Cümhuriyyət dövrü dərsliklərdə necə əksini tapıb?

Şərqdə yaranan ilk demokratik respublika – Azərbaycan Cümhuriyyətinin yüz illiyini yaşayırıq.

Cümhuriyyət tarixi müstəqillik dövründə dünyaya göz açan məktəblilər üçün nə qədər çatımlıdır? Şagirdlər 100 il öncə baş verənlər, Cümhuriyyət qurucular haqda nələri öyrənə bilirlər?

İlk dəfə dərs vəsaitini vərəqləyən şagird elə birinci səhifədə eks-prezident Heydər Əliyevin şəklini görür. Başını qaldırıb nəzərlərini yuxarı diksə də, eyni mənzərəyə şahid olacaq. Məktəbi bürüyən Əliyevlərin şəkillərini görəcək.

“O gün olimpiyada ilə bağlı tədbirdə nazir çıxış elədi. Çıxış edərkən ilk sözü bu oldu ki, bizim şanlı tariximizin 100 illiyi yaxınlaşır, onu qeyd etməliyik. Heç üstündən bir saniyə keçməmiş dərhal Heydər Əliyevdən danışmağa başladı. Nazirdə elə bir qorxu, elə bir qısqanclıq var ki, birdən Məhəmməd Əminin adını çəkərəm, o birisinin yox”.

Təhsil üzrə ekspert Nəbatəli Qulamoğlu bildirir ki, həmin o qısqanclıqdandır ki, Cümhuriyyət qurucuları lazımı qədər təbliğ olunmur və öyrənilmir.

Tarix müəllimi Aynura Abdullayeva deyir ki, cümhuriyyət tarixi ilə bağlı ayrı-ayrı şəxsiyyətlərə dərsliklərdə daha geniş yer verilməlidir.

“Düşünürəm, erkən yaşlarda, məsələn, 5-ci və 11-ci siniflərdə keçirilir də bu mövzular. Ortalarda cümhuriyyətlə bağlı fakultativ məşğələlər sala bilərlər”.

Nəbatəli Qulamoğluya görə, təhsilin missiyası həm də şagirdləri tərbiyələndirməkdir. Cümhuriyyət tarixi bu baxımdan da çox önəmlidir:

“Bizim ölkəmizin həyatında elə qaymaq, elə seçilən hadisədir ki, onun hər günü hər an fiksə olunmalıdır. Təəssüf ki, biz bunu görmürük. Ümumi məlumatlar verməklə heç bir şeyə nail olmaq olmaz. Bu ardıcıllıq, bu mütəmadilik ondan xəbər verəcək ki, şagird əqli yetkinlik dövründə özü ayırd edəcək. Ona kimisə sırımağa ehtiyac olmayacaq”.

Bu, dərsliklərdi. O dərsliklər ki, burada Azərbaycan Cümhuriyyəti ilə bağlı məlumatlar bir neçə səhifəylə yekunlaşır.

Tarix isə hər şeyi görür və heç nəyi bağışlamır.