Küçə itləri
Küçə itləri Fotoqraf: Erin Van Voorhies

Öldürülmüş şəhər

“İnsanlıqda payı olan itdən də utana bilər”- 

Anton Çexov.

Doğulub böyüdüyüm şəhərdə itlərin həyatımızda və dilimizdəki rolu böyük idi. O şəhərdə belə söyürdülər – “köpək oğlu”, “qancıq”, “küçük”. O vaxtlar küçəmizdə və Bakının digər məhəllələrində rus, yəhudi və erməni nənələri tez-tez küçədəki itlərə yemək verən görərdim. Görərdim ki, adamların üzü gülür, görərdim ki, insanlar xoşbəxtdir, görərdim ki, heyvanlar da insanlar kimi xoşbəxtdir. O şəhərdə hamı tox idi. İnsanlar da, itlər də.

Adamların biri birinə “köpək oğlu”, “qancıq”, “küçük” deməsinə baxmayaraq. Amma Qarabağ müharibəsindən sonra doğulduğum şəhər birdən-birə sürətlə dəyişməyə, qocalmağa başladı. O qocaldıqca, mən böyüdüm.

Böyüyə-böyüyə o şəhərdə davalar gördüm – kreslo davası, hakimiyyət davası, qarın davası. Hamı böyük yerdə oturmaq üçün başından böyük-böyük danışırdı. Təkcə qəhrəmanlardan başqa. Sonra prezident istefaya getdi və başqa bir prezident gəldi. Hamı dedi ki, onu xalq seçib. Atasını müharibədə itirmiş sinif yoldaşım Ümidin babası Xalıq kişi də belə dedi. Bir az sonra eşitdik ki, daha o da prezident deyil. Bəziləri dedi ki, o, qorxaqdır qaçıb gizlənib, bəziləri dedi ki, o da birinci prezident kimi milləti qırğına verməmək üçün çıxıb gedib. Bəziləri susdu. Bəziləri isə ağıllarına nə gəldi danışdı və hərdən mənə elə gəlirdi ki, bu, xalqın sonudur. Sən demə, bu son yox, başlanğıc imiş. Çünki kiçiklər böyük yerlərdə dayanıb başlarından böyük oyunlara başlamışdılar. Xalqa “Oturmayan ermənidir!” deyənləri o qədər oturdub-durğuzmuşdular ki, axırda başı gicəllənmişdi. Kimsə dedi ki, ümumiyyətlə, xalq ölüb, amma Xalıq kişi hamını əmin etməyə çalışdı ki, o, hələ ölməyib, sadəcə yatıb. Onu oyatmaq lazımdır. Xalqı belə görənlər, çıxıb dedilər ki, dünən qəhrəman dedikləriniz daha qəhrəman deyillər, əsl qəhrəman bizik. Eşitdik ki, müharibə filan da olmayıb, sən demə, torpaqları satıblar. Bunu eşidəndən sonra şəhər mənə daha da qoca görünməyə başladı. Sonra gördüm ki, yenə yeni prezident gəlir. Amma bunun haqqında dedilər ki, o, başqa prezidentlər kimi deyil ha, o, əsl padşahdır, padşah. Bu padşah peyda olan kimi hamıya məlum oldu ki, bəs, dünən Qarabağ uğrunda savaşlarda yaralanmış qonşumuz Kərim dayı, bu gün ölkədə hərbi çevriliş etmək istəyirmiş. Dedilər ki, o, vətən xainidir. Dedilər ki, ümumiyyətlə, hamı vətən xainidir, təkcə yeni padşah, onun yaxınları və onu padşah edənlərdən başqa. Onlar vətənə ən sadiq kəslərdir.

Dedilər ki, yaxşı olacaq, dedilər ki, bu padşahı xalq çağırıb, xalq seçib, o, əsl xilaskardır. o, bu ölkəni pullu edəcək. Həm də o, xalqı xoşbəxt və firavan dolandırmağın yollarını bilir. Satılan torpaqları da geri alacaq.

Dedilər ki, xaql onu sevir. Amma mən dəqiq bilirdim ki, Kərim dayı, onu heç sevmir. Axı o, bu padşahı çağırmamışdı. O, bu padşahı heç seçməmişdi də. Kərim dayı özü demişdi ki, o, ökənin başında azad yolla seçilmiş prezident görmək istəyir, daha bəy, xan və padşah yox. Həm də o, onda səngərdə idi, vətəni, anaları, balaları qoruyurdu. O, həm də padşahın sarayına gedən əyri yolları qoruyurdu, bir də o padşahı o əyri yollarla o saraya aparıb taxta çıxaranları. Qoruyurdu ki, gələcəyimiz xoşbəxt, qarınımız tox, səhhətimiz yaxşı olsun.

