Nazlı Ağayeva
Nazlı Ağayeva

Ömrə bərabər gecə və yetmiş manatlıq final

Nəsə bir ağırlığa bələnmiş o gecə heç istəmədiyim halda “Facebook” ünvanıma gələn iki cümləlik mesajı “görmək” zorunda qaldım. Müəllif gənclik illərindən tanıdığım orta dolanışqlı, bitərəf mövqeli vətəndaş idi.

“Virtual dost” olduğumuz gündən hakimiyyətə olan qəzəbini səxavətlə “passiv müxalifət” olaraq mənim üstümə yükləyirdi. Ona mülayimcəsinə hər qaranlıq gecənin bir işıqlı gündüzündən bəhs etməkdən yorulub, artıq bu dialoqlara son vermək qərarına gəlmişdim. Amma əvvəllər yazdığı alovlu mesajların da guya laqeyd qarşılandığını səbəb gətirərək, o gecə özü mənim hökmümü imzalayıbmış: – Xoşca qalın, mən soyuq ölümü seçdim...

Həyatımda ilk dəfə məhz onda eynəyimin bir az əvvəl ayağımın altında qalıb sınmadığına o qədər dərindən təəssüfləndim. İlk dəfə onda işimin mənə işgəncədən başqa bir şey vermədiyini etiraf və təsdiq etməkdən savayı çarəm qalmadı. İlk dəfə onda çoxu kimi standart ola bilmədiyimə görə özümdən zəhləm getdi. Çünki o təhlükəli cümlələri gecənin saat ikisində normal adama yazmazdılar.

İnsanlıq naminə onu tapıb qərarından daşındırmağa çalışmaq üçün telefon nömrəsini istəyim deyəndə... adamın işığı söndü. “İşığı söndü”nü qeyri-ixtiyari canlı-canlı pıçıldadım və ondan sonra mənim də işıqlı otağımda hər şey zülmətə çevrildi.

O zülmətdə gözlərim bir nöqtəyə ilişib qalmışdı. Əllərim hərəkətsiz idi. Ayaqlarımı hiss etmirdim. Sadəcə beynim işləyirdi: “Səhər açılanda əvvəl onu tapacaqlar, son mesajını oxuyub sonra məni aparmağa gələcəklər. Adam xəbər verib axı, intiharla bağlı. Bəlkə xilas ediləcəyi anı ümidlə gözləyib də. Di gəl ki, mən bu intiharın qarşısını ala bilməmişəm. Lap tutaq ki, möcüzə baş verdi, tutmadılar məni, özüm bəs bu vicdan yükünü necə daşıyaram?” O yükün maddəsi yazı stolumun üstündəydi. Cinayət Məcəlləsinin bütün cildlərini alıb ora yığmışdıq ki, lazım gəlsə əlimizin altında olsun. Amma bu işlər niyyətlə olmurmuş ki, kitabı götürüb maddəmi oxumağa gücüm çatmırdı.

Çatdakı yaşıl işıqlar söndükcə, evdə meyitlə tək qalmış kimi dəhşətli hisslər keçirirdim. Tər çoxalır, həyəcan artırdı. Bütün bunların içində yeganə müsbət şey səhərin açılması ola bilərdi ki, o halda belə üstümə gələn gündüzdə heç bir ümid işartısı yox idi.

Hava gözlərimin qarşısında işıqlandı. Saatlarla pərçim olduğum yerdən tərpənmək asan olmasa da, qalxıb birtəhər paltar dolabının qabağına gəldim. Qəza vaxtı kişi xeylaqlarının qadın dolabından paltar daşımasının dərsini almışdım deyə bəzi zəruri şeyləri özüm sellofan torbaya yığıb pıçıldadım: “Sonra gətirərlər”.

Səsim qulaqlarımdan getməmiş ev telefonu zəng çaldı. Telefona deyil, saata baxdım. Səkkizə işləyirdi. Bu vaxtlar kimsə mənə zəng vurmazdı. Tanıyanlar tanıdıqlarına, tanımayanlar tanımadıqlarına görə. Deməli, çalınan əcəl zəngi idi... Bütün gücümü toplayıb dəstəyi götürdüm. Rütbəsini və soyadını qeyd edən polis əməkdaşı bizim küçədə olduğunu bildirib xahiş tərzində soruşdu:

– Qapıya gələ bilərsizmi?

– Necə yəni, qapıya gələ bilərsizmi? Yox bir, lütfən-zad. Bu nə biçim rahatlıqdı? Orda mənim hərəkətsizliyim üzündən o boyda adam...

Gerisini fikirləşməyə davam edə bilməyib kitab dolabındakı şəkillərə və bir-iki özəl, dəyərli əşyalara son dəfə nəzər salaraq həyət qapısına doğru “yola çıxdım”. Həyatımın ən uzun, ən məchul yollarından birinə ki, o yolda məsafə zamana deyil, ürək döyüntülərinə bağlanmışdı.

Keyimiş ayaqlarımı sürüyərək özüm birtəhər dəmir darvazadan çölə saldım. Polis maşınının yanında qonşularla danışan rütbəli polis dərhal yaxınlaşıb min ilin tanışı kimi müraciət etdi:

– Kameranız işləyirmi, Nazlı xanım?

Gecədən bəri səsli danışmağa heyim qalmamışdı. Yaxşı ki, özü kamera məsələsinə aydınlıq gətirdi:

– Üzbəüz qonşunuzun tərəvəz budkasını yarıblar gecə. Yetmiş manat pul aparılıb. İzə isti-isti düşmək üçün icazənizlə qapınızdakı kameranın görüntülərinə baxmaq istəyirik. Sizi də səhər açılar-açılmaz buna görə narahat etdik.

Narahat olmaq bu situasiyada dünyanın ən böyük mükafatı idi və mən illərdir qapımızda boş-boşuna duran təhlükəsizlik kamerasının sayəsində o “mükafatın” da dadını çıxartdım.

Nəzakətli rəis bizim kameraya düşməyən yetmiş manatlıq oğrunun bir yolunu tapıb tutacaq. Mən isə illərdir həyatımdakı axmaq “təsadüflərin” bu qədər səliqə ilə üst-üstə düşməsinin izinə düşə bilməyib taleyin növbəti ironiyasını gözləyirəm...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.