Avropada alışa bilmədiklərim

Günel Mövlud (illüstrasiya)

Eduard Limonovun “Bu mənəm - Ediçka” romanında amerikalılarla sovet adamının mentalitetini açmağa kömək edən xeyli səhnələr, təsvirlər var. Bu təsvirlərdən biri də, Ediçkanın qısa münasibətdə olduğu amerikalı qadının doğum günündəndir. 35 yaşlı, ədəbiyyat tənqidi ilə məşğul olan, hündürmərtəbəli evlərdən birinin pentxausunda yaşayan amerikalı qadın özünə doğum günü təşkil edir. Dəvət etdiyi bütün adamlara zəng edib, hamıya bir-bir qonaqlıq üçün nə gətirməli olduqlarını tapşırır. Birinə şərab, birinə meyvə, birinə şirniyyat, birinə ət...

Ediçka Moskvadakı birotaqlı mənzilində keçirdiyi doğum gününü xatırlayır: Mən kasıb adam idim, birotaqlı kirayə mənzildə yaşayırdım, amma əti çuval dolusu, araqları yeşiklə aldım, heç kimdən də heç nə gözləmədim, hamı da gəlib yeyib-içdi, mən də bundan kef elədim...

Mövzuya sovet insanına, xüsusilə də biz qafqazlılara xas hedonizmdən girməyim bəlkə də bir az bəstiləşdirdi məsələni, amma, doğrudan da, bizim və qərb insanının barışa bilmədiyi ən ciddi məsələlərdən biri də məhz ziyafətlərdir. Biz ziyafət, qonaqlıq düşkünüyük, biz yeməyə saatlar xərcləyə bilərik, biz ağız dadımızın, özü də klassik, ənənəvi ağız dadımızın düşkünüyük, qərb insanı isə iki dəfə dişləyir sendviçini, yoluna davam edir.
İş məsələsi qərb insanında alışa bilmədiyim daha bir nöqtədir. Biz həftə, ay, il uzunu işləməyə, iş saatı, günü olub-olmamasından asılı olmayaraq, iş düşünməyə, işlə bağlı zənglər etməyə, email yazmağa, cavab verməyə alışmışıq. Biz piknikdə olanda, ailəmizlə çay süfrəsinin arxasında, valideyn ziyarətində, lap yataqda da işlə bağlı zəng gələndə, cavab verməməyi naqolay bilirik. Qərb insanını öldür, istirahət günləri iş yoldaşı, direktoru, nə bilim iş partnyorunun telefonunu açmaz, açsa da problemin miqyasından asılı olmadan, saxlayar iş gününə. Həm də burda heç işlə bağlı zəng də gəlməz adamlara, o zəng edə biləcək adamlar da istirahət günlərini özünə, ailəsinə, dostlarına xərcləyir deyə...

Qənaətcillik. Özüm qənaətcil adamam. Uşaqlığım o qədər çətin keçib ki, kartofun qabığını qalın soyan adam görəndə az qalıram qaçıb, əlindən bıçağı alım ki, nə edirsən?! Amma Norveçdə ilk aylar, ilk tanışlıqlarda onların ifrat (mənə elə gəlir) qənaətcillikləri məni şoka salırdı. Ərzaq kilo hesabı ilə yox, qramla alınır, süfrəyə hər şey sayla qoyulur, paltarlar ikinci əl, uşağa konfet dənə ilə, yemək porsiyaları quş yeyimi, marketlərdə hər şeyin ucuzuna qaçma... Dəhşətə gəlirdim ki, insanlar bu qədər qənaət edib, o pulları neynirlər?

Günlərin bir günü qatarla ədəbiyat festivalına gedirdik. Mən yazar kimi qonaq olduğumdan yol, qalmaq, yemək, pullu dəvətlərdə iştirakım ödənirdi. Qatarda 10-12 nəfər orta yaşlı qadın gördüm. Məni festivala aparan xanımdan soruşdum ki, bu qadınlar kimdir. Cavab verdi ki, onlar festivala gedirlər. Yazıçı-filan deyillər, eləcə ədəbiyyata maraqları var, gedirlər festivalda iştirak etməyə. Öz hesablarına. İştirakın da ortalama qiyməti 2000-3000 avro. Xanımlara baxdım, bu xanımlardan çoxunu ikinci əl paltarlar satılan dükanlardan çıxarkən görürəm həmişə. Marketlərdə də hər şeyi qramla alırlar. Yəni qənaətcillikləri xəsisliklərindən deyil, sadəcə pulu bir az da mənəvi qidaya xərcləməyə üstünlük verirlər.

Uşaq. Hər dəfə avropalı anaların, ataların uşaqları ilə münasibətini, qayğısını, onlara nə qədər vaxt, enerji xərclədiyini görəndə, başa düşürəm ki, bizimki uşaq doğub böyütmək deyil, uşaq doğub allah ümidinə buraxmaqdır. Hətta ən qayıkeş, ən yaxşı ailələrimiz də bu məsələdə qərb insanı ilə müqayisədə uduzur. Uşağın otağı, oyuncaqları, onun tərbiyəsinə ayrılan vaxt və bilgi, uşaqla oynamağa, açıq havada gəzməyə ayrılan vaxt, uşağın məktəb və bağça xaricində asudə vaxtının təşkili, hovuzdan piknikə, kafelərdən uşaq parklarına, attraksionlardan uşaq tədbirlərinə qədər...Valideynlər bu məsələyə o qədər ciddi yanaşırlar ki, adam mat qalır...

Planlaşdırma. Qərb insanı hər şeyi planlaşdırır. Bizim bir ailəvi tanış var, 2020-ci ildə İspaniyaya gedəcəklər. İndidən bilet alıb, otel “bron” ediblər. Həftəsonu hara gedəcəklər, yayda harda istirahət edəcəklər, hansı ildə maşın alacaqlar, nə vaxt ev ipotekaya götürəcəklər, gələn ay onlara kim qonaq gələcək... Hər şey planlaşdırılıb.

Bir dəfə buralı bir xanım mənə yazdı ki, gələn həftə filan saatda bizə tort yeməyə gələ bilərsiz. Amma gələcəksizsə, indidən deyin, planlaşdıraq. Gülmək məni tutdu ki, yəni tortdur da, yarım saata yeyib, yarım saat da söhbət edib qalxacağıq, daha nə planlaşdırma. Dedi, həmin saatda bilmirəm nə verilişinə baxmalıyam, bilim, gələcəksinizsə, verilişi yazacam, nə bilim, nə...

Bir sözlə, indi avropalıların gözü ilə Qafqaza baxıram və anlayıram ki, biz nə qədər fərqliyik. Anlayıram ki, Qafqaza gəlib, üzümüzə gülüb, qonaqpərvərliyimizi tərifləyən qəb insanı, əslində necə hər şeydən şoka düşür.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.