Yox, Kərim dayı yolları əyri olan bu padşahı çağırmamışdı, seçməmişdi. Deyilənlərə görə, onu xalq seçmişdi.

Yaxşı, onu xalq seçmişdisə, bəs onda Qarabağda iki güllə yarası alan Kərim dayı kim idi? O, xalqdan deyildi?

Yaxşı, bəs bu xalq kim idi? Xalq həmin o padşah idimi? Xalq padşahı taxta çıxaranlar idimi? Ya bu xalq padşahın ölkənin sərvətlərini talayan, qumarda milyonlar uduzan doğmaları arasında idi? Xaliq kişi dedi ki, yaman pis vaxtlar başlayıb. Ziyalılarımız, aydınlarımız 37-ci ildə olduğu kimi məhv edilə bilər. Bu padşah xalqa zülm edəcək. Sonra Kərim dayı həbsxanada özünü asdı. Şəhərdə birdən-birə boynuna kəndirlə daş bağlanaraq gölməçələrə, kanallara atılan itlər peyda olmağa başladı, o şəhərdə itləri daşa basan uşaqlar əmələ gəldi.

Gördüm ki, daha adamların üzü gülmür, gördüm ki, insanlar xoşbəxt deyil, gördüm ki, daha heyvanlar da insanlar kimi xoşbəxt görünmür. İndi o şəhərdə sanki hamı ac idi. İnsanlar da, itlər də.

Dedilər ki, sən demə, padşahı xalq çağırmayıbmış, xalq seçməyibmiş, o, xalqın xilaskarı da deyilmiş. Xalq onu ürəkdən sevmirmiş, dedilər ki, bu padşah bu ölkəni pullu etmək adıyla xalqın bütün pullarını oğurlayıb cibinə qoyub, dedilər ki, o, xalqı xoşbəxt və firavan dolandırmağın yollarını heç bilmirmiş də. Bilirmişsə də, o yollardan istifadə etmirmiş. Axı o əyri yollarla gəlibmiş. Ölkənin sərvətlərini də o yollara sərf edibmiş. Xaliq kişi də bu şəhər kimi sürətlə qocalırdı. O deyirdi ki, bu padşah bu xalqın dilində itlə bağlı olan sözlərdən çox böyük məharətlə istifadə edib. Yaxşı yaşamaq baxımından adımız heç it dəftərində də yoxdur, bu padşah adamların başına itin oyununu açıb, işlədib, sərvətlərini talayıb, qabağına isə tula payı atıb. Bir gün eşitdik ki, adımızın it dəftərində olmamasından da, başımıza itin oyununun açılmasından da, qabağımıza atılanın tula payı olmasından da, yorulmadan yazıb, yatan adamları, ya da özünü yuxuluğa qoyanları oyatmağa çalışan, bunun üçün də bütün gücünü, gözlərini, beynini, nəfəsini, səsini, sözünü, dilini və ağzını səfərbər etmiş bir jurnalisti evinin blokunda elə ağzından gülləylə vurub öldürüblər. Öldürüblər ki, gözləri daha ölkədəki həqiqətləri görməsin, beyni xalqı oyatmaq üçün düşünməsin, nəfəsi gedib gəldikcə, o, vətən dərdi çəkməsin, səsi kəsilsin, sözü öz yazı masasından uzaqlara, yüzlərlə, minlərlə onun kimi fikirləşib vətən üçün yananlara yetişməsin, “Axı mən satqın ola bilmərəm, axı mən alçaq ola bilmərəm “ sözlərini dilinə gətirib öz məqalələrini yazmağa davam etməsin, ağzı yumulsun...

Sonra kimsə çıxıb dedi ki, Kərim dayı özünü asmayıbmış, onu asıblarmış.

