147 santimetrlik nəhəng

Naim Süleymanoğlu

XX əsrin 80-ci illəri idman nəhəngləri dövrü idi. Yüngül atletikada Karl Lyuis və Sergey Bubka, basketbolda Maykl Jordan və Magic Jonson, hokkeydə Ueyn Qretski, futbolda Maradona, Platini, van Basten... Ağır atletikanın da öz nəhəngi vardı. Doğrudur, bu nəhəngin boyu 147 sm, çəkisi 60 kq-dan az idi. Amma nəhəng olması şübhəsiz idi.

Naim Süleymanoğlu (Süleymenov)... 15 ilə yaxın dövrdə onun yalnız bir rəqibi vardı, o da özü idi. Özünün əvvəlki göstəricilərindən, rekordlarından savayı mübarizəyə layiq bir şey yox idi.. Naim ilə eyni çəkidə yarışan idmançılar üçün ən yüksək göstərici gümüş medal ola bilərdi.

O, 1967-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdu. Naim Süleymenovun uşaq yaşlarından fövqəladə istedada sahib olduğu şübhəsiz idi. 9-10 yaşlarında öz çəkisindən artıq ağırlıqları qaldırırdı. 16 yaşının tamam olmasından iki ay sonra isə ilk dünya rekorduna imza atmışdı.

Onun ilk böyük idman yarışı 1983-cü ildə Moskvada keçirilən dünya çempionatı oldu. Yarışlar zamanı 16 yaşlı Naim birdən qaldırma və cəmdə dünya rekordu qırsa da, onun nailiyyətlərini yeniləyən Oksen Mirzoyana cəmi 2,5 kq fərqlə məğlub olaraq 56 kq-a qədər şəki dərəcəsində gümüş medal qazandı.

Növbəti ildə isə hər bir idmançı üçün böyük hadisə olan Olimpiada keçiriləcəkdi. ABŞ-ın Los-Anceles şəhərində... Lakin SSRİ və ona yaxın olan sosialist ölkələri 4 il öncəki Moskva Olimpiadasının boykotunun əvəzini çıxmağı qərara aldılar. Bu sırada Bolqarıstan da vardı. Nəticədə Naim Süleymenov özünün ilk Olimpiadasında iştirak edə bilmədi. Sonrakı hadisələr göstərdi ki, bu, onun tarixdə yeganə dördqat olimpiya çempionu olmasını əngəllədi.

Sosialist ölkələrinin Olimpiadaya alternativ keçirilən “Dostluq-1984” yarışlarında Naim cəmdə 297,5 kq nəticə ilə Oksen Mirzoyan qarşısında revanş alaraq qələbə qazandı. Müqayisə üçün göstərək ki, Los-Ancelesdə oyunlarının çinli qalibi U Şude düz 30 kq az (267,5 kq) nəticə ilə çempion olmuşdu.

1984-cü ildə Bolqarıstanın kommunist rəhbərliyi “Dirçəliş prosesi” adı altında ölkədə yaşayan türklərin zorakı assimilyasiyasına başlayır. Bu siyasət türklərin bütün milli və dini özəlliklərini qadağa altına qoyur. O cümlədən, türk adlar qadağan edilir, bolqar adlarına uyğunlaşdırılır. Naimin də soyadı dəyişdirilərək Şalamanov edilir.

1985 və 1986-cı illərdə Naim yeni soyadı ilə yanaşı həm də yeni, 60 kq-a qədər çəki dərəcəsində çıxış edir. Buna baxmayaraq, hər iki dünya çempionatında inamlı qələbələr qazanır. O, 1985-ci ildə iki hərəkətin cəmində sovet idmançısı Yuri Sarkisyanı 15 kq qabaqlayır. Növbəti ildə isə rumın gümüş medalçı Atilla Çanka aradındakı fərq daha inanılmaz olur – tam 45 kq.

Həmin ilin sonlarında Avstraliyada keçirilən yarış zamanı Naim Türkiyə səfirliyinə sığınır. Dönəmin baş naziri Turqut Ozal idmançının Türkiyəyə gətirilməsi ilə şəxsən məşğul olur. Statusu ilə bağlı razılaşmanın olmaması səbəbindən Naim 1987-ci il dünya çempionatını buraxmalı olur. 1988-ci il Olimpiadası öncəsi isə türklərin ödədiyi 1,25 milyon dollar müqabilində Bolqarıstan artıq Süleymanoğlu soyadını daşıyan Naimin Türkiyəni təmsil etməsinə etiraz etmir.

