Bağça müdirəsi

Günel Mövlud

O, oğlumun bağça müdirəsidir. Balamın əlindən tutub, uşaq bağçasına apardığım ilk gün, bizi o qarşıladı. Əynində boz, köhnə paltar vardı və çox güman ki, ikinci əl paltarlar satılan dükandan alınmışdı. 45-50 yaşlarında, qısasaçlı, eynəkli, daim gülümsəyən, olduqca nəzakətli bir qadın. O, bizə əvvəlcədən bağça işçilərinin oğlum üçün hazırladığı geyim, ayaqqabı qutusunu, qış və yagmurluq paltarlar üçün asılqanı, uşağın şəxsi oyuncaqlarını qoya biləcəyi qutunu göstərdi. Hamısının üstünə şirin, sevimli bir arı şəkli vurulmuşdu ki, uşaq öz əşyalarını asanlıqla tanısın.

Oğlum bağçaya öyrəşənə qədər, təxminən 5-6 gün yoldaşım, ya da mən onunla bağçada oturmalı, hərəkətlərinə, başqa uşaqlarla münasibətlərinə nəzarət etməliyik. Yoldaşım işlədiyindən, özüm qalmaq qərarına gəldim. Və bu altı gün bağça müdirəsinin hərəkətlərinə baxıb, artan şkala üzrə təəccübləndim.

Onun tualetin düz yanında, balaca bir otağı var. Otaq uşaqların sənədləri, şəkilləri, balacaların rəngli qələmlərlə çəkib ona bağışladıqları gülməli şəkillərlə, köhnəli-təzəli oyuncaqlarla doludur. Yığcam yazı masasının üstündə ucuz bir kompüter var. Bu yazı masasının arxasında mən bağça müdirəsindən daha çox tərbiyəçiləri, bağçanın digər işçilərini görürəm. Çünki bağça müdirəsi öz otağında nadir hallarda oturur.

Günuzunu o, gah mətbəxdə aşpaza kömək edir, gah uşaqların həyətdən ayaqlarında gətirdiyi tozu-torpağı döşəmədən silir, gah “qarşok”a oturan hansısa uşağı yuyur, gah hansısa lap balaca uşağın pampersini dəyişir, gah uşaqlar yemək yeyəndən sonra masaların üstün yığışdırmağa, qabları yumağa kömək edir, gah yuxudan oyanan uşağı geyindirir, gah başqa bir uşağı yatızdırır. Əslində, bağçada bütün bu işləri görməli olan adamlar var. Amma onlar gecikəndə, xəstələnəndə, hansısa səbəbdən yerində olmayanda, ya da olub, işlərini çatdırmayanda, bağça müdirəsi onları əvəz edir, ya da kömək edir.

Mən orda oturub, oğluma nəzarət elədiyim 6 gün ərzində, bağça müdirəsi hər saat yanıma gəldi, mənimlə danışdı, məsləhət verdi uşaqla bağlı, çay gətirdi, buterbrod təklif elədi, özümü necə hiss etməyimlə maraqlandı. Oğlumun başqa uşaqlarla oynayan yerdə şəklini çəkib, divarlara vurdu, əlindən gələni elədi ki, uşaq yeni mühitə qaynayıb qarışsın.

İkinci aydır o bağçaya gedib-gəlirəm. Oğlumu hər dəfə aparıb- gətirəndə, o bağça müdirəsini yenə ya mətbəxdə, ya yemək otağında, ya tualetdə nəsə iş görən, uşaq yatızdıran, qarşok boşaldan, döşəmə silən yerdə görürəm. Cəmi bir dəfə otağında oturub, tələm-tələsik kompüterdə nəsə yazdığını görmüşəm.

Sonra da gəldiyim ölkəni xatırlayıram. Boynu-boğazı qızıllı, əyni kosytumlu, otağında mini-saray düzəldən, işçilər otağına girmək üçün növbə gözləyən, valideynlərdən hədiyyə, pul uman, nazı yeri-göyü yandıran bağça müdirələrini yadıma salıram. Qışda valideynlər gedəndən sonra uşaqlar oynayan zalda istilik batareyalarını söndürən, uşaqların yeməyini oğurlayıb evinə aparan, uşaqlara qışqıran, söyən bağça müdirələrini.

Bir gün bağça sistemində işləyənlərin maaşı ilə maraqlandım. Məlum oldu ki, o bağça müdirəsinin aylıq maaşı bizim pulla təxminən 9000 manatdır. Onun nə valideyndən pul, hədiyyə ummağa, nə də əsəbi olmağa səbəbi yoxdur. Onun bağçadan yemək, ərzaq ourlamağa ehtiyacı yoxdur, çünki belə bir iş üstə tutulsa, yaxşı maaşlı işini, karyerasını, ən əsası isə layiqli adını həmişəlik itirər. Onun ölkəsində isə imic hər şeydən bahadır. Yaxşı maaşı, qocalanda alacağı təqaüd, yüksək təqaüdü ilə gəzəcəyi ölkələr, yaşayacağı həyat ona motivasiya verir ki, öz işini vicdanla, ləyaqətlə görsün.

Çünki onun dövləti ona ləyaqətli insan, ləyaqətli pedadoq olmağa kömək edir. İşini vicdanla, dürüst gördüyünə görə layiq olduğu mükafatı alır, layiq olduğu münasibəti görür. Onun öz işinə göstərdiyi canıyananlıq təkcə şəxsi ləyaqət nümunəsi deyil, həm də ləyaqətli sistemin bir parçası olması nümunəsidir.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.