Orxan Adıgözəl
Orxan Adıgözəl

Bozbaş səviyyəsi

Bu yaxınlarda çox pis xəstələnmişdim. Soyuqdəymə bədənimə elə işləmişdi ki, xəstəlikdən beynim də dumanlanmışdı. Halsızlıqdan yataqdan dura bilmirdim. Ən sevdiyim məşğuliyyət sayılan mütaliə ilə də məşğul ola bilmirdim. Kitabı əlimə götürüb iki-üç cümlə oxuyan kimi vəziyyətim lap ağırlaşırdı. Həm də oxuduqlarımı heç dərk edə bilmirdim. 

Xəstəlik, düşüncələrimdə mənə yad olan nəsnələr yaratmışdı. Bəlkə də “yaratmaq” əvəzinə “məhdudlaşdırmaq” ifadəsini işlətsəm, daha yerinə düşər. Adətən tez-tez xəstələnən biri deyiləm və immunitetim yaxşıdır. İndi birdən-birə belə olmağım, halımı lap yaman eləmişdi. “Məhdudlaşdırmaq” məsələsini isə məhz onunla bağlayıram ki, həmin xəstəlik vaxtı ətrafa, mənə tamamilə yad tərzdə olan baxışlarım meydana çıxmışdı.

Çox qəribə idi, demək olar ki, bizim telekanallarda çox az rast gəlinən mədəni, ədəbi və intellektual verilişlər xaric, başqa şeylərə baxmıram. Mənim üçün qıcıq yaradan və ikrah hissimi qabardan “manıslarımızın” həyat və yaradıcılığı ilə bağlı istənilən sujet və verilişlərə ötəri nəzər belə salmıram. Həmin vaxtda isə bu prinsipimə yad gedərək, o cür verilişə tamaşa etmişdim. Həm də bunu elə həvəs, elə şəstlə etmişdim ki, sanki ömürboyu belə verilişlərin böyük həvəskarı olmuşam.

Deməli, telekanallardan birində səhər tezdən yayımlanan manısları təbliğ edən, qıcıq dolu olan bir verilişə birdən gözüm sataşdı. Başqa vaxt bu verilişin adı gələndə, dilimə “yağlı” söyüşlər gəlir. İndi isə həmin verilişdən feyziyab olmağa başlamışdım. Aparıcının müğənnilərdən birinə “bircə səni də ərə verə bilsəydik” tipli zarafatı mənə gülməli gəlmişdi. Bir saat ərzində danışılan “ərə getmək”, “sənətçilərin evlilik həyatı” və bu motivli digər bayağı müzakirələr marağımı çəkmiş və diqqətimi ekrana cəmləmişdi.

Hətta müğənni Xatirə mahnı oxuyanda onunla bir yerdə zümzümə edirdim. Üzümdəki qayğısız key xoşbəxtlik ifadəm yadımdan çıxmır. Az qalırdım yatağımdan qalxıb əl çalım, Xatirəni alqışlayım.

İndi baş verənləri xatırladıqca, xəcalət çəkirəm. İlahi, görəsən mənə nə olmuşdu? Elə bil içimə başqa adam girmişdi.

Mən, televiziya kanallarımızda gedən manıslara, kulinariyaya və şit zarafatlarla bol olan seriallara baxmamaqla, heç cür lovğalanmıram. Bu, birbaşa mənim şəxsi seçimimdir. Həmin verilişlər mənim zövqümü oxşamır, əksinə, onu zorlayır və məhv edir.

Həm də zorlanan təkcə şəxşi zövqüm yox, həmin telekanalları izləyib, mədəniyyət deqradasiyası yaşayan cəmiyyət və ən əsas gənc nəsil nümayəndələridir. Bir ölkədə ki, mədəniyyət defisitə çevirilirsə, bu, atom müharibəsinin gətirdiyi fəlakətlər qədər ağırdır.

Bir həftə öncə, dostumuz Bilal Həsənovun “Facebook”da çox üzücü bir postunu gördüm. Statusu olduğu kimi bura yazıram: “Marketdə gördüm bir oğlan uşağı (5-6yaş) əcaib hərəkətlər edir. Gözlərin bərəldib, ağzın quruya atılmış balıq kimi açıb-yumur, başın silkələyir, əllərin yellədir. Tez-tez də qışqıraraq deyir ki, "Mənim başım xarafdır, həə, mama, mənim başım xarafdır? Ə, mən dəliyəmee, dəliyəm". Anası gördü ki, mən və satıcı uşağa qəribə baxırıq, gülərək dedi ki, özünü Fəlakətə oxşadıree, Fəlakətin fanatıdır.”

Bu kiçik, bəlkə də kənardan adi görünən hadisə, özündə nə qədər faciə notları gəzdirir. Çox məyusedici haldır.
Psixoloqlar qeyd edir ki, 5 yaşa qədər uşaq zəkası aldığı informasiyalarla və tərbiyə ilə öz gələcəyinin əsl xarakterik səciyyələrinin bünövrəsini qurur. Daha sonra gələn tərbiyə, təlim və yanaşmalar 40-50 faiz təsirli olur.

İndi özünü televiziyada yayımlanan “Bozbaş pictures”in ciddi psixoloji problemi olan “Fəlakət” obrazına bənzədən həmin uşağın necə fəlakət daşıyıcısı olduğunu başa düşürsünüz?

İştirak etdiyim bir yerli iqtisadi forumda həmin teleserialın təşkilatçılarından və aktyorlarından biri olan İlkin Həsənliyə şəxsən belə bir sual ünvanlamışdım: “Bilirsiniz, cəmiyyətimizdə, nə qədər Şəmi, Şöşü və Fəlakətlər (həmin serialın qəhrəmanlarının adları) peyda olub, artıb? Sizin əlinizdə xeyli resurs var, nə üçün çəkdiyiniz serial vasitəsilə insanları müsbət şeylərə səsləyən mesajlar vermək əvəzinə, ordakı xəstə təfəkkürlü obrazlar vasitəsilə pul atmağı, yalan danışmağı, düşük hərəkətlər etməyi təbliğ edirsiniz?” O, mənə cavab verdi ki, “xalq özü bizdən belə şeylər istəyir”. Təəssüf, İlkin Həsənli getdiyi üçün ona deyə bilmədim ki, xalq plastilin kimidir. Ona təsir, edib istənilən formaya salmaq olar.

Kitab və mədəniyyəti tərənnüm edən şeylərə möhkəm yapışmasaq, fəlakətlərə və xatirələrə baxıb, feyziyab olmaqla, öz qəbrimizi özümüz qazacağıq...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.