Aleksandr Sokurov: Bizim dövlət qurmaq istedadımız yoxdu

Aleksandr Sokurov

“Demokratiya rus xalqının sevimli uşağı olmadı”

Müasir rus kinosunun tanınmış simalarından biri, rejissor Aleksandr Sokurov “Radio Svoboda”-ya müsahibə verib. Aygün Aslanlının tərcümə etdiyi həmin müsahibəni qısa ixtisarla təqdim edirik.

Mən hələ 2007-ci ildə Ukrayna ilə müharibənin qaçılmaz olduğunu demişdim

— Aleksandr Nikolayeviç, siz tez-tez deyirsiniz ki, gənclərlə, hökumətlə danışmaq lazımdı. Bəs niyə heç kim bunu eləmək istəmir? Niyə Rusiyada aqressiyanın səviyyəsi bu qədər yüksəkdi?

— Rusların problemlərinin səbəbi daha çox bizim məkanın nəhəngliyi ilə bağlıdı – bu, çox ağır yükdü.

— Düşünürsüz ki, Rusiyanı kiçiltmək lazımdı?

— Mən düşünürəm ki, bu, öz-özünə baş verəcək. Elə qərarlar var ki, bu gün qəbul eləmək lazımdı, əks halda güc metodlarından istifadə etmək zərurəti yaranacaq. Dövlətin inkişafında həmişə on addım irəlidə olmaq lazımdı, geri qalmaq yox. Mən hələ 2007-ci ildə Ukrayna ilə müharibənin qaçılmaz olduğunu demişdim, bir tarixçi və insan kimi mənə hər şey aydın idi. Əslində Rusiyanın vəziyyətində mürəkkəb heç nə yoxdu. Mənim də bizim siyasətçilərə çoxdan heç bir sualım qalmayıb, hər şeyin hansı istiqamətə getdiyini başa düşürəm. Özümə söz vermişəm ki, bir də proqnoz verməyəcəm, onsuz da heç kimin vecinə deyil. Ancaq bir insan və sənətkar olaraq mən özüm vətənimi gözləyən hadisələrə hazır olmalıyam. Əgər onları aşmaqdan ötrü enerji, ağıl və səbir tapılsa, Rusiyanın gözəl gələcəyi ola bilər, o, nəhəng potensiala malikdir. Amma bunun üçün ölkənin obrazını, dövlət quruluşunu radikal şəkildə dəyişmək lazımdı. “Aleksandra” filmində qəhrəmanım deyir ki, Allahdan ağıl istəyin, başqa heç nəyə ehtiyac yoxdur. Mənə elə gəlir ki, bu məsələdə rus insanının çatışmazlığı var. Biz elmə, incəsənətə meyilliyik, amma dövlət quruculuğuna yox. Pyotr əbəs yerə Avropa təcrübəsini — içində yaşadığımız sivilizasiyanın təcrübəsini ölkəyə gətirməyə çalışmırdı. Ancaq mənə elə gəlir ki, vətənimin, mənim Rusiyamın peyğəmbəranə, müdrik qərarlara ehtiyacı var, hərbi qərarlara yox. Biz hələlik geri gedirik. Bəlkə üç-dörd ildən sonra gəlib- çatdıq, bəs sonra nə olacaq? Bizim ölkəmizin böyük özünəməxsusluğu var. Mən fikirləşəndə ki, bu gün hökuməti tənqid edənlər hakimiyyətə gələndə nə olacaq, narahat oluram. Onların da ətrafında eyni adamlar olacaq. DİN-in bir nəfər də korrupsiyaya bulaşmamış əməkdaşı olmayacaq. Hamının bu infeksiyaya yoluxduğu bir yerdə nəsə elə görüm, necə eləyirsən. Putini Suriyaya görə tənqid eləyənlər eyni nəhəng ordusu, geniş sərhədləri olan ölkəni alacaqlar. Onların da böyük hərbi büdcəsi olacaq və indi baş verən hər şey təkrarlanacaq. Dövlət quruculuğunda, dövlətin strukturunda ciddi dəyişikliklər olmadan regionlar arasındakı problemi həll eləmək mümkün deyil. Bu dəyişikliklər olmasa, məncə, Rusiyanın mövcudluğu qeyri-mümkündür.

