İşini itirmək qorxusu

Bilal Həsənov banner

Ölkənin Əmək Məcəlləsinə yeni dəyişikliklər edilib. Bu ildən işçilərin ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi zamanı bir sıra yeni prosedur qaydalara əməl olunacaq.

Gəlin görək bu qaydalar Azərbaycan vətəndaşına nələr vəd edir. Deməli, yeni qanun layihəsi qəbul olunmamışdan qabaq, yəni əvvəlki normalara görə işəgötürən iki ay öncədən ixtisar barəsində işçini məlumatlandırmalı idi.

İkitərəfli razılıq əsasında işəgötürən iki aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə iki aylıq əmək haqqını birdəfəlik ödəməklə əmək müqaviləsinə xitam verə bilərdi. İşəgötürən işçiyə iki aylıq əmək haqqını ödəyərkən bu məbləğdən vergi tutulmurdu. Əlavə olaraq işəgötürən işçiyə növbəti ayın əmək haqqısını ödəyirdi. Beləliklə, işçi ümumilikdə üç ayın maaşını alıb işdən gedirdi. Sonra vətəndaş növbəti iki ay ərzində iş tapmadığı təqdirdə yollanırdı Məşğulluq İdarəsinə. Məşğulluq İdarəsinə müəyyən sənədləri təqdim edib, işsiz olduğunu isbat edən arayış alırdı. Həmin arayışı köhnə iş yerinə təqdim edirdi və vətəndaşa onun iki aylıq orta əmək haqqısını ödəyirdilər. Bu qayda ilə vətəndaş yeni işə düzəlincə beş-altı ay pis-yaxşı ailəsini dolandırırdı.

İşəgötürən iki ay qabaq xəbərdarlıq etməzdən savayı, həm də həftədə bir dəfə işçini işdən azad edirdi. İşçi həmin gün gedib özünə iş axtarmaqla məşğul olurdu. Və bu iş günləri işəgötürən tərəfdən ödənilirdi.

İndi isə artıq qaydalar dəyişib. Və təəssüf ki, dəyişən qaydalara əsasən itirən yenə vətəndaşdır. Artıq işəgötürən ixtisar etdiyi işçiyə iki ay öncədən xəbərdarlıq etmək məcburiyyətində deyil. Yeni qanunla xəbərdarlıq müddəti işçinin ümumi iş stajına görə nizamlanacaq. İşçinin beş ilə qədər iş stajı olduqda işçiyə ixtisar barəsində dörd təqvim həftəsi öncə xəbərdarlıq edəcəklər. Bu isə heç bir ay eləmir. İki ay öncədən xəbərdarlıq müddəti indi yalnız iş stajı on ildən çox olanlara aid olacaq. Əgər vətəndaşın ümumi iş stajı on ildən artıq deyilsə, işəgötürən ixtisar barədə ən yaxşı halda altı həftə öncə deyəcək. Yeni qanuna görə ikitərəfli razılaşma olduqda və bildiriş müddətini pulla əvəz etdikdə, tərəflər müqaviləyə xitam verərkən şirkət əvvəlki kimi hamıya iki aylıq orta əmək haqqını verməyəcək. İndi iki ayın maaşını almaq üçün işçinin ümumi iş stajı on ildən çox olmalıdır. Əks halda işçi bir ayın, ay yarımın və ya iki həftənin pulunu alcaq.

İkinci mühüm məsələ vətəndaşın iş tapmadığı təqdirdə ona verilən müavinatla bağlıdır. Yeni qanuna əsasən Məşğulluq İdarəsi tərəfindən verilmiş arayışla ödənilən müavinətlər ləğv olunur. Bu absurddur, çünki hökumət onsuz da vətəndaşa heç bir sosial yardım göstərmir. Heç bir əlavə pul ödəmir. Təqaüdçülərə, əlillərə, şəhid ailələrinə ödənilən müavinatlar və yeni doğulmuş uşağa görə birdəfəlik verilən pulun məbləği ölkə reallığı üçün gülməlidir. Ölkənin əmək bazarında xaosdur. Yerli şirkətlərə adamsız, tanışsız düzəlmək olmur. Bir çox iş yerində müqavilə yoxdur. Müqavilə olsa da, qara mühasibat mövcuddur. Hökumət heç olmasa bu qanunu xarici şirkətlərə tətbiq etməzdi. Ölkədə işləyən xarici şirkətklərin vətəndaş qarşısında xüsusi öhdəliyi olmalıdır. Onsuz da Məşğulluq İdarəsindən alınan arayış əsasında ödənilən məbləğ xarici şirkətin büdcəsindən gedirdi, dövlət büdcəsindən yox.

