Yadigar Sadıqov
Yadigar Sadıqov

Azərbaycan sosiologiyası

Təxminən 15 il öncə əlimə maraqlı bir tarixi monoqrafiya keçmişdi. Adını və müəllifini unutmuşam, lakin XIX əsrin müəyyən dövründə (çar Rusiyasının işğalından sonra) Azərbaycanın kənd təsərrüfatından bəhs edirdi. Maraqlı məlumatlar vardı.

Rusiya hökumətinin kəndliləri bəzi yeni bitkilərin becərilməsinə (məsələn, pambıq) həvəsləndirməsinin ilk nəticələri haqqında məlumatlara rast gəlinirdi. Ənənəvi sahələrdən hansının tənəzzül, hansının isə çiçəklənmə dövrünü yaşamasından bəhs edilirdi.

Azərbaycan kəndinin çox ləng şəkildə də olsa feodal münasibətlərdən uzaqlaşıb, kapitalist münasibətlərinə yönəlməsi təsvir olunurdu.

Əsər ciddi əməyin məhsulu idi. Lakin daha ciddi əmək kitabda istinad olunan mənbələrin hazırlanması zamanı sərf edilmişdi. Hələ çar vaxtı hazırlanmış bu mənbələrdəki statistik göstəricilərin dəqiqliyi, hərtərəfliliyi heyrətamiz idi. O zaman oxuduqca fikirləşirdim ki, gələcəkdə bizim saxta rəqəmlərlə üzləşən tədqiqatçılar hansı hisslər keçirəcəklər, vəziyyətdən necə çıxacaqlar?

Məsələn, bir ara mətbuatda, sosial şəbəkələrdə bizim gömrük məlumatlarının xarici ölkə məlumatları ilə uyğunsuzluğu tez-tez yer alırdı. Tutalım, Türkiyə gömrük idarəsinin saytında göstərilirdi ki, filan dövr ərzində Azərbaycana 2 milyard dollarlıq (rəqəm şərtidir) ixrac olub. Azərbaycan gömrüyündə isə Türkiyədən idxal 1 milyard göstərilirdi. Başqa ölkələrlə ixrac-idxal əməliyyatları da eyni aqibətlə üzləşirdi.

Belə bir uyğunsuzluğun Azərbaycanın ticarət əlaqələrini, iqtisadiyyatını, eləcə də qonşu ölkələrlə siyasi və iqtisadi münasibətlərini araşdıracaq gələcək tədqiqatçılar üçün hansı problemlərini yaradacağını təsəvvür edirsinizmi? İki dəfə azaldılmış rəqəmlərlə tanış olan tədqiqatçı bunu daxili istehsalın güclü olması ilə izah edə bilər. Lakin araşdıranda görəcək ki, daxili istehsal da can üstdə olub. Evdə istehsal olunmayıb, çöldən gəlməyib, bəs əhali necə təmin olunub?

Daha aydın təsəvvür etmək üçün çox bəsit nümunə göstərəcəm. Tutalım, sahibkar Azərbaycana şalvar idxal edir. Gömrük Komitəsində isə ona təklif edirlər ki, şalvarın rüsumu çoxdur, gətirdiyin malın rüsumu daha az olan köynək olduğunu yazaq, aradakı pulu bizə verəcəksən. Bu, illərlə belə davam edir.

Gələcək tədqiqatçı bu illər ərzində Azərbaycana heç vaxt şalvar idxal olunmadığını görüb daxili istehsalla maraqlanacaq. Bu zaman da məlum olacaq ki, heç yerdə şalvar istehsal olunmurmuş. Bəs camaat nə geyinib? Təkrar edirəm, bu, bəsit nümunədir. Başqa qeyri-ərzaq və ərzaq məmulatı da ola bilər. Nə idxal var, nə yerli istehsal, yalnız tədqiqatçının həll edə bilməyəcəyi tənlik var.

Neftin qiymətinin düşməsi və büdcə daxilolmalarının azalması bir çox sahədə olduğu kimi gömrükdə də mənimsəmələri azaltmağa, maliyyəni şəxsi ciblərə deyil, büdcəyə yönəltməyə vadar etdi. Bu zaman da növbəti konfuz baş verdi. İqisadi tənəzzül və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi üzündən idxal-ixrac dövriyyəsi xeyli azalmışdı, amma gömrükdən büdcəyə daxil olan vəsait çoxalmışdı. Yazıq gələcək tədqiqatçı bunu özü necə anlasın, üstəlik oxucusuna necə izah etsin?

