Nəriman Nərimanov
Nəriman Nərimanov

Doktor Nəriman və ziyalılar

Xudavəndi-aləmin köməyi, hökumətimizin nəzir-niyazı, xalqımızın xeyir-duası ilə nəhayət ki, ötən həftə Rusiyada prezident seçkiləri baş tutdu. Öncədən bilindiyi kimi, möhtərəm ağayi Putin həzrətləri siyasi oponentlərini tar-mar edib taxt-tacnı əlində saxladı. Beləliklə, Putin cənabları Rusiya rəiyyətini daha altı il idarə edəcək. Daha altı il dünya siyasətinə dərd-sər olacaq. Yenə Qarabağın açarını göstərib Kremlin pəncərəsindən bizə barmaq silkələyəcək. Barmaq cəhənnəm, ara-sıra ərk edib qulaqburması da verəcək. Sonra aranı qarışdırıb, hamı ilə düşmən olub, hökumətimizi də buna sövq edəcək. Vallah, imkan vermirlər hökumət neftdən bala-bala satıb güzəranını qursun. Stabil siyasətini yürütsün, əmin-amanlıqı saxlasın, bizi Suriya, İraq olmaqdan qorusun. Əşi, nə bilim, bizimki qalıb Allaha. Bəyəm dərdimiz birdi, ikidi? Deməklə qurtarmaz, yazmaqla bitməz. Qabaqdan isə prezident seçkiləri gəlir.

Düzü, seçkilər payızda olmalıydı, amma nə oldusa, tələm-tələsik keçirdilər aprelə. Qardaş, bunların işindən heç baş açmaq olmur. Seçkinin səbəbsiz irəli atılması bəndənizə bir məsələni xatırlatdı.

Deyirlər ki, böyük insan, dahi Mirzə Cəlilin redaktoru olduğu “Molla Nəsrəddin” idarəsində qəribəliklər az deyildi. Məsələn, qapının zəngi tez-tez xarab olardı, samovar axardı, bəzən odun çatışmazdı. Mirzəyə deyəndə ki, a bəy, filan şeyin təmirə ehtiyacı var, bəyin sözü bu olardı:

-Belə də ötüşərik. Molla Nəsrəddin kimi olmaq lazımdır. Əgər bizim hər şeyimiz yerli-yerində olsa, onda Molla Nəsrəddinə bənzəmərik.

İndi Mirzənin sözü olmasın, bizim hökumət analoqsuz olduğunu gərək hər şeydə göstərsin. Elə hər zadı yerli-yerində eləsə, tay nə tövr analoqsuz hökumət olacaq?!

Seçki xəbərini camaata sübh tezdən demələri isə lap əntiqə oldu. Sən öləsən, camaat özünü itirdi, bilmədi bu xəbərə sevinib şirinçay içsin, yoxsa çayı içib sonra sevinsin. Bəs necə, öyrəşiblər benzinin, suyun, qazın qiymətini gecələr, insanlar yatandan sonra qaldırmağa. İndi də başlarında qalıb. Deyirəm yaxşı ki, seçkinin vaxtını çaşıb Tarif Şurası elan etməyib. Açığı, heç təəccüblənməzdim, bunlardan nə istəsən çıxar.

Nə isə, keçək mətləbə. Deməli, seçkilərin vaxtı təyin olunandan sonra konsert başladı, nə başladı. Bir qrup ziyalı, aktyor, manıs ortaya tökülüşüb hazırkı prezidentə dəstək oldular. Əl çalıb, dombalaq aşıb, yallı getdilər. Xeyli təriflədilər, doyunca mədh etdilər, şiddətli alqışladılar.

Deyirəm, vallah, bəxt yaxşı şeydi. Gərək o biədəb məsəldəki kimi, zad olasan bəxtin ola. Bir xalq kimi ziyalı sarıdan yarımadıq, qardaş. Harda istedadsız, natamam, mədhaq adam varsa, onlardan bir vaqon yığıb, ziyalı qayırıb sırıdılar bizə. Hər addımda heykəllərini qoydular. Adlarını küçələrə verdilər. Kitablarını tirajladılar.

Bu ərəfədə həmişə getdiyim bukinistdən bir kitab aldım. Kitab Nərimanovun bioqrafiyası idi. Sovet vaxtı çap edilən bu kitabın tirajını görəndə gözlərim bərəldi. Nə az, nə çox, düz yüz min tiraj. Kitaba bir manat pul verdim. Sonra arxasına baxıb gördüm ki, elə Sovet vaxtıda eyni qiymətə satılırmış. Həyat çox amansızdır, gec-tez hamıya öz həqiqi qiymətini verir.

Kitabı yarıya qədər birtəhər oxuya bildim, hövsələm daraldı, səbrim çatmadı. Hiss olunurdu ki, müəllif kitab üzərində işləyərkən xeyli əziyyət çəkib. Nərimanovun kasad bioqrafiyasında olan boşluqları doldurmaq üçün gah nala vurub, gah da mıxa. Gah fevral inqilabından yazıb, gah bolşevik-menşevik mücadiləsindən danışıb, gah da müsavatçıları söyüb. Elə bu minvalla arada Nərimanovun adını çəkib tələm-tələsik kitabı bitirib. Müəllifi qınamalı deyil, zatən belə də olmalıydı. Kitab totalitar sistemin ona canıdildən qulluq edən istedadsız insanlardan necə dahi siyasətçi, yazıçı və hətta ölkə başçısı düzəltməyi təcəssüm edir.