Ölkədə total işsizlikdir, insanlar illərlə iş tapa bilmir. İşçi işindən ixtisar olunduqdan sonra bir ay ərzində hardan iş tapacaq? Mən hələ iş stajı on ildən çox olanları deyirəm. On ilə qədər iş stajı olanlar işdən çıxarılarkən onlara orta aylıq əmək haqqının 1.4 misli veriləcək. Bu, heç iki ayın maaşı eləmir. Bir sözlə, insan işini itridikdə ona verilən pulla ən yaxşı halda maksimum iki ay dolanacaq? Bəs sonra? Ölkədə gənclərin əksəriyyəti 20-24 yaşında rəsmi müqavilə ilə işləməyə başlayır. On ilə qədər iş stajı olanların çoxu 30-34 yaşlı gənclər olacaq. Bu yaşda insanlar artıq ailə və uşaq sahibi olurlar. Onların ciddi sosial problemləri olur. Yəni insanlar özlərindən savayı 3-4 adamın sosial tələbatlarını təmin edirlər. Bu insanları indi ixtisar edərkən, iki ayın pulunu verib yola salacaqlar.

Bundan əvvəl heç olmasa beş ayın pulunu ödəyirdilər.

İşsizlik bizim ölkədə çox ciddi problemdir. Dövlətdən bir qəpik yardım görməyən vətəndaş, onu dairəyə alan sosial problemlərdən gərginlik keçirir. Ona görə ölkədə intiharların sayı ilbəil artır. İşsiz adam təkcə yemək, paltar barəsində fikirləşmir. İnsan daş deyil, dəmir deyil. İnsanın xəstələnir, ona dərman lazım olur.

Hökumət isə neçə ildir tibbi sığorta məsələsini həll edə bilmir. Bəyənmədiyimiz Türkmənistanda belə icbari tibbi sığorta mövcuddur. İşin olmaması dərdin yarısıdır. Adam bilsə ki, heç olmasa xəstələnsə pulsuz müayinə və dərmanlarla təmin olunacaq, dərd-qəmi yüngülləşər. Amma bizim ölkədə bu mümkünsüzdür. Bu gün vətəndaş işsiz qaldısa, dövlət ona qəpik də qıymır.

Son iki ildə qiyməti bir neçə dəfə artan kommunal xərclərin, benzinin, ərzaq mallarının fonunda, adama cəmi bir ayın maaşını ödəməklə işdən ixtisar etmək ədalətsizlikdir. Ölkə banklarında minlərlə problemli kreditlər var.

Əvvəl vətəndaş işdən ixtisar olunanda aldığı müavinatla banka olan borcunun bir hissəsini ödəyə bilərdi, indi isə bu imkandan məhrum oldu.

Mən Avropanı demirəm, MDB ölkələrində vətəndaşlar ixtisar olunarkən iş stajları nəzərə alınmadan beş-altı, bəzən on ayın məvacibini vergi tutulmadan alırlar. Bizdə isə vətəndaş işlədikcə, elə-hey dövlətə vergi ödəyir, işdən çıxarılandan sonra isə ona bir ayın pulunu verib yola salırlar. Bu dövlətin öz vətəndaşına qarşı ədalətsizliyi, hörmətsizliyidir. Həm də dövlət bir növ qeyri-rəsmi olaraq ölkədə olan şirkətlərə deyir: “Götürün mənim vətəndaşımı, nə qədər istəyirsiz işlədin. Sonra kefiniz duranda, bir aylıq pulunu verib çıxardarsız”.

Bundan sonra vətəndaşın işəgötürən qarşısında dili qısa olacaq. Dahilərdən kimsə deyib: “Ən böyük qorxu işini itirmək qorxusudur”. Vətəndaşımıza hökumətdən daha bir qorxu hədiyyə olundu. Bu qanun onsuz da hər addımda hüquqları tapdanan vətəndaşın azadlığını bir az da daraltdı. İşini itirmək qorxusu insanları hər cür nadanlığa və şərəfsizliyə vadar edəcək.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.