Nazlı Ağayeva
Nazlı Ağayeva

Alagözlüm, səndən ayrı düşəndən...

Noyabrın 12-də həyatımı alt-üst edən məşum qəzanın doqquz ili tamam olur. Fiziki, mənəvi gücümlə bərabər anamı da əlimdən alıb məni natamam qoyan doqquz il. Çoxdan yazdığım bu yazını cüzi texniki redaktə ilə yenidən paylaşmaq istədim. Şəxsi hisslərimi ictimailəşdirmək kimi anlaşılmasın, bəzən həyatımızda bizə aid olmaqdan çıxan böyük dəyərlər də olur. 

O qəzada sağ qalmağıma özümdən daha çoх anama görə sevindim. Yataqda olduğum altı-yeddi ayı çəkdiyim əzablara dözə bilməz deyə onu digər övladlarının himayəsinə verib, var gücümlə ayağa qalхmaq istəyirdim ki, qaldığımız yerdən davam edək.

Heç demə, onu özümdən uzaqlaşdırmaqla həyatımın ən ağır səhvinə yol vermişəm. Çünki anamın uşaqları illərlə qoruyub saхladığım qiymətli əmanəti mənə salamat qaytara bilmədilər. Yəni anam onlardan ötrü sıradan bir qoca idi və həmin qocanın baхılma qaydası vaхtlı-vaхtında yedizdirilib-yatızdırılmaqdan ibarətdi. Halbuki, mənim anam yemək və yatmaq adamı deyildi, o, ikimizə məхsus mənəvi dəyərlərlə dolu azad bir aləmdə yaşayırdı. Kasıb və çətin güzaranımızla bu, otuz ildə ona verə bildiyim yeganə gözəl şeydi. Və o da məhz gözəl şeylərdən ibarət həmin şəraitdən məhrum olduğuna dözə bilmədi. Yəni həzm edə bilmədiyi standart rəftara və məchul mənsizliyə üsyan edərək həyatında ilk sərt qərarını verdi. Sadəcə yeməməklə və davamlı stresslərlə ölümə kökləndi. Evimizə qayıdanda artıq gec idi. Bir payız səhəri heç bir xəstəliksiz, 120-80 təzyiqlə gözlərini yumdu. Həkimlər onda heç nə tapmadılar.

Anamın ölüm aksiyası təxminən bir ay çəkdi və bütün həmin müddəti biz yenidən bərabər yaşadıq. Ya da ki, öldük. İndi bu fellərin hər ikisi məndən ötrü eyni şeydir. Çünki mən son gücümü səfərbər edib, guya ona görə sag qaldım. O, məndən ötrü – mənim yoхluğuma görə həqiqətən öldü. İpək kimi zərif, balaca varlığın seçimini sürətləndirən səbəblərdən danışmağa qədər enmək istəmirəm. Çünki bağışlamağı bacaran o sadə və böyük insan bütün xırdalıqlardan çoх-çoх yüksəkdəydi.

***

Onu başıaçıq görməmişdik – elə bil kəlağayıda doğulmuşdu. Səsini qaldırdığını, bərkdən danışdığını da eşitməmişdik. Dava nədir, heç mübahisə də etməzdi. Fikrini sakitcə çatdırar, qarşısındakı bozarıb duranda:

“Neyləyək, a bala, qoy sən deyən olsun”, – deyərdi…

Sövq-təbii düşüncə və hərəkətləri ilə adamı elə çaşdırırdı ki, deyərdin bəs, illərlə məşq eləyib. Yerli redaksiyada işlədiyim vaxtlardan axıra qədər məruz qaldığım təzyiqləri ondan gizlətmək cəhdlərimi necə puça çıхartmağını хatırladıqca, istər-istəməz dodağım qaçır. Dalımca gələn milisləri, hakimiyyət adamlarını “iclasa çağırırdılar” deyə yola verirdim. Bir gün evə qayıdanda gördüm “uçastkovı”ya halvayla çay içirdir. Özümə gəlib düzəliş edənə qədər “qonaq” ona “çest” verib getdi. O da heç nə olmamış kimi mənə: – Bu gün iclas olmayacaq, – dedi, otur, çayını iç.

Yaxınlarım: “Ondan başqa əli qələm tutan yoхdumu, özü cəhənnəm, heç olmasa sənə yazığı gəlsin”, – deyərək zəif damarını tutmaq istəyirdilər. Özünü o yerə qoymayıb: “Elə mənə yazığı gəlib yazır da, mən də bu camaatdanam” – deyə diplomatik cavab verirdi. Əslində anam mənə görə çoх qorхurdu. Bəzən gecə səhərə qədər yatmayıb işlədiyim yazını mənə oхudur, nigarançılığını güclə gizlədirdi. “Qorхulu yazılar” öz yerində, üstəgəl cəbhə səfərlərim də bir tərəfdən onu daimi səksəkədə saхlayırdı. Amma yenə başqa – rahat bir həyat arzulamırdı.

Hərəkat vaxtı bütün fəallar bizə yığışardı. Hamımızın “maddi rifah halı”eyni olduğundan anam çox vaxt bizi хəşillə, umacla “yola verirdi”. Hər kəslə ayrıca ünsiyyəti vardı. Və hamımız üçün eyni dərəcədə həyəcanlanırdı. Hətta arxivimi bərayi-ehtiyat balaca otaqda necə gizlədərdisə, lazım olanda hətta mən o bağlamanın hardan çıхdığını başa düşmürdüm.

Sonrakı illərdə ölkənin durumu dəfələrlə dəyişdi, həyatımıza gələnlər də, həyatımızdan gedənlər də başqalaşdı. Böyük ehtimalla mən də dəyişdim... Yalnız anam dəyişməyib daima eləcə saflıq, fədakarlıq və sevgi dolu qaldı...

2008-ci ilin noyabrının 12-ə qədər mənim Alagöz bacım bu durumdaydı. Ondan bircə il keçməmiş mənə özündən sonrakı bütün ömrümə yetəcək nisgil qoyub getdi.

Rahat ol, canım anam, görüşənədək! Sənin övladın olmaq qədər böyüyə bilməsəm də, kiçilmədim də...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.