Xilasımız kitablardadır

Foto şərtidir Fotoqraf: World Economic Forum

Bugünlərdə, xalaoğlu ilə Nizami küçəsində gəzişdikdən sonra, elə oradaca özümüzü bir kənara verib, kitab oxumağa girişdik. Elə həmin an bir polis nəfəri təbəssümlə xalaoğluya tərəf yaxınlaşıb, xoş dillə “baxım, nə kitabıdır” - dedi və xalaoğlu da onun mülayim həvəsinə adekvat olaraq kitabı qeyri-ixtiyari uzatdı. Polisimizin kitaba belə maraq göstərməsi təəccübümə səbəb oldu və sadəlövhcəsinə bu hala sevinərək, “siz də kitabsevərsiniz?” deyə soruşdum.

- Yox, elə bildim siz kitab satışı ilə məşğulsunuz...

Üzümdəki təbəssüm sürətlə donuqlaşdı. Soyuq simalı heykəllərə çevrildiyimi hiss etdim. Sevincim, kədərə və əsəbə çevirildi. Həmin an, qeyri-təbii yaranan kiçik ümid qırıntılarım əriyib yoxa çıxdı. Elə bil qarşımda hansısa illüziyaçı nəsə qeyri-adi oyun göstərmişdi. Onun oyunu isə məni neqativə kökləmiş və daha çox təəssüf dolu təəccübümə səbəb olmuşdu.

Sonra onun yanına bir başqa polis də yaxınlaşdı. Özümü cilovlayıb, dedim, o qədər kitab oxuyan az görürsünüz ki, elə bilirsiniz əlində kitab olan ancaq onu sata bilər.

Polis mehribanlıqla cavab verdi ki, kitab oxumağa vaxt tapmırlar, elə camaat da buna görə kitab oxumur. Onun mülayim rəftarı olmasaydı, daha sərt danışmağı düşünürdüm. Deyəcəkdim: “Gedin, “Tarqovı”da qol-budaq açmış azyaşlı uşaqların dilənçiliyinə nəzarət edin”. Onun əvəzinə dedim ki, camaat, eləcə də siz, telefonla oynamağa vaxt tapa bilirsinizsə, kitab oxumağa da zaman ayıra bilərsiniz. Sadəcə istəmirsiniz. Xalqımız elə kitabdan uzaq düşdüyü üçün min cür haqsızlıqla üzləşir.

Polislər gülümsədilər və uzaqlaşdılar.

Bəli, bəlalarımızın bir çoxu kitabsızlıqdandır. Dünyagörüşünün dayaz olması, ictimai-sosial həyatda öz yerini tapa bilməmək, münasibətlərdəki boşluqlar, psixoloji zəifliklərin qabarıq olması və bu ünsürlərdən formalaşıb, meydana çıxan xaraktersiz şəxslər məhz kitabdan uzaq olduqları üçün bu gündədilər.

Seymur Baycan demişkən, kitabxanaların kababxanalara çevirildiyi ölkədə yaşayırıq. Hə, gözləntilərimiz böyükdür, həm də həddən çox böyükdür. Mən nə qədər utopik olsa belə, cəmiyyətdən olan gözləntilərimi azaltmayacam. Çünki pafoslu çıxsa da, qeyd edəcəm, bu ölkə, bu cəmiyyət bizimdir. Onu aşağılarda, diblərdə görmək istəmirəm. İstəmirəm ki, ölkəmdə yaşayan vətəndaşlar qaranlıqlarda və çovğun-boranın içində boğulsunlar. Yüksəliş və parlamaq isə ancaq kitablarla mümkündür. Bu zülmət diblərdən bir gün mütləq çıxacağıq. Gənclərlə, aydın ziyalılarımızla və cəsarətli insanlarımızla çıxacağıq. Hə, buna şübhə etmirəm. Əsas məsələ bəlalarımızın baiskarını, problemlərimizin səbəblərini müəyyən etməkdir, sonra düzgün həyat strategiyası qurub, əzmlə mübarizə aparmaqla işıqlı yolları tapıb, ətrafımızı və özümüzü işıqlandıracağıq.

Kitaba münasibətin səbəbi bəllidir. Gənc nəsili yetişdirən tipik Sovet insanları (ortayaşlıları nəzərdə tuturam) övladlarına ali dəyərlərdən söz açmırlar. Nəinki, ali dəyərlərdən, ümumiyyətlə, dəyərlərin ən axırıncı səviyyəsindən belə söz açmırlar. Çünki həmin ata-analar, öz uşaqları ilə oturub, gündəlik söhbətləşmirlər.

Uşaqları valideynlərinin əllərində heç vaxt kitab görməzlər. Övladların başı da bütün kimi soska kimi istifadə etdikləri bahalı telefonlara qarışır. İnternet onlar üçün oksigen və yeganə sağ qalmaq üçün hava verən kanala çevirilir. İnterneti, sosial şəbəkələri pisləyən tiplərdən deyiləm. Əsla! Əlbəttə, internetin istifadəsi xeyirlidir, bir şərtlə ki, orada avaralanmayasan. Vaxt itkisinin xiffətini çəkməyənlər, çox təhlükəli adamlardılar. Onlar hətta kamikadze kimidilər. Başqalarının da vaxtını öldürməklə araları sazdır.

Eyni zamanda, düşünə bilən adamlar arasında nüfuzunu itirən, böyük təsir gücünə malik yerli televiziyanın da ekranlarında ədiblərə, yazıçılara və aydınlara rast gəlinməsi defisitə çevirilib. Kitab müzakirələri, intellektual oyunları, elmi-publisistik müzakirələri lağ-lağılar, çal-çağırlar və bambılı görüntülər əvəz eləyir.

Təbii ki, hər şey məqsədyönlü şəkildə davam edir. Axı hökumətə düşünən insanlar sərf etmir. O insanlar ki, kitab oxuyurlar, artıq onların dünyagörüşü artır və belələri inkişafa meyilli olurlar. Kitabların, onların ruhuna üfürdüyü vicdan, ədalət və həqiqətin yanında olmaq nəsnələri, həmin adamların qəlbini işıqlı edir. Qəlbində işıq yananlar qaranlıqları aydınlatmağa və zülmətə dirəniş göstərməyə həvəslənirlər. Bu, çox təbii baş verir. Cəhd edin, əmin olacaqsınız.

Vallah xilasımız kitablardadır!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.