Sosial fəallığı şüurlu birgə işə çevirmək lazımdı

— Bəs o dəyişikliklərə necə nail olaq? Görün, siyasi prosesdə iştiraka istənilən cəhd, gənclərin küçəyə çıxması nə ilə nəticələnir? Hamısı dərhal boğulur.

— Gənclər küçəyə çıxırlar, çünki gənc nəsillə cəmiyyət arasında dialoq sistemi yoxdur. Mən dəfələrlə keçmiş qubernatora da, indikinə də demişəm ki, əgər məktəblilərlə, tələbələrlə siyasi dialoq sistemi yaratmasanız, onlar əvvəl-axır Nevskiyə çıxıb restoranlara, kafelərə qumbara atmağa başlayacaqlar. Onlar bunu ona görə etməyəcəklər ki, cinayətkardılar, ona görə edəcəklər ki, sosial temperament təbiətlərinin vacib hissəsidir. Məhz, bu yaşda məntiq nöqteyi-nəzərindən motivi olmayan sosial fəallıq meydana çıxır. Bu sosial fəallığı şüurlu birgə işə çevirmək lazımdı. Bu yoxdur. Qubernatorların heç biri gənclərlə görüşməyə hazır deyil. Dövlət özünü müdrik aparmalıdı. Amma təəssüf ki, o, özünü belə aparmır. Dövlətdən əxlaqlı davranış tələb eləmək mümkün deyil. Və nə qədər ki, cəmiyyətin içində siyasətçilərə “sizin siyasətiniz bu xalqa baha başa gəlir” deyən qüvvələr yaranmayacaq, həmişə belə davam eləyəcək. Biz Konstitusiyaya dəqiqliklə riayət olunmasını tələb etməliyik, kilsənin dövlətdən ayrılması prinsipinə manyakcasına əməl olunmasını, televiziyanın siyasiləşdirilməməsini, təhsilin inkişafını tələb etməliyik. Təhsilə görə pul almaq olmaz, xüsusilə də Rusiyada. Bölgələrlə bağlı bu qədər problemləri, milli problemləri olan bir ölkədə. Bizdə hər növ təhsil çatımlı olmalıdı – qeydsiz-şərtsiz. Təhsil, mədəniyyət, səhiyyə ən böyük büdcələri almalıdı, əks halda dövlət nəyimizə lazımdı? Dövlət mədəniyyət məkanı yaratmaq üçün lazımdı, ona görə lazımdı ki, insanlar vəhşiləşməsin. Dövlət isə mədəniyyəti udur. Ancaq işlərin bu vəziyyətdə olması əhali tərəfindən dəstəklənir. Xalq – düşünən insanlardı, yerdə qalanlar əhalidi. Vətəndaş cəmiyyəti isə dəstək almadığına görə inkişaf eləmir. Bəyəm demokratik radiostansiyaları, “Novaya qazeta”nı milyonlar dəstəkləyir? Qətiyyən. Demokratiya rus xalqının sevimli uşağı olmadı və hələ uzun müddət olmayacaq. Hələ qorxun ki, daha sərt, stalinsayağı prinsiplərə, ya da monarxiya prinsiplərinə keçid baş versin, yaxud Pravoslav kilsəsi hakimiyyətə gəlsin. Bu, ümumiyyətlə, Rusiyanı məhv eləyər. Çünki burda yaşayan güclü müsəlman icması özü üçün eyni dividentləri tələb eləyə bilər. Bu, məni daha çox narahat eləyir, nəinki digər siyasi proseslər. Mən lap Şimal qütbündə də pravoslav ola bilərəm, amma rus olmaq yalnız bu ölkədə mümkündür. Ölkəm dağılmağa başlasa — Moskva və Peterburq yox, bu, Rusiya deyil, mənim Arxalgelskim, Murmanskim, Yekaterinburqum — bir rus insanı olaraq mən hara gedəcəm? Əgər əvvəllər “arxamda Moskva var” deyirdilərsə, indi arxamızda ancaq Buzlu okean qalır.

