''Milli faktora inanmıram''

Elmar İmanov Almaniyada yaşayan azərbaycanlı rejissordur. Onun alman həmkarları ilə birlikdə Azərbaycanda çəkdyi “Tabutçunun yelləncəyi” filmi 2012-ci ildə tələbə Oskar-ına layiq görülüb. 

Hazırda Elmar İmanov Azərbaycandadır və yeni filmin üzərində işləyir.  Gənc rejissor Meydan TV-nin suallarını cavablandırıb.

- Elmar, "Tabutçunun yelləncəyi" filminizin müvəffəqiyyətindən təxminən dörd il keçdi. Bu dövrdə siz rejissor və prodüser kimi yeni bir layihə ilə məşğul oldunuzmu?

- Filmin premyerasından sonra uzun müddət dünyanı gəzdim, səyahət etdim. Xoşbəxtlikdən, belə bir imkanım oldu bir neçə il müddətində. Yeva Blondio ilə birlikdə prodüser şirkəti yaratdıq. Bu şirkətin vasitəsilə dörd qısa və iki tammetrajlı film istehsal etdik. Şirkətimiz Azərbaycan, Ukrayna, Rusiya və Gürcüstanda filmlər istehsal edirdi. O vaxt mən bir neçə ssenari yazdım, bunlardan biri, Soso Bliadzenin layihəsi olan "Otarın ölümü" filmini yaxın gələcəkdə çəkməyə hazırlaşırıq. Bu yaxınlarda biz Veronika  Qlazunova və Lukaş Lakomanın "Uzun Exo" sənədli filminin festival nümayişindən, İsveçrədə, Nyondakı “Vision du Reel” Festivalından və Torontoda rejissor Boris Xlebnikovun  "Aritmiya" filminin premyerasından qayıtmışıq. Hazırda mən Almaniyada və Azərbaycanda iki  film layihəsi üzərində  çalışıram. 

  - Xaricdə uğur qazanan filminizə Azərbaycan mətbuatı və televiziyasının münasibəti  necə oldu? Məsələn, TV-lərimiz filmi yayımlamaq hüququ ilə bağlı əlaqə saxladı və ya bizim mətbuat gənc Azərbaycanlı rejissor kimi, filmə və şəxsiyyətinizə maraq göstərdimi?

- Azərbaycandan müsahibə üçün suallar gələnə qədər bir neçə ay keçdi. Əlbəttə, bəzi online jurnallar və çap orqanları məndən bu film haqqında soruşdular. Təəssüf ki, televiziya kanalları filmin nümayişi ilə bağlı əlaqə saxlamadı. Hər hansı bir kanal bu filmi ictimaiyyətə göstərsəydi, yaxşı olardı. Mən buna sevinərdim.

- Səhv etmirəmsə, Almaniyada yaşamağa davam edirsiniz. Bu ölkədən yaradıcılıq və rejissorluq karyerası baxımından nə gözləyirsiniz? Bu ölkədə "kino prosesinə" qoşula bildinizmi?

- Prodüserlik fəaliyyətim, institutda təhsil və debüt ssenarisi ilə əlaqədar olaraq, (üstəgəl, orda yaşamağımı qeyd edim), şübhəsiz ki, Almaniyaya bağlıyam və alman kinolandşaftının bir hissəsiyəm. Dediyim kimi, hazırda Almaniyada alman dilində debütüm olan bədii film hazırlayıram. Ümumiyyətlə, mən milli kontekstə (istər Azərbaycan, istərsə də alman) marağımı itirmişəm və artıq millətlərə inanmıram. Biz hamımız davamçılara bölünmüşük. Rəqəmsallaşdırma bütün avtoritetləri sual altına alır.

- Azərbaycanda müasir kino prosesi ilə maraqlanırsınızmı?

- Əlbəttə.

- Milli kinomuzda hansı yenilikləri müşahidə edirsiniz, ya da müasir Azərbaycan kinosunun əsas xüsusiyyətləri nədir? Sovet dövründən sonra, məsələn, stil, mövzu, texnikada nələr dəyişdi?

- Azərbaycan kinosunun vəziyyətinə münasibət bildirmək mənim üçün çətindir, çünki daimi olaraq orada deyiləm. Bu barədə nə deyə bilərəm: kino sahəsində, hər cür inkişafı salamlayıram. Müstəqil və ya asılı olub-olmadığı vacib deyil. Düşünürəm ki, filmlərin yaradılması və istedadlı insanların film çəkməsi üçün şarait varsa, bu vacibdir. Həm təbliğat, həm də senzuranı inkar edirəm. Bildiyimə görə, Azərbaycanda dünyada qeyri-kommersiya kinolarını göstərəcək bir kinoteatr yoxdur. Bu məqsəd üçün heç olmasa bir zalın təqdim olması yaxşı olardı.

- Sizcə, müasir Azərbaycan kinosunun dünya kinosu, trend və şəxsiyyətləri ilə əlaqəsi varmı?  

- Hesab edirəm ki, hər hansı bir maraqlı məhsul adətən nəzərəçarpan olur. 

- Azərbaycanda rejissorların çoxu maddi problemlərdən şikayətlənir və bununla, milli kinonun inkişaf edə bilmədiyini, yüksək keyfiyyətli filmlərin yaradılmasının mümkün olmadığını izah edirlər... Eyni zamanda,  kinoşünaslar daim aşağı büdcəli sənətkarlıq filmlərinin  uğurlarını vurğulayırlar… 

- Hər iki tərəfi anlayıram. Film yaratmaq bahalı bir şeydir və əlbəttə ki, yaxşı bir büdcə ilə film çəkmək daha çox xoşdur. Amma mütləq deyil. Bu izahat, əlbəttə ki, çıxış yolu deyil...

- "Nar Bağı" filminə baxmısınızmı? Əgər baxmısınızsa, bu filmi milli kinomuzda yeni bir nəfəs hesab etmək olarmı?

- Təəssüf ki, hələ filmi görməmişəm. Karlovı Varıda bu nümayişə baxa bilmədim, Bakıda isə, bildiyim qədər, bu film gündə bir dəfə, özü də günorta saat 11:50-də gedir.

- Mümkünsə, yaxın gələcək üçün yaradıcı planlarınız haqqında...

- Bir neçə ssenari yazmışam və istehsalın maliyyələşdirilməsi barədə qərar gözləyirəm. Ümid edirəm ki, hər şey alınacaq! Düşünürəm, ki gələn il film çəkəcəyəm.