Yolboyu gördüyüm meşəliklər, yaşıl düzənliklər, hamar təpələr, gözoxşayan evlər, təmizliyi ilə seçilən müxtəlif ərazilər qəlbimi riqqətə gətirdi. Hər şey o qədər səliqəli idi ki, boş ərazilərdə də xüsusi füsunkarlıq hiss olunurdu. Ara-sıra dizimin üstündə saxladığım Kristof Jan Qranjenin “Qara yol” kitabını oxuyurdum. Psixoloji triller janrındakı romanla, qarşımda açılmış yaşıllıqlarla dolu gözəl yerlər arasında müəyyən paralellər aparırdım. Düzdür, kitabdakı qanlı və vəhşi səhnələr, gördüyüm səfalı yerlərlə heç cür uyğunluq tapmırdı. Bir dənə yağış yağmağa başlayanda qatarın pəncərələrindən qəribə şəkildə süzülən yağış suları ilə, romanda 27 bıçaq yarası almış qadının qanının axışı arasında müəyyən, qəribə oxşarlıq sezdim. Ancaq əsər çox ürəyimcə idi. İkiqat həzz yaşayırdım. Gözlərim və ruhum dincəlirdi. Xeyr, manyak-zad deyiləm. Sadəcə psixoloji triller janrını çox bəyənirəm. Qdanska çatanda üç saatın necə keçdiyini hiss etmədiyimin fərqinə vardım.
400 mindən çox əhalisi olan bu şəhər, doğrudan da, gözəldir. Bu dəfə mərkəzi yerləri elə yolüstü gəzə bildim. Ancaq yenə də buna “gəzmək” demək olmaz. Səthi, üstdən olan yüngül kiçik gəzinti və 12 saatlıq səfərdən sonra mütləq dincəlmək ehtiyacı..

Niyə 12 saat?

Bakıdan Kiyev hava limanına uçmaq, orda bir xeyli gözləmək, ardınca Kiyevdən Varşavaya uçuş və orda da bir az gözlədikdən sonra sürət qatarı ilə Qdanska səfər. Yorğun idim. Dincəlməli idim. Səhər tezdən tədbirə gedəcəkdim.

Düzdür, bu dəfə də Qdanskda Baltik dənizindən gələn sərt küləklərlə rastlaşsam da, gözəl şəhəri dolaşa bildim. Qdanskın özü kimi şəhər sakinləri də müsbət enerji saçırdılar. Bu istiliklə kifayətlənməli oldum. Paytaxt Varşavada insanların belə istiqanlılığını görmək müşkülə çevirilir.

Qdansk şəhəri həm də dünyaca məşhur şəxsləri ilə də seçilir:

Əslində həmin şəhərdə doğulan bir xeyli insan var, ancaq mən öz tanıdıqlarımı yazacam- təzyiq şkalasını kəşf edən-Qabriel Faranqeyt, filosof Artur Şopenhauer, ədəbiyyat üzrə Nobel mükafatçısı Günter Qrass, politoloq Donald Tusk və s.

Avropaya getsəniz, Polşaya baş çəkməyi unutmayın.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.