Məktəbdə prezidentin şəkli olmalıdırmı?

Dərs ilinin başlanğıcında 20 nömrəli məktəbin açılışında çəkilən bu kadrlarda ölkə başçısı İlham Əliyev, məktəbdəki Heydər Əliyev Muzeyinə də baş çəkir. Təkcə sinif otaqları, dəhlizlər yox, məktəbdə açılan kitablar da Əliyevlərin şəkli ilə başlayır. Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirir ki, məktəblərdə siyasi rəhbərlər təbliğ olunmamalıdır. Sinif otaqları fənnin mahiyyətinə uyğun tərtib olunmalıdır. “Söhbət tək İlham Əliyevdən yaxud Heydər Əliyevdən getmir. Ola bilsin Əblüfəz Elçibəy olsun, bizim prezident olub vaxtı ilə... Ayaz Mütəllibov olsun, bunların heç birinin portretinin, şəklinin dərsliklərdə və ya sinif guşələrində olmasının tərəfdarı deyiləm. Ona görə ki, şagirdə imkan vermək lazımdır, qoy o özü idealını seçsin. Adam var, atasını ideal götürmür, müəllimini özünə ideal bir şəxs kimi bilir. Ona görə ki, o müəllimin daha yaxşı tanıyır, onun bütün əməllərinə, ideyalarına bələddir”.

Təhsil sahəsində 23-dən artıq layihənin müəllifi olan Məlahət Mürşüdlü deyir ki, məktəblərin tərtibatı üçün Təhsil Nazirliyi təlimat hazırlamalıdır. “Tərtibatın özündə də tarixi-xronoloji ardıcıllıq olmalıdır. Heç bir halda hansısa bir dövr və yaxud tanınmış şəxsiyyətlər haqqında olan o “tematik stendlər” aşırı dərəcədə olmamalıdır. Bu şagirdlərə, uşaqlara, məktəbə gələn valideynlərə həm tarixi yaddaşı xatırlatmaqla eyni zamanda bir estetik zövq də verməlidir. Buna görə də mən düşünürəm ki, Təhsil Nazirliyi müəyyən qaydalar əsasında bir təlimat hazırlamalı və bu təlimatı mütləq yerlərə göndərməlidir”.

Nəbatəli Qulamoğlu hesab edir ki, məktəblərdə keçmiş və indiki prezidentin şəkillərinin asılması hansısa göstəriş əsasında deyil, direktorların şəxsi təşəbbüsüdür. “ Mən hesab edirəm ki, bundan ötrü məktəblərə heç bir göstəriş verilməyib. Bu, özünü sığortalama, yarınma predmetidir”.

50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova deyir ki, prezidentin şəkilləri ilə bəzədilmiş guşə onların da məktəbində var. Amma bunun təşəbbüskarı özü olmayıb. “O vaxt təmir olanda bütün guşələr yaradılıb. Çoxdan yaradılıb, indi yaradılmayıb ki... Təmir vaxtı bizdə hər şey düzəldi, məktəb də təzələndi. Yəni ki, mənlik orada heç nə yoxdur”.

20 nömrəli məktəbin direktoru Yaqut Məmmədova suallarımıza cavab verməkdən yayındı.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov suallarımıza yalnız yazılı sorğu əsasında cavab verəcəyini bildirib. Amma sonra yazılı sorğumuzu cavabsız qoyub.
Portretlərə gəlincə, 2008-ci ildə İlham Əliyev ölkə boyu onun şəkillərinin küçələrdən yığışdırılması ilə bağlı tapşırıq vermişdi. Amma bu tapşırıq məktəblərə şamil olunmayıb.