Seulda keçirilən oyunların ən böyük qəhrəmanlardan biri də Naim Süleymanoğlu oldu. 6 dəfə körpüyə çıxan atlet 6 dünya və 9 olimpiya rekorduna imza atdı. O birdən qaldırmada 145, 150 və 152,5 kq nəticələr göstərərək ikinci yerdəki Bolqarıstan təmsilçisi, özünün iştirak etmədiyi dünya çempionatının qalibi Stefan Topurovu tam 15 kq qabaqladı.

Təkanla hərəkətdə isə Naim 175, 188,5 və 190 kq nəticələr göstərdi. İki hərəkətin cəmində Naim Süleymanoğlunun son nəticəsi 342,5 kq oldu və gümüş medalçı Topurovu 30 kq, üçüncü yerdəki Çin idmançısını isə tam 55 kq (!) qabaqladı. Ağırlıq qaldırma tarixi belə fərqli qələbələr görməmişdi. Bununla da Naim Türkiyəyə güləş xaricində olimpiya qızılı qazandıran ilk idmançı oldu.

Naimin nəticəsinin qeyri-adiliyini belə bir fakt da sübut edir ki, daha yüksək, 67,5 kq-a qədər çəki dərəcəsində Olimpiadanın qalibi olmaq üçün Şərqi Almaniyadan olan İoaxim Kuntsa cəmdə 340 kq (yəni Naimdən 2,5 kq az) nəticə göstərmək kifayət etmişdi. Ağır atletika tarixində başqa belə bir təsadüfün olması haqqında məlumatım yoxdur. Ümumilikdə Olimpiadanın bu idman növü üzrə yarışlarında cəmi 11 dünya rekordu göstərilmişdi, onun da yarıdan çoxu, 6-ı Naimə məxsus idi.

Naimin həm təkanda, həm də cəmdə göstərdiyi rekordlar faktiki olaraq indiyə qədər yenilənməyib. Doğrudur, onlar hazırda dünya rekordu sayılmırlar. Səbəb isə çəki dərəcələrinin dəyişdirilməsi və dünya rekordlarının yenidən qeydə alınmasıdır. Müqayisə üçün göstərək ki, hazırda 62 kq-a qədər çəki dərəcəsində dünya rekordları təkanda 183, cəmdə isə 333 kq təşkil edir. Bu da Naimin nəticələrindən müvafiq olaraq 7 və 9,5 kq azdır.

1989-cu ildə Afinada keçirilən dünya çempionatında Naim Süleymanoğlu üçüncü dəfə dünya çempionu titulunu qazandı. Lakin növbəti ilin əvvəllərində azarkeşləri sarsıdan xəbər yayıldı: Naim bel ağrıları səbəbindən idmanı tərk edir. Nəticədə 1990-cı ilin dünya çempionatı onsuz keçirildi.

Lakin 1991-ci ildə Naim yenidən idmana qayıtdı. Bir müddət idmandan kənar qalması onun nəticələrinə təsirsiz ötüşmədi. Naim cəmdə yalnız 310 kq nəticə göstərdi. Lakin bu nəticə onun öz nəticələri ilə müqayisədə zəif idi. Dördüncü dəfə dünya çempionluğu üçün isə yetərli oldu.

1992-ci il Barselona Olimpiadasında Naim Süleymanoğlu cəmdə 320 kq nəticə göstərdi. Bu da ona Bolqarıstan atleti Peşalovu 15 kq üstələyərək ikiqat olimpiya çempionu olmaq imkanı verdi.

Barselona Olimpiadasından sonra Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) çəki dərəcələrində dəyişiklik etdi. Bu səbəbdən də köhnə dünya rekordları ləğv edildi, yeni rekordlar yenidən qeydə alınmağa başladı. Bu zamandan etibarən 64 kq-a qədər çəki dərəcəsində çıxış edəcək Naim Süleymanoğlu təbii ki, yeni rekordların müəllifi olacaqdı.

