Məlum və naməlum Azər Tağıyev...

Yalçın İmanov

“Ölən haqda ya yaxşı danışarlar, ya da heç nə”. Latınların bu qədim deyimi çoxdan öz əhəmiyyətini itirib. Azərbaycan gündəminin bol ölümlü günlərində tarix səbr və inadla hər kəsi, o cümlədən ölənləri yerbəyer edir. Ölüm elə bir qəliz məsələdir ki, onun baş verməsi ilə insanın dərhal əsl, həqiqi qiyməti, dəyəri ortaya çıxır.

***

Əlimin altında təsadüfən rastıma çıxmış, onun 92-ci ildə “Femida” qəzetinə verdiyi bir müsahibəsi var. Müsahibədə bu gün də vəkilliyin aktual olan problemləri sadalanır. Bir neçə sitat: “Bu sahədə köklü islahatlar aparılmalıdır. Müdafiə institutu dövlətin hakimiyyət və idarə orqanlarının tabeliyindən çıxarılmalıdır...”; “nə qədər ki vəkilliyin müstəqilliyi təmin olunmayıb, heç bir müdafiədən söhbət gedə bilməz”; “dövlətin demokratikliyinin şərtlərindən biri də müstəqil məhkəmə hakimiyyəti ilə yanaşı güclü vəkillik institutunun olmasıdır”; “Mən inanmıram ki, respublikada elə bir ikinci orqan tapılsın ki, Vəkillər Kollegiyası qədər hüquqsüz olsun”; “ Vəkillər Kollegiyası yalnız o halda öz qarşısında duran vəzifələri yerinə yetirə bilər ki, o, tamamilə müstəqil olsun”; “bu gün müdafiəçilər, xüsusilə istintaq və təhqiqat zamanı demək olar ki, formal fəaliyyət göstərir”; “demokratik dövlətdə vəkillik də, məhkəmələr kimi qanuna tabe olmalı və hər cür təsir vasitələrindən kənar olmalıdır”. Kifayət deyilmi? Bəs sonra nə baş verdi? Niyə belə odlu-alovlu danışan, Azərbaycan vəkilliyinin əbədi probemlərini cəsarətlə və dəqiqlə sadalayan bu adam nəinki o problemlərin həlli istiqamətində nələrsə edə bildi, əksinə özü vəkilliyin inkişafında böyük problemlər yaratdı, əngələ çevrildi? Doğrudanmı, hər şeyi müsahibənin verildiyi illərin izafi demokratiyasının ayağına yazaq?

***

Onu son dəfə 2017-ci ilin günəşli sentyabr ayında, indi dəqiq xatırlamadığım günlərin birində gördüm. Vəkillər Kollegiyasının dar dəhlizində xəstəliyin üzüb əldən saldığı, işığı öləzimiş gözlərini istiqamətini tutmağın o qədər də asan olmadığı dərin boşluğa dikib, qeyri-müəyyən şəkildə susqun dayanmışdı. Adamın görünüşündən çox, bu görünüşün yaratdığı ağır, tutqun təəssürat yaddaşımda qalıb. Kollegiyanın şəhərin mərkəzindəki - Səməd Vurğun küçəsindəki köhnə, təmirsiz, kəsif rütubət, bir az da miskinlik qoxuyan aurası bu təəssüratı daha da kəskinləşdirirdi.

***

Azər Tağıyev
Azər Tağıyev

O, korrupsioneriydimi? Yox! Yadıma gəlir, kollegiyaya sənəd verəndə, namizədlərdən tələb olunan yeganə şeyi - 50-60 qəpiklik sadə kağız qovluğu deyinə-deyinə alıb aparmışdıq. Onun təmtəraqdan uzaq, tutduğu posta əcaib dərəcədə uyğun gəlməyən sədr otağı vardı. O, oynayırdımı? Yox! O, az sonra kollegiyadan xaric edəcəyi yaşlı vəkilə “neçə dəfə telefonuna zəng eləmişəm, ad gününü təbrik eləmək istəyirdim” deyəcək qədər “əxlaq” sahibi deyildi. O, siyasi sifarişlərə öz məxsusi əlavələrini eləmirdi. Nəydisə oydu. Riyakar deyildi. Hətta bir az cəsarət eləyib demək istəyirəm, özünə təhlükə yaranmayana qədər müdafiə etməyə cəhd göstərirdi. Çox nadir qarşılaşmalarımızda kəskin mübahisələrimiz olmuşdu. Bəzən qeyri-adekvat reaksiya verirdi, bir sıra hallarda mövzunu heç dəxli olmayan istiqamətə dartıb aparırdı. O, vəkilliklə bağlı problemləri eşitmək belə istəmirdi, onları eşidəndə əsəbləşirdi, özündən çıxırdı, bu problemləri yola verməyi, həmin problemlərlə “dinc yanaşı yaşamağı” təklif edirdi. Adam yanıb-yaxılırdı, hövsələsi daralırdı. Amma daha çox diqqət yetiriləsi məsələ, niyyətiydi ki, bu da şər deyildi. Onun qırmızı sərhədi - özüydü. Onun özünə problem yarananda, yaxud bu problem təhlükəsi real olanda bütün dəyərlər öz mənasını, əhəmiyyətini itirirdi.

