Akademik Milli Dram Teatr
Akademik Milli Dram Teatr Fotoqraf: Azər Axundov

''Teatr və kinonun büdcəsi 3 dəfə azaldılıb''

Orxan Adıgözəl: “Digər sahələrdə olduğu kimi, burada da “yeyinti” var”

“Dövlətin teatr və kinoya ayırdığı maliyyə 3 dəfə azalıb”, - bu barədə Milli Məclisin komitələrinin 2018-ci il üzrə dövlət büdcə zərfinin birgə müzakirəsi zamanı deyilib. Deputatlar narazılıqlarını bildiriblər.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kinematoqrafiyanın inkişafı üçün güzəşt edilməli olduğunu deyib. O, bunu zəruri hesab edib:

“Teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. Bu, mədəniyyət sahəsinə pis təsir edəcək. Məncə, büdcəyə yenidən baxılmalıdır”.

Aygün Aslanova
Aygün Aslanova.

Bölgələrdəki kinoteatrlar sovetdənqalma kinoklublardır

Teatr və kinonun büdcəsinin azalması məsələsini Meydan TV-yə kinoşünas Aygün Aslanova şərh edib. Bildirib ki, “prezident İlham Əliyev “2008-2018-ci illər Azərbaycan kinosunun inkişafına dair” proqramın həyata keçirilməsi üçün sərəncam verəndə, kinomuza dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artırıldı:

“Hətta 2013-2014-cü illərdə 6 milyona çatdı. Sonradan nəinki həmin proqram həyata keçirilmədi, əksinə, ölkədə fəaliyyət göstərən festivallar da fəaliyyətini dayandırdı. “Vətən”, “Araz”, “Dostluq” kimi kinoteatrlar satışa çıxarıldı. Eləcə də, bölgələrdəki kinoteatrlar sovetdənqalma kinoklublardır”.

Vəsaitin azalması bu sahəyə daha çox fayda verdi, nəinki çox olması

Aygün Aslanova deyir ki, düzdür, istehsalata buraxılan filmlərin sayı 90-cı illərin sonu 2000-ci illərin əvvəlinə baxanda artmışdı, amma bunun keyfiyyətə təsiri olmamışdı:

“Ayrılan vəsait kinoamtoqrafiya sahəsində keyfiyyət dəyişikliyi yaratmırsa, əksinə, hər şey daha da pis olursa, o zaman, ya 6 milyon ayırıblar, ya bir, ya da bir milyon yarım, zənnimcə, heç bir əhəmiyyəti yoxdur. Deputat Rəfael Hüseynov kino qanunundan danışır. Guya büdcədən ayrılan vəsaitin azaldılması həmin qanunun qəbuluna maneələr yaradıb. Daha demir ki, o qanun hələ qəbul olunmağa hazır deyil, çünki kinematoqrafçıları qane etmir. Qanunda yaradıcı şəxslərin mənafeyi nəzərə alınmayıb. Deyərdim, kinoya ayrılan vəsaitin azalması bu sahəyə daha çox fayda verdi, nəinki çox olması”.

Orxan Adıgözəl
Orxan Adıgözəl.

Teatrda qarşılıqlı geriləmə bir-birini əvəzləyir

Azərbaycanda müstəqil teatr ƏSA-nın qurucularından olan Orxan Adıgözəl isə deputat Rafael Hüseynovu haqlı sayır. Deyir, bölgələrdəki, dövlətə bağlı teatr sahəsi çox pis vəziyyətdədir:

“İbtidai şəkildə fəaliyyət göstərdikləri və əhalinin rifahı, mədəni statusu yüksək olmadığı üçün burada qarşılıqlı geriləmə bir-birini əvəzləyir. Belə bir deyim var: “Azərbaycan sanki Bakıdan ibarətdir”. Çünki onun ictimai-siyasi və mədəni fəallığı ancaq paytaxtda qabarıqlığı ilə seçilir. Kinoindustriya asta-asta inkişaf etməyə başlayıb. Digər sahələrdə olduğu kimi, burda da “yeyinti” var. Ancaq məsələ asta da olsa, bu industriyanın inkişafını çox əngəlləmir. Az da olsa, qığılcım var. Həm də fikir verirəm, kinoteatr mədəniyyəti yavaş-yavaş formalaşır”.

Gələcəklə bağlı proqnoz vermək çətindir

Qaldı teatr məsələsinə, Orxan Adıgözəl deyir ki, son iki ildə teatra daimi gedən biri kimi deyə bilər ki, zallar həmişə dolu olur:

“Bu, əvvəllər belə deyildi. Bizim teatr tariximiz 19-cu əsrə gedib çıxır. Bu ənənə öz-özlüyündə teatr mədəniyyətinin tam passivləşməsinə imkan vermir. Düzdür, dövlət teatrında eyni tamaşaların davamlılığı çox vaxt tamaşaçıları bezdirir, amma yenə də zallar dolu olur. Teatra gələnlərin 70 faizdən çoxu qadınlardır. Əvvəl ayrılan pullar da bu sahəyə yönəlirdi. Çünki texniki yeniliklərlə rastlaşırdıq. Ancaq yeyinti və maxinasiyanın olmaması şübhəsizdir. Teatra xalq arasında maraq artıb. Bu, sosial şəbəkələrdəki müəyyən propaqanda və təbliğatla da nizamlanır”.

Orxan Adıgözəl deyir ki, gələcəklə bağlı konkret proqnoz vermək çətindir. Çünki deputatın bu cür yanaşması həm də “təbil səsi” effekti deməkdir. Ümumilikdə isə cəmiyyətdə teatra marağın artması sevindiricidir.