Siz vətənpərvərlikdən danışırsınız, mən isə deyirəm ki...

— Mədəniyyət yerinə vətənpərvərlik “əkən” yeni dalğaya necə baxırsınız?

— İnsanları siyasətə soxurlar, onlarsa ən elementar şeyləri anlamağa qadir deyillər. Rus insanı yeniyetmə uşağına bloka işəməməyi öyrədə bilmir. 1-ci, 2-ci kanalın bəzi proqramlarına baxın, görün, insanlar necə yaşayırlar, evləri necə dəhşətli vəziyyətdədi. Mən NTV-də “Utanmazlar” adlı çoxseriyalı filmə baxıram. Qüsursuz kinematoqrafik əsərdi. Orda elə həyat mənzərələri var ki, hərdən ekrana baxmaq belə ağrıdır. Aktyor işi inanılmazdı. Heç vaxt “Ermitaj”a getməmiş, bundan sonra da getməyəcək, cəmi iki-üç kitab oxumuş, bir daha oxumayacaq adamların yaşam cizgilərini çatdırırlar. Çoxlu sayda məhəllələr və şəhərlər var ki, ümumiyyətlə, heç bir mədəniyyət küncü də yoxdu. Siz vətənpərvərlikdən danışırsınız, mən isə deyirəm ki, bloklara işəməyin! Həbsxanalarda nə qədər adam yatır! Onların 95%-i rus kişilər və qadınlardı, əksəriyyəti ağır, qorxunc cinayətlər törədib. Bax, mənim də bir parçası olduğum xalq bunları yaşayır. Bizim dövlət qurmaq istedadımız yoxdu – neçə əsrdi dövlət qururuq, amma heç nə alınmır. Bu, zərurət deyil: uşaq doğan hər qadın ana olmur, hər xalq da sivilizasiyanın addımlarına yetişə bilmir.

Bizə güclü, dinc, ağıllı dövlət lazımdı

— Bu gün bir qisim deyir ki, Rusiyanı sosial partlayış, diktaturaya keçid gözləyir, digər qisim isə — durğunluq. Necə hesab edirsiniz, hansı daha realdı və daha pisdi? 

— Durğunluq daha yaxşıdı: bu, pauzadı, güc toplamaqdı, qorunan həyatlardı, sosial prosesləri və iqtisadiyyatı daha dərin anlayan insanların yetişdirilməsidi. Stalin-leninsayağı dövlət modeli çoxdan özünü tükədib. Yeni dövlət modeli tapmağı bacaran insanlar gəlməlidir. Mənə elə gəlir ki, bizdə bu barədə fikirləşən adamlar yoxdu və çox qorxuram ki, tezliklə Konstitusiyanın yenidən yazılması üzrə iş başlayacaq, repressiv motivasiyalar güclənəcək, parlamentdəki aqressiv xanımlar hamının başını kəsəcəklər. Bizə bu lazım deyil. Bizə güclü, dinc, ağıllı dövlət lazımdı. Elə bir dövlət ki, ona hörmət edirlər, hərdən qorxurlar, amma o, heç vaxt öz gücünü göstərmir. Gərək bizim xarici siyasətimiz bu qədər bahalı və məsrəfli olmasın, paytaxtımız xalqımıza bu qədər baha başa gəlməsin.

— Durğunluq dövrü bu problemlərin həlli üçün səmərəli pauza verə bilərmi, yoxsa hakimiyyət onu daha da sərtləşmək üçün istifadə edəcək?