Xəbər yayıldı ki, padşah ölüb. Bəziləri dedi ki, o, ölməyib, həmişə bizimlədi, Xaliq kişi dedi ki, bu padşahı o vaxt əyri yollarla taxta çıxaranlardan savayı heç kəs belə deyə bilməz. Kimsə belə deyirsə, deməli, həmin kəsin pulların xalqdan oğurlanmasında da, xalqın firavan yaşamaq əvəzinə yoxsul və səfil yaşamasında da, şəhərin qocalmasında da mütləq əli var. Sonra o, dedi ki, padşah əslində çoxdan ölüb, amma onu padşah edənlər soyuducuda gizlədiblər. Gizlədiblər ki, özləri onun ölüsünün arxasında gizlənsinlər. Gizlədiblər ki, xalq oyanmasın və özünə azad seçkilə prezident seçməsin. Xaliq dayı dedi ki, xalq yuxudan oyanmalıdır. Ən azından ona görə ki, oyanmasa, onu yuxuda öldürəcəklər. Padşahın ölümündən hamı danışırdı. Danışırdılar ki, indi onun oğlu padşah olacaq, həm də o, atasından yaxşı padşah olacaq. Xalqın yaxşı yaşaması üçün hər şəraiti yaradacaq. Deyirdilər ki, ölkədə ədalətli prezident seçkiləri keçiriləcək və dövlətin başına azad yolla seçilmiş prezident gələcək. Lap həbsxanada asılan Kərim dayının arzuladığı kimi. Sonra gördük ki, bu deyilənlər də, o deyilənlər kimi yalan çıxdı. Xalqın istəklərini, arzularını elə Kərim dayını boğub öldürdükləri kimi öldürdülər. Bu arzuları əvvəl Azadlıq meydanına qədər sel kimi axışan insanların etiraz mitinqlərində öldürdülər, sonra küçədə, işdə, evdə. Arzusu ölməyənlər isə yenə “vətən xaini” elan olundu. Qalanları da ölkədən qaçdı. Başa düşdüm ki, Kərim dayı səngərdə dayananda çox şeyi təsəvvür etmirmiş. O, təsəvvürünə gətirməzmiş ki, gələcəyimiz xoşbəxt olmayacaq. Təsəvvür etmirmiş ki, vaxtı ilə vətəni qoruyanlar, vaxt gələcək bir parça çörəyə möhtac qalacaqlar, dərman tapmaq üçün kreditlərə, borclara, faizlərə düşəcəklər. Xaliq kişi də bir parça çörəyə möhtac olanlara, ağır xəstəlikdən əziyyət çəksə də, dərmana pul tapa bilməyənlərə qoşulmuşdu.

Günlərin birində öldü və özündən sonra da banka 500 dollar borcu qaldı. Onu axır vaxtlarına kimi məhkəməylə, həbslə hədələdilər. Xaliq kişi ölməmişdən qabaq mənə dedi ki, neynirsiz edin, amma bu xalqı oyadın.

Doğulub böyüdüyüm şəhər indi öldürülmüş şəhər idi. Havasına, suyuna yalan zəhəri qatılaraq öldürülmüş şəhər. Padşahın, şah oğlunun, bir də onları taxta çıxaranların yalanları şəhəri xarabalıqlara çevirmişdi.

Evlərindən zorla çıxarılmış adamların ahı, elə həmin o evlərin yerində tikilən çoxmərtəbəli binaların daşına, divarına, qapısına, pəncərəsinə hopmuşdu. Şahzadə bu şəhərdə adamların yaxşı və qayğısız yaşaması üçün şərait yaratmadı. Amma o, xalqın daha da səfilləşib əldən düşməsi, kütləvi savadsızlaşması, hər yerə borclu olması, ev-eşiyini itirməsi, intihar etməsi, haqsızlıqlardan qaçıb ölkədən getməsi üçün hər şəraiti yaratdı. Mən başa düşürdüm ki, xalq yaxşı yaşamalı idi, atalar evə çörəksiz gəlməməliydi, xəstələr dərmansız qalmamalı idi, əsgərlər orduda boş boşuna ölməməliydi, 10-12 saat işdən sonra yorulub əldən düşmüş insanlar yarım saatlıq məsafədə olan evlərinə gedib 2 saata çatmamalıydı, insanlar bir parça çörəkdən, bir kilo kartofdan asılı vəziyyətə salınmamalı idi. Ancaq hər şey tərsinə oldu. Lap ağzından vurularaq öldürülən jurnalistin təxmin edib yazdıqları kimi.

Öldürülmüş şəhərdə küçə itləri güllələnməyə, sobalarda yandırılmağa başlayanda, xarici qəzetlərin birində oxudum ki, bəs bizim şəhərdən çox-çox uzaqda, öldürülməmiş, bütün varlığı ilə həyata atılan, xalqın aldadılmadığı bir şəhərdə, dövlət itlərə aylıq təqaüd ayırıb. Kimsə dedi ki, görün bizim padşah ölkəni nə günə salıb ki, xaricdəki itlər belə bizim insanlardan yaxşı yaşayır. Kimsə də dedi ki, adamın o şəhərdə lap it olmağı gəlir. Amma itlərin heç it kimi də yaşamaq hüququ olmadığı bizim şəhərdə insanların həyatı onsuz da it həyatına döndərilmişdi.

Bu şəhərdə artıq heç kəs yaşamırdı, sürünürdü. İnsanlar da, itlər də.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.