Nazlı Ağayeva
Nazlı Ağayeva

Minik ''xalturşik''in nəhəng cangüdən sevdası...

İlıq bir payız günü Bakı maşınlarının dayanacağına gəldim. Tanış sürücülər qabaqda oturmaq şərtilə mənə dərhal şəhərə çıxası maşın tapdılar. Amma sürücünün arvadı olduğu bilinən qadına kobud şəkildə: 

“Az, eşələnmə, dur keç dala” – deyə çəmkirməsindən çimsinib arxada oturdum. Yola çıxanda “centlemen kişinin” telefon danışığından anladım ki, qabaq oturacaq heç mənim üçün boşaldılmayıb, yerin yiyəsi var. İlk andan ayağım qarşıdakı maneəyə dirənib sızıldamağa başladı. Oturacağı bir az qabağa çəkdirmək olardı, amma siftəsindən daraldığım mühitdə danışmamağa qərar verdim. Qadın da lal-dinməz oturmuşdu. Sükut yəqin üçüncü sərnişin götürüləndə pozulacaqdı. Amma yox, birdən maqnitafon açıldı və içəriyə ecazkar, seçmə klassik musiqi doldu.

Xeyli getmişdik ki, əsas yoldan çıxıb hansısa kəndə tərəf istiqamət aldıq. Qadına baxdım, görməzdən gəlib ərinin çiyninə toxunaraq şikayətləndi:

– Bu, nə sarsaq şeydi? Şəbnəmi, Manafı niyə qoymursan? Başım çatladı səhərdən.

Olanı budur. Oğlun maymaq dünən maşınla bir az fırlandı, kim bilir bunu kim sırıyıb ona...

Şəbnəm-Manaf əhvalatından sonra özümü pəncərəyə daha da pərçimləyib olacaqları gözlədim. Kəndə çatan kimi sürücü harasa zəng vurdu. Nə dedilərsə, irəlidəki böyük imarətə yaxınlaşdıq. Sürücü düşüb küçədə gəzişməyə başladı. Mən eləcə havaya püskürdüm:

– Belə ki işiniz vardı, adam niyə götürürdünüz?!

Arvadın məni göstərib yavaşdan siqnala toxunması ilə ərindən cavab gəlməyi bir oldu:

– Qardaşın verən “kliyenti” tuta bilsəm, gedəcəyik. Yarım saatla heç nə olmaz, Şamaxıda dayanmarıq.

Nəhayət, nataraz bir nəfər ağır-ağır gələrək qabaq oturacağa yerləşib, torpağı yaxşı ki, yola yaxın kənddən aldığını söylədi. İki gündür məclisləri varmış, Naxçıvandan bəri gələnlər olubmuş deyə gecəni yatmayıblar. O qədər “vurublar” ki, yorğunluqdan avtomobili villada qoyub gedir. Tanışlığa Şamaxıda bir limonlu çay içmək də əlavə olundu.

Sürücü bütün bədəni ilə adama sarı dönüb “deyilən sağlığı” dəstəklədi:

– Ay müəllim, siz allah narahat olmayın, dayanarıq, səbrlə çay da içərsiniz, hava da alarsınız. Bir saat o yana-bu yana nə fərq edər ki? Qayınım deyəndə mən də məəttəl qaldım ki, müəllim nə əcəb öz maşını ilə getməyib?

Gödəkcənizi verin, arxaya qoyaq. Maşında özgə yoxdu, yoldaşımdı.

Gödəkcəni elə aldı ki, sanki əlindən düşsə, sınacaq. Arvadı da eyni ehtiyatla “əmanəti” başının üstünə yerləşdirdi. Bütün varlığımla musiqiyə köklənib gözlərimi yumdum. Vaxta ki, sərnişin hüququm yalnız pul ödənəndə tanınacaq, mən də o vaxta qədər öz dünyama çəkilib “yox” olaram.

Şamaxıda gözlərimi açdığım zaman arvad əri ilə havasını dəyişməyə düşən adamın kimliyini dartışırdı. Kişi məsələyə daşdan keçən ağır nöqtə qoydu:

– Nə bilim, az, nəçidir? O boyda mülkün o boyda sahibi danagüdən olacaqmı?! Əsas ki, nömrəmi özü götürdü, gəlib-gedəndə imkan düşsə, sənin o zay oğlundan ötrü bir ağız açaram.

– İnşallah!

Limonlu çayla ayılıb gələn “müəllim” musiqinin ona görə olmadığını anlayıb sifarişini verdi:

– Normal bir şey yoxdurmu, Üzeyirdən-zaddan?

Sürücünün dərdi tərpəndi:

– Üzr istəyirəm, müəllim, oğlumda olub maşın, o “kopoğlundan” sonra həmişə yaxşı disklər itir.

Bilmədim oğluna görə üzr istədi, yoxsa “kopoğluna” görə, hərçənd cavabdan elə çıxdı ki, ikisi də eyni şeydir. Bütün hallarda o yaxşı uşağın “yaxşı” diskləri itirməyi hesabına mən o günkü kabusu yola verə bildim.

Bakıya çathaçatda böyük bir tikilinin qapısında düşən adamın ağır çantasını əlində saxlayıb tələsmədən dil-ağız edən kişinin arvadı xoşbəxt görünürdü. Kişi də çox məmnun qayıdıb sükana oturanda həyəcanla dilləndi:

– Ad çəkmədi, amma anladım ki, bizim rayonu fırladanlardan lap yekəsinin “oxranasıymış”!

Bayaqkı “danagüdəni” xatırlayıb uğulu, gerçək bənzətməyə içimdə güldüm.

Adam kefinin kökələn vaxtı maşında başqa bir sərnişin olduğunu da xatırlayıb arxaya çevrildi:

– Sizi hara düşürüm?

– Fərqi yoxdur, hara. Burdan çıxa bilsəm, yetər...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.