— Sərtləşmə mütləq olacaq, amma durğunluq- ümidlə baxmağa dəyər yeganə şeydi. Adamlar, Qorbaçovu necə gözlədiyimizi artıq unudublar. Ölkəni məhv eləmək heç kimin ağlından belə keçmirdi, bizim ağıllı dəyişikliklərə ehtiyacımız vardı, istəyirdik ki, rəhbər siyasi partiya ağıllansın, Stalin dövrünün səhvlərini, mədəniyyətə qarşı kütbeyin münasibətini etiraf eləsin. Bizə ölkə lazımdı – dünyanı hədələyən, anlaşılmaz bir sistem yox. İndi Qorbaçovu lənətləyənlər, onun gəlişini necə uzun müddət gözlədiyimizi xatırlayın! Amma görünür, dövlətçilik istedadının yoxluğu olanların olmasına gətirib çıxartdı. Adam çox təcrübəli, ancaq yararsız insan ola bilər. Məsələ bundadır.

Rusiyada vəziyyət daha mürəkkəbdi

— Sizin hakimiyyət haqqındakı tetralogiyanız hökmdarların xarakterlərinə həsr olunub, ancaq insanların zülmkarları niyə sevdiklərini göstərmirsiniz. Niyə?

— Bu sadədi. Başlanğıcda Hitler xırda reflektiv subyekt idi, onun tiran olmaq üçün heç bir şansı yox idi. Əgər xalq onu dəstəkləməsəydi… Axı, o, demokratiyanın mexanizmindən 100 faiz istifadə elədi. Digər tərəfdən, “Mayn kampf” kitabı xeyli əvvəl yazılmışdı, böyük tirajlarla nəşr olunurdu – Hitler heç nəyi gizlətmirdi və ona inandılar. Deməli, xalqın özünün içində xəstəlik, boşluq vardı. Onun olduğu yerdə isə mütləq nasizmdə meydana çıxanlar baş verir. Alman xalqı onu dəstəklədi.

— Necə ki, Rusiyada xalq Stalini dəstəkləmişdi.

— Hə, amma Rusiyada vəziyyət daha mürəkkəbdi. Kommunist Partiyasının irəli sürdüyü prinsiplər nasist ideologiyasının prinsiplərindən kəskin fərqlənirdi. Təkcə bir zəif məqam vardı – bütün dünyada kommunizm qurmaq arzusu. Nasistlər isə öz ideologiyalarını yaymaq və nəhəng nasist dövləti qurmaq istəyirdilər. Ancaq fərq böyük idi. Kommunizm müstəmləkə sistemi deyildi, amma nasizm və onun Avropadakı tətbiqi ilə əlaqəli olan hər şey müstəmləkə sistemləri yaradırdı.

Siyasətçi qadınlar əsl dəhşətdilər

— Necə fikirləşirsiz, niyə intellektuallar zülmkar rejimləri tez-tez dəstəkləyirdilər? Məsələn, fransız solçu intellektualların Stalini dəstəklədiyi kimi.

— Solçuluq – müəyyən dövrə aid olan ən təhlukəli siyasi praktikadı. Üstəlik, fransızlar bu xəstəliklərə yoluxmayıblar, bir-birilərini nə qədər öldürsələr də, heç bir inqilabı sona çatdırmayıblar. Siyasətçilər öz qanunlarının, dövlətin konstitusiyasının keşikçiləri olmalıdılar. O yerdə ki bu yoxdu, qorxunc şeylər baş verə bilər. Bir də ki, dahiliklə canilik – birlikdə mümkündü. Bizim zəmanəmiz də 30-cu illərlə müqayisə edilməyəcək dərəcədə ağırdı.

— Siz siyasətdə solçuluq təhlükəsindən danışdınız, bəs incəsənətdə belə məhvolma təhlükəsi varmı?