Elə olmasaydı, Nərimanov kimi orta statistik həkim, siyasətdən uzaq bir adam gəlib Azərbaycanın dövlət başçısı, hörmətli ziyalısı, yazıçısı, dramaturqu, teatr və ictimai xadimi olmazdı. Onun yaradıcılığı çox qısadır. Dram əsərləri (“Nadanlıq”, “Şamdan bəy”, “Nadir Şah”) bayağı və primitivdir. Nəsr əsərləri (“Bahadır və Sona”, “Pir”, “Bir kəndin sərgüzəşti”) ədəbi dəyərsizdir. “Bahadır və Sona”-da yazıçı ermənilərlə barışıq axtarmaq, ədavəti unutmaq istərkən Bahadırın timsalında biz azərbaycanlıları aşağılayır. “Pir”-in süjeti o zaman üçün artıq çeynəlmişdi, əsərdə qəhrəmanlar süni, dialoqlar cansızdır. “Bir kəndin sərgüzəşti” isə sanki Tağıyevdən uzun illik ədavətin açığını çıxmaq üçün yazılmışdı. Lakin bütün bunlara rəğmən doktor Nəriman Sovet vaxtı mötəbər bir şəxs kimi qələmə verilir. Çünki əsas amil onun yaradıcılığı, həkimlik peşəsi deyil, siyasi baxışı, bolşevizmə bağlılığı, Leninə sevgisi və məddahlığı idi.

Bəli, şəxsən Nərimanovun əli 12 min azərbaycanlının qanına bulaşıb. Doktor Nəriman 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda azərbaycanlılara qarşı baş tutacaq soyqrımdan xəbərdar idi. O, çox yaxşı bilirdi ki, Şaumyanın dərdi sinfi məsələ deyil, milli məsələdi. Nərimanov bilirdi ki, Şaumyan və Mikoyan daşnak Andraniki sidq-qəlbdən dəstəkləyir. Amma söz deməyə, mövqe göstərməyə, təkid etməyə cürəti çatmırdı. Leninin yanında başıaşağı olmaq istəmirdi. Mart qırğını öncədən bütün “Hümmət”-çilərə məlum idi. Ancaq nə Əzizbəyov, nə Həmid Sultanov, nə Dadaş Bünyadzadə ziyalı deyildilər. Onlar Fioletov, Krasin, Montin, Əliheydər Qarayev kimi adi bolşeviklər idi. Başqa bir ziyalımız, xalq yazıçısı M.S.Ordubadi də Nərimanov kimi səssiz-səmirsiz qalırdı.

1917-ci ilin noyabrında Tbilisidə bolşeviklər sülh yoluyla hakimiyyəti ələ keçirə bilmir. Bundan sonra Lenin və Stalin gürcü bolşeviklərə müraciət edərək qəti sürətdə silahlı çevrilişə hazırlaşmağı tələb edirlər. Lakin gürcü bolşevikləri Maxaradze, Mdivani, Toroşelidze (yazıçı, publisist) sərt formada bu fikirdən imtina edirlər. Və bildirirlər ki, konflikt yaradan məsələ mütləq sülh yoluyla həll olunmalıdır. Bir sözlə, gürcülər öz millətini qırmaqdan, qardaş qanı axıtmaqdan imtina edirlər.

Bakıda isə martın 31-də Nərimanov Şaumyanı və Rəsulzadəni öz evinə dəvət edir. Məsələni dinc yolla həll etməyə guya səy göstərir. Halbuki, hadisələrin necə bitəcəyi artıq gün kimi məlum idi. Bolşeviklərin bir neçə ay öncə Şamaxıya, erməni əhalisinə göndərdiyi silah barəsində doktor məlumatlı idi. Lakin qırğından sonra Nəriman “Hümmət” qəzetində utanmayıb, həyasızcasına “qırğında daşnaklarla bərabər, müsavatçılar da günahkardı” yazacaqdı.

Stalinizmin gur vaxtında, repressiyaların tüğyan etdiyi, keqebeşniklərin gecələr qapıları döydüyü dövrdə də bədnam ziyalılarımız yetərincə idi. Sovet Azərbaycanında cəza üçlüyü ( Teymur Quliyev, Cahangir Axundzadə və Sumbatov) yaradılmışdı. Onlara başçılıq edən yoldaş Bağırov idi.

Bədnam ziyalılarımız isə Ata Stalinə, Ağa Bağırova məddahlıq edir, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq barəsində donoslar yazır, şura yazıçıları birliyinin plenumunda üzəduranlıq və ikiüzlülük edirdilər. Şərəfsizlik, daha çox yaltaqlıq etdikcə, kitabları tirajlanır, Yazıçılar Birliyinə qəbul olunur, gün-güzəranları düzəlirdi. Arada “26 Bakı komissarı”, Kommunist Partiyası barəsində silsilə yazılar, poemalar yazıb Esentukidə, Kislovodskda dincəlirdilər.

Beləliklə, indi ziyalı dediyimiz yazıçılar, şairlər Stalin rejimini, şəxsiyyətə pərəstişi dəstəkləyir, baş verən haqsızlıqlara susur, öz qələm yoldaşlarına qarşı donos yazıb, evyıxanlıq edirdilər. Bu minvalla totalitar rejim bir yığın savadsız, bacarıqsız və istedadsız adamdan yazıçı, ictimai və siyasi xadim, dahi şəxsiyyət düzəldirdi.

İndi siz deyin, ölkədəki repressiyaları, siyasi məhbusları, bərbad iqtisadiyyatı, ifrat bürokratiyanı, korrupsiyanı, ədalətsiz məhkəməni, söz azadlığına qarşı açıq müharibəni, təhsildə və səhiyyədə olan problemləri görüb dinməyən, söz deməyə cürət etməyən, mövqeyi bilinməyən ziyalıyla doktor Nəriman arasında hər hansı bir fərq varmı?

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.