Nazlı Ağayeva
Nazlı Ağayeva

Kiçik dünyamın böyük qadınları

Ceyran xalalar Milli Mətbuata mənzil şousunda əriyib muma dönən jurnalistlərdən daha çox əmək verənlərdir

Uzun illərdən sonra yenə həmin sakit guşəyə çəkilib guya nəsə “mühüm” şeylər yazmaq istədim. Elə ondakı kimi də Amerika kəşf etməkdən vaz keçib yenə yolunu-izini, havasını, suyunu, adamını, heyvanını əzbər bildiyim məkana qayıtdım. Gənclik illərində kirayəçisi olduğum xudmani otağımın doğma ab-havasında keçmiş “xozeykam” Ceyran xala: – A bala, sən də yazını yazıb, yat, deyib öz otağına getdi.

“Yazını yazıb yatmağın” nə demək olduğunu Ceyran xala yaxşı bilir. Və o vaxtlar bəlkə dünyada yeganə ev sahibi idi ki, kirayəçinin yatmadığına işıq pul yazır deyə deyil, onun bəzən səhərə qədər davam edən yuxusuzluğuna görə narahat olurdu. Əslində heç ortada kirayə-flan da yox idi, o sadəcə bizə ürəyini, evini açmışdı. Bu günkü beynəlxalq sığınacaqlardan fərqli olaraq mən Ceyran xalanın halal ocağında hakimiyyətin “əbədi” müxalifi kimi anamla bərabər uzun illər əmin-arxayın yaşadım. Ceyran xala evində min zillətlə əmələ gələn azad sözü nə sovet rəhbərlərinə satdı, nə müstəqil rejimin başçılarına. Əksinə, hər fürsətdə bizim o evdə qalmağımızdan duyduğu məmnuniyyəti aşkar etməkdən çəkinmədi. Fəhlə işlədiyi sexdə müdiriyyətin: – “O demoqoq qız sizin kirayəçinizdir?” eyhamına: – “Kirayəçi niyə olur, Nazlı bizim evin qızıdır”, deyə kəsə cavab verməklə bir müddət işini-gücünü də sual altında qoydu.

Kim idi Ceyran xala? Orta məktəbin cəmi səkkiz illik məzunu. Erkən yaşlarından çörək zavodunun nəhəng, qızmar sobası önündə xırda vücudunu alovlar qarsamış cəfakeş ana. Qollarında yuxusuz gecə növbələrinin yanıq izlərini, ürəyində arzularının üst-üstə qalanmış közlərini gəzdirən Azərbaycan qadını. Pafosa bənzədisə, günah məndə deyil, belə hekayətləri həyat özü bizdən xəbərsiz yazır. Ceyran xalalar ədəbiyyat oxumadan həyatda ədəbiyyatın gerçək obrazlarını yaradanlardır. Ceyran xalalar Milli Mətbuata mənzil şousunda əriyib muma dönən jurnalistlərdən daha çox dəyər və əmək verənlərdir. Ceyran xalalar ən çətin vəziyyətlərdə təmənnasız əl tutmağı bacaran böyük ürəkli sadə insanlardır. Ona olan borcumun azalmaq ehtimalı ona görə yoxdur ki, Ceyran xala hətta bu yaşdakı məni “qorumaqla” sanki anamın yarımçıq qoyub getdiyi işi davam etdirir...

Hərçənd anamın qorumaq məsələsində öz “dəsti-xətti” vardı. Hər bir sərt yazıdan, bir felyetondan sonra yerli hakimiyyət təzyiqləri çoxaldan kimi görürdüm anam da yavaşdan nəsə deyə-deyə əlindəki ipə çoxlu düyün vurur. Niyəsini soruşanda başını qaldırmadan deyərdi:

– Yadındadır, kənddə mal-qaramız örüşdən gec qayıdanda salamat gəlsinlər deyə qurd ağzı bağlayardıq? Sən də evə gəlib çıxınca yüz dəfə ölüb-dirilirəm. Səhərdən-axşamacan canavar ağzındasan da, neyləyim, a bala?

Gənc müxbir olaraq mal-qara bənzətməsinə “mız qoyub” ona yüngülcə sataşardım:

– Barı, hinduşkadan-zaddan deyəydin, ay Alagöz bacı, mal-qara o qədər də münasib olmadı axı...

Onda anam elə gözəl, elə məsum gülümsəyərdi ki, yalnız o təbəssümün xətrinə onda da, indi də, istənilən canavarın ağzına könüllü girərdim. Və o başqa mövzudur ki, bu günün qurdlarına mənim xatirələrimin “Alagöz bacısı”nin zəif və zərif düyünləri kar eləməzdi. Bunlar zəncir çeynəyirlər, anam mənim...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.