— İstedadlı, dahi, ziyalı insanlar az olanda belə təhlükə həmişə yaranır. Musiqidə Şostakoviç, Prokofyev vardı… Sonra Penderetski peyda oldu… Onlar keşikçidilər, darvazada dayanıblar və cürbəcür uşaq-muşağı içəri buraxmırlar. Onların varlığı – hündür hasar kimidi, ordan içəri tullana bilmirlər. Ədəbiyyatda da eyni vəziyyətdi. Böyük romançılar daha yoxdular, iki-üç ad var – Ulitskaya, Aleksiyeviç, Petruşevskaya, vəssalam. Hamısı da qadındı. Siyasətçi qadınlar əsl dəhşətdilər, o biri sahildə də qadın yazıçılar… Onlar bizi saxlaya biləcəklərmi? Axı, biz həmişə romantik qadın, qız, ana obrazından yapışmışıq. İndi isə aqressiv qadınlar cəmiyyəti məhv eləməyə başlayırlar. Ən azından, əvvəllər onlardan gələn balans Avropa xalqlarında artıq yoxdu. Köhnə Dünyanın inkişafının hansı məqamındasa ciddi bir səhv baş verdi, sonra da onu analiz eləməyə çəkindilər. Bu gün Qərbdə bu mövzunu müzakirə eləmək belə imkansızdı – qadının yerindən, sosial rolundan, insanın milli xüsusiyyətlərindən, adamların münasibətlərindən danışmaq olmaz. Bəs demokratiya, söz azadlığı harda qaldı?

— Bəlkə fəlakətin səbəbi bir də odur ki, bu gün incəsənətdən hisslər tamamilə sökülüb-atılır? Halbuki sənət həmişə onlara apellyasiya edirdi…

— Düzü, Avropa incəsənəti artıq çoxdan sosial istiqamətə yönəlib. Bu gün Rusiyada çəkilən və Qərbdə qəbul olunan filmlərin hamısı sosial motivlidi. Bu, mənəvi problem deyil, zahiri dünyanın problemləridi: İnsan sərtləşir, heç kimi sevmir, onu da heç kim sevmir. Əslində bu, mənəviyyat məsələsi deyil. Mənəviyyat və səmimiyyət – fərqli şeylərdi. Bu gün mənəvi məsələlər kinematoqrafı maraqlandırmır. Onlar italyanları maraqlandırırdı – Fellinini, Antonionini. Ruhun vəziyyəti Tarkovskini maraqlandırırdı. Bəs müasir rejissorlardan kimlərə bu, maraqlıdı? Heç kimə! Hamı insanın necə qəddarlaşdığını, nəyə qadir olduğunu göstərmək istəyir. İnsan da ekrana baxır və fikirləşir ki, bir dəqiqə, bu mənim haqqımdadı?! Deməli, belə eləmək olar? Qoy bu sevgisizliyi, nifrəti, hirsi öz ailəmdə, öz ölkəmdə sınayım. Fellininin, Antonioninin, Çuxrayın dövründə insanların bir-birini sevmədiyindən danışan film təsəvvür eləmək mümkün deyildi. Ancaq bu gün Qərbdə də, Rusiyada da daxili destruksiyanın, qəzəbli, kinli duyğuların əsas olduğu filmlər görə bilərsiniz.

Daim köhnə daşların üstündə oturmaq mümkün deyil

— Digər tərəfdən də formanın destruksiyası baş verir, özü də incəsənətin müxtəlif növlərində: ədəbiyyatda da, rəssamlıqda da.

— Hə, bu, indiki zamana reaksiyadı. İnsan get-gedə daha çox öz problemlərinin səbəblərini zahiri vəziyyətdə axtarır. Böyük sənət Bibliya motivləri üzərində yaradılıb, orda həyatda hərəkətin dəqiq qaydaları göstərilib. Deyilib ki: bax, bu yol illüzordu, orda isə, ümumiyyətlə, yol yoxdu, ora getməyin. Bibliyada gözəl mənzərələr, simvollar da vardı: İsanın qurbanı, Mariyanın əzabları. Ancaq dünya ciddi şəkildə dəyişib, bizim aramızda ruhi-mənəvi həyatın təkmilləşdirilməsi barədə düşünən keşişlər yoxdu. Halbuki olmalıdı, daim köhnə daşların üstündə oturmaq mümkün deyil, hamısı toz olacaq. Sənət aləmində isə buna toxunmağa qorxurlar: hünəriniz var, müsəlman dünyasının hansısa problemini bədii formada müzakirə eləməyə çalışın, sizi öldürərlər. Bizim pravoslav kilsəsinin nümayəndələri ilə hansısa problem haqqında danışmağa cəhd eləyin – “KQB”-yə donos gedəcək və sizi məhv edəcəklər. Dini institutların və dünyagörüşlərinin rekonstruksiyaya yox, hər mərhələdə yenilənməyə ehtiyacı var.

