Velosipedlər zorakılığa etiraz üçün pedallandı

Bu gün velosipedlər zorkalığa yox demək üçün pedallanıb. 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günüdür. Bu tarix BMT Baş Assambleyasının qərarı ilə 1999-cu ildən qeyd olunur.

Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.

Bu münasibətlə 30-dan çox gənc şəhərin mərkəzi küçələrində velosiped turu keçirib.

“Müəyyən regionlarda görürük ki, qadınlar döyülür, zorakılıqlara rast gəlinir. Kaş ki, belə olmayaydı. Mən bunu bir zorakılıq görmüş qadın kimi deyirəm”- iştiraçı Mehriban İsmayılova deyib.

“Mən belə bir toplantıların olmasına çox sevinirəm, çünki biz səsimizi birlikdə göstəririk. Bu gün qadınların velosiped sürərək öz səslərini yayması onun sübutudur ki, artıq qadınlar daha gözü açıq, daha savadlı, öz hüquqlarını biləndilər”-tur iştirakçısı Xəyalə Əzizova bilirib.

İştirakçı Cəmil Əliyev deyir ki, Azərbaycan elə bir yerdir, bir hissəsi yaxşı, bir hissəsi pisdir və pis olan hissəsi çoxdur: “Kütlə ən çox nəyə gedirsə, hamı da o tərəfə gedir. Bu gün burada nə qədər çox adam iştirak etsə, o qədər də işin mühüm olduğu bilinər”.

“Azərbaycan xalqında qadınlara qarşı zorakılıq həddindən artıq çoxdur. Hər səhər xəbərləri açıb oxuyanda görürük ki, manşetləri bəzəyən əsas xəbər qadınlara qarşı zorakılıqdır. Birinci olaraq, ailədə valideynlər qızları savadsız böyüdür, sonra da başlayırlar zorakılığa”-iştirakçı Suma Zeynalova deyib.

BMT-nin Bakı ofisi, Azərbaycan Velosiped İdmanı Federasiyası da veloyürüşə dəstək veriblər. Tədbirdə xarici diplomatik korpusların nümayəndələri də iştirak edib.

İştirakçılar Azneft meydanından Heydər Əliyev mərkəzinədək velosipedlə hərəkət ediblər. Bu istiqamətdə velosiped yolu olmadığı üçün maşınların hərəkəti dayandırılıb.