***

Onun rəhbərlik etdiyi kollegiya vəkilliyin indiki, real, ağır böhranlı vəziyyətinə adekvat idi və yəqin ki, bunun belə olduğunu özü də yaxşı anlayırdı. Çox güman ki, elə bu səbəbdəniydi ki, o, xırda, əhəmiyyətsiz məsələlərə fikir vermirdi. Kimlərəsə ağız açıb, yaxşı, təmirli, böyük və işıqlı ofisə köçmək olardı, etmirdi. Saat hesabına verilən təhqir dolu qəpik-quruşun məbləğini bir neçə manat da artırmaq olardı, təşəbbüs göstərmirdi. Vəkillərə mantiya daşıtdırıb, bütün məhkəmə iclaslarında xüsusi geyimdə olmağı əmr edə bilərdi, göz yumurdu! Çünki vəkilliyin problemləri bunlar – böyük və işıqlı ofis, saat hesabının bir neçə manat artırılması, məhkəmə iclasında mantiya geyinmək və s. və i.a. deyildi! O yerdə ki, əsas məsələdən yapışa bilmirsən, ciddi problemləri həll etmək imkanından və iqtidarından məhrumsan, onda sıra sayında, 50-ci, 100-cü olan məsələlərə baş qoşmağın nə mənası?! O, xırda-xuruş məsələlərə bəzək-düzək verib “vəkilliyin inkişafı” kimi ictimai menyuya sıramır, görüntü yaratmırdı. Onun oturduğu, sadə otağından indiki dəbdəbənin aldadıb gizlətdiyi Azərbaycan vəkilliyinin elə bu otaq kimi, təmtəraqdan uzaq, köməksiz, hüquqsuz, necə deyərlər, əsl siması görünürüdü.

Bəlkə də o ən ciddi məsələlərdə (vəkilliyin müstəqilliyi, güclü vəkillik, hər cür kənar təsirlərdən azad olma və s.) dəhşətli dərəcədə sınıb, sındırılıb, məğlub olmuşdu və bu məğlubiyyət onu miskin dərəcədə qorxudub, sarsıdıb, barışdırmış, əbədi sakitləşdirmişdi.

***

O, özünün də aktiv iştirak etdiyi ən son nəticədə - Azərbaycan vəkillik tarixinin ən qara, təhkimçi dövründə sədr olmadı. Amma bu, onun məsuliyyətini bir balaca da olsun azaldırmı? Yox! O, çox uzaq 74-dən vəkilliyin içindəyidi, yaxın 95-dən kollegiyanın sədriydi. Üst-üstə hesablayanda dopdolu 44 il edir! Həyatın əhəmiyyətli hissəsini, Allahın verdiyi ömrün 44 ilini bir işə, peşəyə həsr edəsən, o da belə! O, ikinci, üçüncü plan adamıydı, onun sirli və mürəkkəb, ziddiyyətli qəlbindəki təbəddülatlar birinc plana uyğun gəlmirdi. Onun 92-də səmimi qəlbdən inanıb, cəsarət və əminlikə bəhs elədiyi dəyərlərdən üz döndərməsi, onun bir az fağır, bir az da qüssəli transformasıyasını yaratdı.

Azər Cabir oğlu Tağıyevin həyat kompozisiyasının, xüsusi bir təfərrüatı olmayan ömür təhkiyəsinin solğun ana xətti də elə buydu...

Ötən ilin günəşli sentyabr günlərinin birində Vəkillər Kollegiyasının Səməd Vurğun 48 ünvanındakı dar dəhlizində rast gəldiyim, dərin boşluğa dikilmiş, işığı öləzimiş gözlər, yaxınlaşan aşkar ölüm qorxusundan avazımız üz, donuq sima niyəsə gözlərimin önündən getmir...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.