Başa düşürəm ki, məni də tuta bilərlər

— Bizim hər hansı sahədə azacıq ümidimiz varmı?

— Yaşamaq, azad qalmaq lazımdı. Başa düşürəm, mən də daxil olmaqla bu gün çoxu riskli vəziyyətdədi. Başa düşürəm ki, məni də tuta bilərlər. Amma bir az gücün varsa, eləmək istədiyini mütləq burda eləməlisən – vətəndə. Hərçənd mən son filmlərimi xaricdə çəkirəm – burda heç bir imkanım yoxdur – amma yenə də yaşamaq üçün vətənə qayıdıram. Qeyri-adi xalqa sahib olan böyük, ucsuz-bucaqsız, ağır ölkəyə. Bu xalq günahkardı, heç cür ölkənin təsərrüfatı ilə məşğul olacaq kişilər-atalar yetişdirə bilmir. Rus qadınlarında bu, heç cür alınmır də — bizim siyasətçi adlandırdığımız, ölümsüz, həbssiz, ağılla, addım-addım şüurlu, möhkəm, güvənli, dinc, istedadlı, özü ilə yetinən rus evi qura biləcək adamlar yetişdirmək alınmır. Düz deyirlər ki, Rusiyada uzun yaşamaq və lazımlı olmaq lazımdı. Rusiyada lazımlı, dərin insanlar çox azdı. Mən öz vətənimdə özümü lazımlı hesab eləmirəm. Mənə ağırdı. Öz gələcəyimə böyük təlaşla baxıram – həm vətəndaş kimi, həm də peşəkar kimi. Öz taleyimə, tələbələrimin taleyinə, ümumiyyətlə, ölkəmizdə baş verənlərə laqeyd qala bilməyən hər kəsin taleyinə görə narahatam. Artıq çoxu laqeyd qala bilmir və bu yaxşıdı. Bu yaxınlarda baş nazirlə görüşdə idim, xeyli söhbət elədik, ona bir neçə məktub verdim: şimalda yaşayan qadınlar üçün tibbi xidmətin vəziyyəti ilə bağlı, xəstəxanaların, doğum evlərinin bağlanması ilə bağlı – bir rus insanı kimi bunları təhqir hesab eləyirəm. Təbii ki, nazirdən heç bir cavab almadım. Mən hərbi kinostudiyanın vəziyyəti – ki, məncə, çox pis vəziyyətdədi – kino və teatr sahəsində iqtisadi fəaliyyət (bu, Kirill Serebrennikovun işinə də aiddi) haqqında məktub yazmışam. Bir çox filmimə qadağa qoyulmasına aydınlıq gətirilməsini xahiş eləmişəm, dövlətə artıq lazım olmayanları özümə vermələrini təklif eləmişəm. Müəllif kinosunda individual və peşəkar sənət təcrübəsi var, bunu qorumaq lazımdı. Və yenə də heç bir cavab yoxdur. Odur ki, başa düşmürəm, mən kiməm, nəyəm. Yəqin, sakit oturmaq, susmaq, heç nə ilə maraqlanmamaq lazımdı.

Mən Rusiya sivilizasiyasını Avropa sivilizasiyasından daha yaxşı hiss edirəm

— “Nika”nın təqdimetmə mərasimdəki möhtəşəm nitqiniz yada düşür…

— Hə, təşkilatçılarla aramda problem oldu, məni çox kəskin danladılar elə çıxış etdiyimə görə. Əlbəttə, bunu etməməli idim, ancaq məni narahat eləyən şeyləri ictimaiyyətə çatdırmağın yeganə yoluydu. Bir problem var: mən Rusiya Federasiyası vətəndaşının pasportunu daşıyıram və o, məni sadəcə hansısa normalara riayət eləməyə təhkim eləmir, həm də vətəndaşı olduğum ölkə haqqında düşünməyə səsləyir.