1993-cü ildə Melburnda keçirilən dünya çempionatında Naim təkanda və cəmdə 2 dünya rekordu ilə beşqat dünya çempionu oldu. Növbəti ildə İstanbulda keçirilən dünya çempionatında isə Naimin ən inadkar rəqibi Valerios Leonidislə 3 il davam edən dueli başladı.

İlk dəfə idi ki, Naim özü ilə, öz nəticələri ilə deyil, konkret rəqiblə yarışırdı. İstanbulda “böyük türk” rəqibinə cəmi 5 kq-lıq fərqlə qalib gəldi və altıncı dəfə dünya çempionu oldu. 1995-ci ildə Çində keçirilən çempionatdakı rəqabət isə daha dramatik oldu. Hər iki idmançı 327,5 kq nəticə göstərdi. Yalnız öz çəkisinin daha az olması səbəbindən Naim Süleymanoğlu yeddinci dəfə dünya çempionu oldu.

1996-cı ildə Atalantada keçirilən olimpiya oyunlarında Süleymanoğlu-Leonidis dueli davam etdi. Yunan atlet cəmdə 332,5 kq kimi çox yüksək nəticə göstərdi. Lakin bu Naimə qalib gəlmək üçün yetərli olmadı. 335 kq nəticə göstərən türk atlet dünya tarixində ağırlıq qaldırmada ilk üçqat olimpiya çempionu oldu.

Valerios Leonidis böyük idmançı idi. Lakin alnına Naimlə eyni zamanda və eyni çəki dərəcəsində yarışmaq kimi talesizlik yazılmışdı. Bu səbəbdən də idman karyerası ərzində cəmi 1 qızıl medal qazana bildi - 1996-cı ildə Naimin iştirak etmədiyi Avropa çempionatının qalibi oldu. Onu da qeyd edək ki, Naim Süleymanoğlu adətən Avropa çempionatlarında iştirak etmirdi. Bu səbəbdən də yalnız 2 dəfə qitə çempionu olmuşdu.

Atalantadakı qızıl medal Naim Süleymanoğlunun son çempionluğu oldu. Artıq yaş və zədələr öz sözünü deyirdi. 1997-ci ilin dünya çempionatında Naim uzun illərdən sonra ilk məğlubiyyətlə üzləşərək gümüş medal qazandı. O, 315 kq nəticə göstərərək qalib Çin idmançısından 2,5 kq geri qaldı.

Bundan sonra, o, idman karyerasını bitirdiyini elan etdi. Lakin növbəti Olimpiada yaxınlaşdıqca, reallıqlara meydan oxumaq qərarına gəldi. 2000-ci ilin Avropa çempionatında bürünc medal qazandı. Lakin Sidney Olimpiadasında sifariş verdiyi və dünya rekordu olan 145 kq çəkini üç cəhdin heç birində qaldıra bilmədi və çıxışını dayandırdı.

Bununla da idman tarixinin bir əfsanəsi yekunlaşdı. Naim Süleymanoğlu əfsanəsi. Üçqat olimpiya, yeddiqat dünya, ikiqat Avropa çempionu, “Dostluq-1984” oyunlarının qalibi, 46 dünya rekordunun müəllifi, ilk dəfə öz çəkisindən 3 dəfə ağır çəkini qaldıran Naim Süleymanoğlu əfsanəsi. Ağır atletika tarixində ən titullu idmançı, böyük əksəriyyətin fikrincə, gəlmiş-keçmiş ən böyük ağır atlet.

4 gün öncə isə Naim Süleymanoğlu vəfat etdi. İdmanı tərk etdikdən sonra sürdüyü qeyri-sağlam həyat tərzi onu 50 yaşında məzara apardı. Acınacaqlı oldu çox. Amma kim bilir, bəlkə də Naim üçün bütün həyat idmanda idi. O, idmanı tərk edərkən yaşam eşqi də onu tərk etmişdi.

Naimin ölümü təkcə ağır atletika üzrə deyil, bütün idman cameəsini kədərə boğdu. Müxtəlif federasiyalar, müxtəlif idmançılar başsağlığı verərək bu böyük idmançının vəfatından üzüntülərini dilə gətirdilər. Naimin yeganə rəqibi adlanmaq şərəfinə nail olmuş Valerios Leonidis isə onu çempion adına həsrət qoymuş böyük rəqibinin tabutunu öpməklə ehtiramını bildirdi.

Gülə-gülə, Naim Süleymanoğlu...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.