Futbol üzrə Dünya Çempionatında ictimai məşhur insanlar kimə azarkeşlik edəcək?

Azarkeşlər futbol həyəcanı ilə yaşayır

Rusiyada iyunun 14-də futbol üzrə Dünya Çempionatı start götürəcək.

Həmin gün, çempionatın açılış oyununda Rusiya yığması Səudiyyə Ərəbistanı millisi ilə görüşəcək.

Oyunlar Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Bunlar Moskva, Sankt-Peterburq, Yekaterinburq, Soçi, Kazan, Nijni Novqorod, Samara, Rostov, Kalininqrad, Volqoqrad, Saranskdır.

Futbol çempionatını Azərbaycanda da izləyənlər az deyil. Meydan TV yarışda hansı komandanın favorit olması ilə bağlı sorğu keçirib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli .

Hüquqşünas Ələsgər Məmmədli Argentina və Fransanı çempionatın favoriti hesab edir.

Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin sədri Anar Məmmədli Almaniya komandasına azarkeşlik etdiyini bildirib və bu komandanı da favorit sayır.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli.

Telejurnalist Qulu Məhərrəmli də Almaniya yığmasına azarkeşlik etdiyindən bu komandanın öz sözünü deyəcəyini düşünür:

“Bütün oyunlara baxacam, Almaniyanın çox əhəmiyyətli yer tutacağına əminəm”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hazırkı dünya çempionatı ilə əlaqədar dərin bilgilərinin olmadığını dedi:

“Amma bir qayda olaraq dünya çempionatlarında Almaniya, Braziliya, İspaniya, İtaliya, Argentina xüsusi fərqlənir. Yəqin ki, çempionluq uğrunda mübarizə bu komandalar arasında olacaq”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib ki, bu dəfəki çempionatda favorit iki Latın Amerikası, bir Avropa komandası olacaqlar:

“Bunlar Argentina, Braziliya və Almaniyadır”.

Onun həmkarı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa İtaliya komandasına azarkeşlik etsə də, bu komanda 2018-ci il yarışında iştirak etmir:

“Amma düşünürəm ki, bu dəfə Almaniya komandası favoritdir, “alman maşını” öz sözünü deyəcək”.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idmanla maraqlanmadığını söyləsə də, Türkiyənin qalib gəlməsini istədiyini dedi (Türkiyə yığması Dünya Çempionatının seçmə mərhələsində uğursuz çıxış etdiyindən, mundiala vəsiqə qazanmayıb – müəllif).

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub 15 ildir futbol oyunlarını izləmədiyini söyləyib.

İdman yazarı Amal Abuşov 2-3 gündür yoldaşlıq görüşlərini izlədiyini deyib:

“Sözün açığı Braziliya daha xoş təsir bağışladı. Braziliya Futbol Federasiyası yüksək məbləğdə pul mükafatı da qoyub. Düzdür, yoxlama görüşləri bir az aldadıcı olur, komandalar ehtiyat qüvvələrini sınamağa, yaxud taktikalarını gizlətməyə çalışırlar. Amma yenə də Braziliyaya rəğbətim yaranıb”.

Amal Abuşov bildirib ki, ümumiyyətlə, dünya çempionatı dünya futbolunun zirvəsi olduğundan bütün komandalar güclərini qoymağa çalışacaqlar:

“Hazırda əksəriyyət deyir ki, Messi yığma səıviyyəsində uğur qazana bilməyib, ona görə Argentina nəhayət sözünü deyəcək. Yaxud son dünya çempionu Almaniyanın heyətində ciddi dəyişiklik olmayıb, məşqçi həmin məşqçidir və favorit komandadır. Yaxud İspaniya və Fransa, futbolçuların qiymətinə görə ən bahalı heyətdir. Fikirlər haçalansa da, mən Braziliyanı favorit sayıram”.

Natiq Cəfərli
Natiq Cəfərli.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Argentina komandasına azarkeşlik etdiyini bildirdi:

“Mən həmişə bu komandaya azarkeşlik etmişəm, bu il də kifayət qədər güclü oyunçularla çempionatda təmsil olunacaqlar. Ümid edirəm ki, finalda Argentinanı görəcəyik. Amma ən real komanda Almaniyadır. İstərdim ki, bu iki komanda finalda oynasınlar”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev. Fotoqraf:: sosial şəbəkə

Harvard məzunu Bəxtiyar Hacıyev də Argentina komandasının favorit olacağını deyib.

2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatında Almaniya qalib olmuşdu.