— Zalda əyləşənlərin üzlərinə baxmaq çox ağır idi: çoxunun üzündə belə ifadə vardı: danış, danış, kim olduğunu hamımız bilirik…

— Hə, yersiz çıxış idi, Konçalovski də hirsləndi. İnsanlar ora əylənməyə gəlirlər və ölkədə baş verənlərdən söz açılması onları qıcıqlandırır. Onların pulu var, yaxşı yaşayırlar, siyasətə qarışmadıqlarını deyirlər, mən də hərdən özümü saxlaya bilmirəm. Mən Rusiya sivilizasiyasını Avropa sivilizasiyasından daha yaxşı hiss edirəm – xüsusilə də son illər, multikulturalizmi, amerikalıların İraqda elədiklərini görəndə. Bu gün dünyada çox şey istədiyimiz kimi getmir – Avropa şüurunun anlamadığı səhvlərdən toplanmış bir yük var. Yadımdadı ki, Yuqoslaviya bombardman ediləndə Almaniyadakı dostlarımla ağır söhbətlər aparırdıq: onlar baş verənləri dəstəkləyirdilər, mən isə bunu anlamırdım. Amma sonra aydın oldu ki, bu, ümumi siyasi korluqdu. Bu isə o deməkdi ki, biz artıq öz ağlımızla yaşamalı, öz qərarlarımızı qəbul eləməli, bundan sonra necə yaşayacağımızı, necə inkişaf eləyəcəyimizi düşünməliyik. Mən Avropanın nə intellektual, nə də siyasi mühitində intibah görmürəm. Elə Rusiyada da federativliyin, dövlətçiliyin böhranını görürük və heç kim bu barədə ciddi fikirləşmir. Mənə elə gəlir ki, Avropada da heç kim siyasi strategiya haqqında düşünmür, prezidentlər bir-birini əvəz eləyir, onların siyasi həyatları qısadı, heç kim diqqətini cəmləməyə macal tapmır, hətta BMT də artıq böyük, ciddi məsələləri müzakirə eləmir. Bu, siyasi mühitin deqradasiyasının astar üzüdür.

...əks halda əminəm ki, biz Rusiyanı itirəcəyik

— Bəlkə bu, o deməkdi ki, bəşəriyyətin yeni sarsıntılara ehtiyacı var?

— Ola bilər, amma bu, dəhşətli ehtimaldı. Mən bəşəriyyətin ehtiyacı olan şeyi daha sadə ifadə eləyirəm: Humanitar prinsipləri siyasi prinsiplərdən üstün tutanlara səs verin.

— Hər dəfə “humanitar” sözünə dirənirik. Bəs içimizdəki insanı qorumaq üçün nə etməliyik?

— Almanlara, ya da fransızlara nə kömək edər, bilmirəm, amma ruslara kəndin dirçəlməsi kömək edər – içməyən, palçıqlı yollarla mağazadan öz nimdaş evinə sürünməyən mədəni təbəqənin. Bu-birinci. İkincisi, siyasi prinsiplərin kəskin dəyişməsi: Dövlət – mədəniyyətin yaşaması üçün yaradılır.

— Bəs kəndi necə dirçəldək?