Onu da deyim ki, yaxın tariximizdə belə hallarla ilk dəfə deyil ki, rastlaşırıq. Sovet dövründəki "pripiska" siyasəti də ortaya eyni ağlasığmaz rəqəmlər qoyurdu. Məsələn, Lənkəranda sovxoz direktorları kağız üzərində pomidor planını doldururdular, bu münasibətlə işçilərə mükafat yazılırdı. Lakin mükafat işçilərə verilmirdi.

Sovxoz direktorları o pulu pomidor əvəzinə konserv kombinatının müdirinə aparırdılar. Mövcud olmayan pomidordan kağız üzərində tomat istehsal olunurdu. Kombinat müdiri tomat əvəzinə həmin pulu "raypo" və "smeştorq" deyilən ticarət təşkilatlarına göndərirdi, oradan "tomat" Lənkəran mağazalarına göndərilirdi və "satılırdı".

Hər mərhələdə pulun bir hissəsi mənimsənilirdi, üstəlik hər təşkilatın planı dolurdu. Bu maxinasiyada iştirak edənlərin çoxu dövlətin təşəkkürünə, fəxri fərmanına, sovxoz direktorları isə orden-medalına layiq görülürdülər. Təbii, rayon rəhbərləri də yaddan çıxmırdı. Hamı razı idi.

Heç kəs fikirləşmirdi ki, bəlli sayda əhalisi olan rayonda bu qədər tomat (deyilənə görə, hər adama hər gün 3 kq tomat düşürmüş) necə istehlak oluna bilər? Guya 1 milyon ton yığdığımız pambıqdan görəsən nə qədər və hansı məhsullar kağız üzərində istehsal olunub və satılıb? Bəlkə də statistikaya görə o vaxt hər Azərbaycan sakininin 50 köynəyi, 30 şalvarı, 15 kostyumu varmış. Lakin mən aptekdə belə pambığın defisit olduğunu xatırlayıram.

Qayıdaq indiki dövrə. 15 il öncə oxuduğum kitabı bu gün xatırlamağım təsadüfi deyil. Bu yaxınlarda internetdə qurdalananda qarşıma sosiologiya və psixologiyaya dair bəzi materiallar çıxdı. Bu materiallarda bəzi rəy sorğuları, insanlar üzərində keçirilən tədqiqatlar, təcrübələr təsvir edilir, nəticələri açıqlanır və izah olunurdu.

İstər-istəməz yenə də Azərbaycanla analogiya apardım və bizdə həm sosiologiya, həm də psixologiya ilə məşğul olmanın nə qədər çətin olduğunu dərk etdim. Məsələn, götürək rəy sorğularını. Hər iki elm sahəsi üçün vacib tədqiqat alətlərindən biridir.

Lakin bizim ölkədə sorğu keçirməyin nə qədər çətin olduğunu hamı bilir. İnsanlar hətta anonim sorğulardan belə çəkinir, özlərinə problem yaranacağını ehtimal edirlər. Çox az mövzular var ki, respondentlər çəkinmədən iştiraka razı olsunlar, ən əsası da, suallara səmimi cavab versinlər. Bəzən mövzunun təhlükəsizliyi də buna təminat vermir.

Məsələn, bir dəfə hansısa internet televiziyası 14 fevral Sevgililər günü münasibətilə sorğu keçirirdi. Bir yaşlı kişiyə yaxınlaşdılar, kişi, ilk növbədə, hansı telekanal olduğu ilə maraqlandı. Bu zaman təsadüfən orada olan və xalq arasında "itoynadan" kimi səciyyələndirilən tipə malik cavan oğlan "AzTV" dedi. Bunu eşidən kişi sevgililəri də, Valentini də yaddan çıxarıb dövlət başçısından razılıq etməyə başladı.

Materialların birində yaraşıqlı zahiri görünüşün üstünlüklərindən danışılırdı. İddia olunurdu ki, cazibədarlıq həyatın müxtəlif sahələrində insana üstünlüklər yaradır - ticarətdən tutmuş iş yerində daha yüksək maaş almağa qədər. Siyasətdə, seçkilərdə qazanılan üstünlük də öz yerində. Sadalanan xeyli sahələr vardı, hər biri üzrə Azərbaycanla analogiya aparmaq olardı. Lakin bir məqam diqqətimi xüsusi çəkdi.

