''Zülmətdə bir Alatoran''

Kitabın üz qapağı

Rasim Qaracanın avtobioqrafik əsəri “Zülmətdə bir Alatoran” mənə çox müsbət təsir elədi. Evimizdə pəncərənin yanında dayanıb həmin kitabı oxuduğum müddətdə qəlbimdə səbəbini bilmədiyim müəyyən sıxıntılar vardı. Hə, deyəsən elə oxuduğum sətirlərdəki melanxolik notlar da əhvalıma təsir etmişdi. Kitabda yazılanlarla öz həyatım arasında müəyyən paralellər aparırdım. Yəqin ki, o sıxıntının qaynağı məhz bu nüans idi.

Bu sətirləri yazdıqca belə həmin ovqatın cüzi simptomlarını yenə də hiss edirəm. Qeyd edəcəyim şey isə əslində pozitiv məsələ ilə bağlıdır.

Belə ki, kefsiz halda kitabı oxuduğum vaxt bir anda pəncərədən gözümə sərt və iti işığın düşdüyünü hiss elədim. Bu, günəş şüası idi. O gün əslində bütün günü günorta vaxtı hava buludlu və dumanlı idi. Ancaq anidən Günəş peyda olmuşdu.

Həmin şüa bizim binadan təxminən 200 metr uzaqlıqda yerləşən başqa 9 mərtəbəli binanın pəncərəsindən süzülüb gözlərimə düşdü. Pəncərə güzgü effekti vermişdi. Eynən uşaqlığımızda olduğu kimi əylənmək üçün bir-birimizin üzünə-gözünə güzgü ilə işıq tutduğumuz kimi. Həmin məqam məndə pozitiv assosiasiya ilə bərabər, həm də ümid dolu ovqat yaratdı.

Günəşi, onun şüalarını çox sevirəm. O, mənə ümid verir və gələcəklə bağlı xoş şeylər düşünməyimə səbəb olur.
“Təsadüfən” elə oxuduğum sətirlərdə də hər şeyin daha da yaxşı olması ilə bağlı cümlələrə rast gəldim. Əhvalım düzəldi və sıxıntım aradan qalxdı.

Kitab haqqında çox şey yazmaq olar.

Ümumiyyətlə, memuar (xatirə ədəbiyyatı) janrını sevən biri kimi qeyd etməliyəm ki, bu kitab Azərbaycan ədəbiyyatında yer almış avtobioqrafik əsərlər arasında ən yaxşılarından biridir.

Memuar və avtobioqrafik əsərlərdə sanki ayrı bir enerji olur. Bu cür əsərləri oxuyarkən özümü yazıçı ilə bir növ dialoqda olurmuş kimi hiss edirəm. Çünki danışan təkcə müəllif olmur. Onun mənimlə paylaşdığı informasiyaları cavabsız qoymur, qəbul etdiyim fikir və hissləri daxili dialoqa çevirə bilirəm. Bu, həm də mənə imkan verir ki, içimdəki “mən”lə daha obyektiv ünsiyyətdə ola bilim. Belə hallarda axtardığım sualların cavabını daha asan yolla ala bilirəm.

Təəssüf ki, bizdə yerli memuar və avtobioqrafik əsərlər azlıq təşkil edir. Buna görə Rasim bəyin atdığı addımı çox təqdir edirəm. Yazmağı bacaran ictimai adamlar nədənsə bu məsələdə çox passivdilər.

Bilmirəm bu tənbəllikdir, yoxsa prosesə qeyri-ciddi yanaşmadır, ancaq bircə onu bilirəm ki, bu passivlik bizim bu günümüzə və gələcəyimizə birbaşa mənfi təsir etməkdədir.

Nüfuzu olan, bir az da olsa tanınan ictimai fiqurlar “Facebook”da status paylaşmaqla kifayətlənirlər. Belə olan halda yaxın tariximiz barədə fikirlər yenə də qeyri-müəyyən olaraq qalacaq. Axı həmin tarixin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Memuar və avtobioqrafik əsərlərin yazılması isə dolayı və hətta birbaşa da bu araşdırmalar üçün əla vasitədir. Əks təqdirdə tarixi təhrif edənlər bir çox informasiya və hadisəni bizə və gələcək nəsilə qeyri-obyektiv şəkildə çatdırmağa davam edəcəklər.

Bir dəfə siyasi tədbirlərdən birində əlimi qaldırıb, REAL Partiyasının sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlıya sual vermişdim: “REAL-dan ya siz, ya da digərləri nə üçün tarixi, avtobioqrafik əsər yazıb çap etmirsiniz? Sizin təbliğat maşınınınız ancaq sosial şəbəkələrdir.” Azər bəyin cavabı belə oldu:

“Biz siyasətlə məşğul oluruq. Siyasətçinin işi kitab yazmaq deyil!”

Siyasət üzrə fəlsəfə doktoru sayılan adamın cavabı, arqumenti bu qədərmi primitiv olar?! Təəssüf ki, həmin vaxt tədbirdəki qələbəliyə görə Azər bəyə imkan tapıb cavab verə bilmədim. Adam yəqin dünyaca məşhur siyasətçilərin yazdığı kitablardan və onların təsir gücündən xəbərsizdir. Təkcə elə Britaniyanın Baş naziri olmuş Uinston Çörçilin tarixi və bioqrafik xarakterini də əsas tutaraq ona ədəbiyyat üzrə verilmiş Nobel mükafatını xatırlatmaq kifayət edər.

Ona görə də Rasim Qaracanın 70-ci illərdən günümüzə qədər bir sıra tarixi faktlarla əhatələnmiş kitabı çox dəyərlidir.

Sovet dövründə ölkəmizdə ədəbiyyat sahəsinə nəzarət edən şəxslərin vicdansız əməlləri ilə tanış olduqca, çox üzüldüm. Bir xalqın ədəbi və mədəni inkişafının qarşısını kəsmək “terror” əməlidir. O vaxtkı “ədəbiyyat krallığı”nın törətdikləri mənfi əməllər bizi bir xalq olaraq çox geri atıb.

Kitabı oxuduqca, yazıçının çəkdiyi əziyyətləri bütün ruhumda hiss etdim. Bu ağrılar təkcə etirazçı bir şairin ağrıları yox, həm də bütün bir xalqın ağrıları idi. Bəzi məqamlarda güldüm, bəzi yerlərdə gözlərim yaşardı.

Əsərin dili, mesajları və ədəbi çalarları bir-birinə həmahəng idi. Sevinirəm ki, ölkəmizdə Rasim Qaraca kimi işıqlı və ləyaqətli insanlar var. Ümid edirəm, bu məmləkətin gözəlliklərə qovuşması üçün səmimi şəkildə çalışmaq istəyənlər özlərində həvəs tapıb belə avtobioqrafik əsərlər yazmağa başlayacaqlar.

Rasim bəyin kitabını əldə edib, oxuyanlar isə əminəm ki, həzz alacaqlar…

 Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.