Orxan Adıgözəl
Orxan Adıgözəl

Pozitiv ölüm

İki aya yaxın olardı ki, depressiyada idim. Həmin halın məhz nədən qaynaqlandığını bura yazmağa ehtiyac duymuram. İndi bunun elə bir əhəmiyyəti də yoxdur.

Nə isə.. Bu halımı heç ailəmə belə hiss etdirməmişdim. Valideynlərimi neqativlə yükləmək, onları hansısa şəkildə şəxsi qayğı və problemlərimlə narahat etmək prinsiplərimə ziddir. Bu o demək deyil ki, atamla, anamla bir çox övladlar arasında mövcud olan mənəvi və səmimi uzaqlıq var, xeyr! Çox şükür onlarla olan əlaqələrim isti və mehribandır. Çünki ortada sevgi var. Məsələ ondadır ki, mən belə hallarla qarşılaşanda valideynlərimlə münasibətlərimi diplomatik şəkilə salıram. Düşünürəm ki, onsuz da gündəlik qayğıların fonunda bir də mənim depressiv halımı “çəkməyə” borclu deyillər. Onlara belə şey yaşatmağa haqqım yoxdur.

Bir neçə seçkin dostlarımdan savayı heç kimə melanxolik əhvalda olduğumu bildirmədim. Həmin dostlar da sağ olsunlar, öz mənəvi dəstəklərini əsirgəmədilər. Onların məsləhətlərinin müəyyən təsiri olsa da, heç cür neqativ əhvaldan xilas ola bilmirdim. Fəsil dəyişikliyi də bu halın daha da ağırlaşmasına səbəb olurdu.

Bir şeyi də qeyd edim ki, təbiətcə bədbin və depressiyaya meyilli biri deyiləm. Belə halla son 10 ildə cəmi iki, ya üç dəfə rastlaşmışam. Öyünmək kimi çıxmasın, heç fiziki məhdudiyyətimi belə fəlakət saymayan biriyəm. Məni nikbin insan saymaq olar. Ümid və inam həmişə əsas silahlarımdan olub. Həmin iki şey mənim inanc sistemimin ayrılmaz tərkib hissəsi sayılırlar.

O cür əhvalı boğmağa, məhv etməyə qərar verəndən sonra vəziyyətin özümlə bağlı olan ümumi motivini təhlil etməyə başladım. Ortaya çıxan motiv çox standart və klassik idi - gələcəklə bağlı qayğılar...

Bəs bu hansı qayğılardır? Qayğıların tərifini yazım:

Qayğılar ümumi olaraq konkretlikdən uzaq, həyata keçməsinə ehtimal verdiyimiz düşüncələrdən qaynaqlanır. Qayğı bir insanın özünüqoruma və riski azaltma formasıdır. Qayğı həm də gələcəklə bağlı mənfi təhlil və hadisələri öncədən pis təsəvvür etmədir.

İkinci nüans özünə yazığı gəlməklə bağlıdır. Bu hal insanı depressiyaya aparan güclü təsirə malikdir. Təxminən 7, ya 8 il öncə oxuduğum yapon yazıçısı Haruki Murakaminin “Norveç meşəsi” romanından bir hissəni yenidən xatırladım. Sevgilisinin ölümündən sonra bərk sarsılan və depressiyaya düşən gənc Vatanabeyə otaq yoldaşı deyir ki, heç vaxt özünə yazığın gəlməsin. Romanın qəhrəmanı o sözləri dərk edəndən sonra özünə gəlir.

“Heç vaxt özünə yazığın gəlməsin!” - bu ifadə bir növ mənim həyat devizimə çevirilib. İnsanın özünə yazığı gələndə qayğılar onu çulğayır və beynini işğal eləyir. Sonra da təbii olaraq qayğılar motivasiyamızı pozur, ümidlərimizi yox edir və bizi uzun müddət öz əsirinə çevirəcək depressiya “həbsxana”sında saxlayır.

Axı qayğı sadəcə ehtimallardan ibarət bir hissdir və bu hiss gələcəklə bağlı zəmanət və dəlil sayılmır. Həmin hisslərlə yola çıxsaq, həqiqətə yox, yanılmağa məruz qalarıq.

Ağlımıza gündəlik yüzlərlə, minlərlə fikir gəlir. Bunların arasında olan neqativ fikirin neçə faizi gerçəkləşir? Bəlkə də heç iki-üç faizi belə reallaşmayıb.
İndi artıq yaxşıyam. Bu cür yaxşı olmağıma səbəb həm də bu yaxında izlədiyim teatr tamaşası oldu. Rus yazıçısı və filosofu Gerçen çox düz buyurub: “Teatr - həyatı vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır”.

Akademik Milli Dram Teatrında yeni açılmış Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan “Bir, iki- bizimki” tamaşası mənə çox müsbət təsir elədi. Tamaşanın quruluşçu rejissoru dostum Əlif Cahangirlidir. Əlif onu Kamal Abdullanın eyniadlı əsəri əsasında səhnələşdirib. Açığı əsəri oxuduqda, onu elə də bəyənməmişdim. Əlif tamaşanı çox fərqli və gözəl şəkildə quraraq, oxuduğum “Bir, iki-bizimki”ni mənə tamamilə unutdurdu. 

Qarışıq və güclü emosiyalar alaraq, ölümün bizə necə yaxın olduğunu dərk edərək, sanki yer və göy arasında səyahət elədim. Tamaşa barədə nələrsə yazmayacam. İstəyən bilet alıb, gedib izləyə bilər. Məsləhətdir.

Həmin fəlsəfi notlarla zəngin olan tamaşadan sonra depressiyadan tamamilə xilas oldum. Ordan aldığım enerji ruhumun közlərini belə sağaltdı. Həyatın ağır tərəflərin, qayğıların beynimizdə necə şişirtdiyimizi dərk etdim. Ölüm belə pozitiv gəldi mənə. Tamaşadan sonra Əlifə zarafata dedim ki, bu tamaşadan sonra insan hətta ölmək istəyir, ölümü bu qədər pozitiv göstərən olmamışdı mənə.

Tamaşadan əvvəl də Əliflə görüşmüşdük. Bizə gəlmişdi. Halımdan xəbərdar idi. Ümumiyyətlə, Əliflə ara-sıra görüşür, həyatdan, münasibətlərdən və onun sevdiyi mövzu olan fəlsəfədən söz açırıq. Onun bu sözlərini də heç vaxt unutmayacam: ‘’Ağlımıza gələn fikirlərin heç biri qalıcı deyil, onlar müvəqqəti olaraq ora gəlir və gedirlər. Qalıcı olan isə bizik. Gördüyümüz ətraf, var olduğumuz kainat məhz sənin üçün mövcuddur. Dünyaya gəlmisənsə, yaşayırsansa, deməli, sən seçilmiş sayılırsan. Yaşa, anı yaşa”.

Bir daha əmin oldum ki, insan keçmiş və ya gələcəklə yaşayırsa, xoşbəxt ola bilmir. Keçmişin kölgələri, gələcəyin sərt görünən küləkləri ona rahatlıq gətirmir. Məsud və xoşbəxt yaşamağın yolu, ancaq və ancaq – anı yaşamaqdır.

Dünya bir gündür, o da bugündür!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.