İddia olunurdu ki, hətta müttəhim kürsüsündə əyləşən insanın yaraşıqlı olması onun haqqında çıxarılacaq qərara təsir edə bilər. Adam günahkar hesab olunmaya bilər, olunsa belə yaraşıqlı olmayanlarla müqayisədə daha yüngül cəza alar. Xüsusən zərərçəkənlə müqayisə daha yaraşıqlı olması müttəhimin işinə yarayır.

Hətta tənbəllik etməyib bir eksperiment də aparıblar, özü də bir neçə məhkəmədə. Zahiri görünüşü yaraşıqlı olan və olmayan iki nəfər seçiblər. Təcrübələrin yarısında yaraşıqlı müttəhim olub, yaraşıqsız isə zərərçəkən. Digər yarısında status dəyişdirilib. Məlum olub ki, eyni işin baxılması zamanı müttəhim yaraşıqlı olduqda əks halla müqayisədə hakimlər iki dəfə daha yüngül cərimə cəzası kəsiblər.

Bax, indi, bu iddianı Azərbaycan reallığına tətbiq edin, o eksperimenti bizim məhkəmələrdə keçirin. Bütün sosioloji və psixoloji qaydalar alt-üst olmasa, biz bir şey bilmirik. Əgər hakimlə razılığa gəlinibsə, lap neandertal da olsan mümkün olan ən yüngül hökmlə üzləşəcəksən.

Yox, hakimi razı salmaq üçün imkanları yoxdursa, müttəhim Alen Delon, Riçard Qir, Burak Özçivit də olsa bir işə yaramayacaq, maksimuma yaxın cəza alacaq. Hələ siyasi səbəblərdən həbs olunmusansa, lap Şarliz Teron, Yeva Mendes də olmağı xeyri yoxdur.

Başqa bir materialda rastlaşdığım yenilik deyildi, əvvəllər də oxumuşdum, siyasi treninqlərdə dəfələrlə eşitdiyimiz məsələ idi. İddia olunur ki, publik siyasi çıxışlar zamanı jestikulyasiya dilə gətirdiyin fikirlərdən daha artıq önəm kəsb edir. Əl-qol hərəkətlərini bacarıqla edən siyasətçinin uğur qazanması, seçkilərdə qalib gəlməsi ehtimalı digərlərinə nisbətən daha çoxdur.

Amma Azərbaycanda illərlə ağzına su alıb oturan deputatların, 15 ildə 15 kəlmə tələffüz etməyənlərin hər dəfə seçkidən qalib çıxmasını hansı sosiologiya ilə izah etmək olar? Yadımdadır, 2010-cu il parlament seçkiləri zamanı bir dairədə (orada müxalifətin namizədi qeydə alınmamışdı, bir iqtidar namizədi idi, digərləri də surroqat) namizədlər kollektiv ərizə yazıb televiziya çıxışından imtina etmişdilər. Seçki kimi vacib hadisə zamanı televiziya çıxışı kimi əlahiddə vacib alətdən imtina faktını əcnəbi sosioloqa necə izah etmək olar?

Hələ bizdə elə hallar var ki, beləsi ilə Avropa, Amerika sosioloqları heç vaxt rastlaşmayıb və rastlaşmayacaqlar. Məsələn, bir dövlət idarəsində işləyənlərin böyük hissəsinin hətta bir regiondan deyil, bir kənddən olmasını onlar necə izah edə bilərlər? Və ya psixoloqlar dövlətin iki dəfə avtomobil zavodu açıb uğursuzluğa düçar olmasından sonra üçüncüsünü açmağı planlaşdırmasını necə əsaslandırarlar?

Çətin suallardır. Halbuki səsləndirə biləcəklərimizin çox kiçik bir hissəsidir. Cavabında isə yalnız tanınmış rus şairi Fyodr Tütçevin Rusiya haqqında dediyi məşhur misraları bir qədər dəyişib "Elmlə Azərbaycanı anlamaq olmaz... Ona yalnız inanmaq olar" söyləmək mümkündür.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.