— Dövlət televiziyasının fəaliyyət istiqamətini kəskin dəyişmək, o zir-zibili yığışdırmaq, boş ekranlarla səssizlik günü elan eləmək lazımdı — ancaq xəbərlər və musiqi, klassik musiqi olsa, daha yaxşı olar. Yavlinski dəqiq deyib: insana hörmət. Mədəniyyətə nifrət, insana qarşı həqarətli münasibət, hörmətsizlik – bu, bizim əsas motivasiyamız, həmçinin də milli xarakterimizin bir hissəsidi. Hazırda televiziyada elə proqramlar var ki, çoxlu insan dramları, faciələr göstərirlər və tez-tez də belə məlum olur ki, günahkar hakimiyyət deyil, insanlar pisdilər və özlərini pis aparırlar. Dövlətin orqanizmini yenidən ayarlamaq, federativ quruluşu təkrar gözdən keçirmək lazımdı, əks halda əminəm ki, biz Rusiyanı itirəcəyik. Hətta bolşeviklər də hakimiyyətə gələndə iki gözəl gediş elədilər – savadsızlığın ləğvi və kilsənin dövlətdən ayrılması. Savadsızlığın ləğvi – genişmiqyaslı, məqsədyönlü proqram idi, məktəblərin, nəşriyyatların açılması, milyonlarla xərc və nəhəng dövlət enerjisi. Təəssüf ki, o, sonra Stalin absolyutizmi fəlakəti ilə paralel getdi.

Kişilər qorxaqdılar, üstəlik onları öldürmək asandı

— İndi isə tamamilə əks proses gedir – universitetlərin bağlanması, məktəblərdə qaydaların sərtləşdirilməsi…

— Mən bu prosesin məqsədini anlamıram. Bəlkə də yanlış kadr siyasətinin nəticəsidi, çünki prezident hər şeyi düzgün dərk eləməyə və qiymətləndirməyə qadir deyil. Ümumiyyətlə, mən onun bu qrafiklə necə yaşadığını başa düşmürəm. Bəlkə də bu, özünün ölkəyə vacib olduğu fikrinin nəticəsidir. Razılaşın ki, onun belə düşünməyə haqqı var, hətta reytinqi şişirdilmiş olsa belə, daha bu qədər olmaz.

— Amma çoxu deyə bilər ki, ətrafı bu qədər təmizləyəndə, telekanallara heç kimi buraxmayanda aydındır ki, bütün dəstək bir nəfərdə olacaq.

— Razıyam, amma digər tərəfdən əgər ciddi, böyük liderlər olsaydı, xəbər tutardıq. Navalnı var, o döyüşçüdü. Siyasi mübarizəyə girişməyə çox az kişinin cəsarəti çatar. Belə qarşıdurmaya ancaq qadın girişə bilər. Kişilər qorxaqdılar, üstəlik onları öldürmək asandı.

— Bizdə öldürülmüş qadınlar kifayət qədərdi. Məsələn, Qalina Starovoytova..

— Hə, o, böyük siyasətçi, dahi insan idi, onun ölümü – bədbəxtlikdi. Politkovskayanın, Estemirovanın, Nemtsovun ölümü də. Bu qorxunc cinayətlərə görə əvvəl-axır cavab verməli olacaqlar – İsa qarşısında olmasa, Allah qarşısında. Yuxarıdan cəza mütləq olacaq.

— İcraçılar üçün, yoxsa ölkə üçün?

— Qətli təşkil edənlər üçün. Rusiyanı cəzalandırmaq üçün səbəb yoxdu – o, heç vaxt öz səhvlərini boynuna almayıb. Amma onun məsuliyyət daşıdığını xalqa bildirmək lazımdı. Bütün o siyasi xadimlər, partiyalar Norilskə, Komiyə, Kolımaya gəlsinlər, həmin öldürülənlərin, dustaqların məzarlarının önündə diz çöksünlər və bunu bütün xalqa göstərsinlər. Görəsən, o günü görəcəyik? Ümumiyyətlə, Dövlət Duması və Federasiyalar Şurası sadə təyyarələrə minib Kalımaya uçsaydı, əla olardı. Qoy onların yollarından qarı təmizləsinlər, yerə ədyallar sərsinlər və qoy onlar hansısa dustaq məzarlığının önündə səssizcə diz çöksünlər. Və bütün xalq bunu görməlidi — onda nələrsə dəyişməyə başlayacaq. Dərhal yox, addım-addım.