Norveçdə həbsxana
Norveçdə həbsxana Fotoqraf: Meydan TV

''Məhbusa niyə pis yemək verilməlidir ki?''

Norveçdə həbsxana nəzarətçisi: “Gələcəkdə kiminsə qonşusu olacaq məhbusa pis davranaraq, onu aqressivləşdirə bilmərik”

Hokun Yohansen (ad-soyad şərtidir) Norveç həbsxanalarının birində nəzarətçi, islah məmurudur. Biz onunla təsadüfən tanış olduq. O, həbsxana nəzarətçisi olduğunu deyəndə, həyat yoldaşı tez “bilirəm, bəzi ölkələrdə həbsxana nəzarətçiləri qəddar adamlar hesab olunur, amma mənim ərim yaxşı adamdır” - deyib gülümsədi. Hokun müsahibəyə razılaşanda bildirdi ki, onun ad, soyad və şəklinin dərc olunması qanunla qadağandır. Amma Norveç həbsxana sistemi barədə suallara məmnuniyyətlə cavab verməyə hazırdır.

- Müsahibəyə razı olduğunuz üçün təşəkkür edirəm. Zəhmət olmasa, bizə Norveçin həbsxana sistemi barədə ümumi məlumat verin. Bir məhbusun (deyək ki, korrupsiyada təqsirli bilinmiş bir keçmiş məmurdur) gündəlik həbsxana həyatı necə keçir? Gündəlik proqrama nələr daxildir? Ağır cinayətlər törətmiş, məsələn, bir neçə insanı qətlə yetirdiyi sübut olunan şəxslə nisbətən yüngül cinayət törətmiş məhbusun saxlanma şəraitləri arasında fərqlər hansılardır?

-Azadlıqdan məhrumetmənin bir neçə yolu var. Cəza həbsxanada çəkilə bilər, burada bizim yüksək və zəif təhlükəsizlik səviyyəmiz vardır. Hansı həbsxanaya getməniz törətdiyiniz cinayətdən asılıdır. Yüksək təhlükəsizliyi olan həbsxanalar daha sərtdir, yüksək divarlar var. İnsanlar buradan nadir hallarda qaça bilər. Adətən telefon üçün verilən vaxt həftədə 20-30 dəqiqə təşkil edir. Uşaqların varsa, bir az çox vaxt üçün müraciət edə bilərsən. Gündə 1 saat təmiz hava üçün bayıra çıxa bilərsən. Həbsxananın binasından asılı olaraq, günün də fərqli ola bilər. Ancaq həbsxana daxilində məktəb və ya iş üçün müraciət edə bilərsən. Gecələr və fasilələrdə öz otağında bağlanırsan. Zəif təhlükəsizliyi olan həbsxanalarda isə vəziyyət belədir: burada sən işləməlisən, əks halda yüksək təhlükəsizliyi olan həbsxanaya göndəriləcəksən. İşdən sonra daha çox imkanların olur: bayıra çıxmaq, məşq etmək, məhdudlaşdırılmış sahədə binanın başqa qolundan olan məhbuslarla ünsiyyət qura bilərsən.

Həmçinin adamlar vardır ki, cəzalarını həbsxanadan kənarda çəkirlər. Bu, narkotik və ya əqli sağlamlıq məsələlərilə əlaqəli müəsissədə dəyişkən qalma ola bilər. Bizdə həmçinin elektron nəzarət deyilən bir şey var. Bu, adətən kiçik cəzalar və ya cəzanın sonuncu mərhələsi üçündür. Gün ərzində sənin işin, ya məktəbin olmalıdır, işdən sonra isə evdə qalmalısan. Sənə nəzarət edən insanlara harada olduğunu göstərən elektron qolbağın olur. Əgər iş vaxtından sonra evdən kənara çıxsan, qolbağın signalı sönəcəkdir. Nadir hallarda iş yerində narkotik və alkoqol nəzarəti olur. Bu, tamamilə yeni sistemdir, amma inkişaf edir və populyardır. Məhbusların bir günü həbsxanadan həbsxanaya çox fərqlənir. Amma insanların çoxu ya işləyir, ya da məktəbə gedirlər. Onlar normal vətəndaş kimi eyni zamanda qalxır, yemək yeyir və normal vətəndaş kimi işləyirlər.

- Qadın və kişi həbsxanaları eynidirmi?

- Bəzi həbsxanalarda qadınlar kişilərlə bir yerdədir, eyni qayda və imkanlarla yaşayırlar. Həmçinin, bizim sırf qadınlar üçün olan həbsxanalarımız da var. Amma heç vaxt orada olmadığım üçün, onlar barəsə heç nə deyə bilmərəm.

- Azərbaycan kimi ölkələrdə rifah səviyyəsi yüksək ölkələrin həbsxana şəraiti ilə bağlı xeyli söhbətlər gəzir. Məsələn, Norveçdə həbsxanada insanlar az qala azadlıqdakından daha yaxşı yaşayır, gözəl qidalanır, sürətli internetdən istifadə edir və s. Bunlar doğrudurmu?

- Biz islah məmurları olaraq məhkumları daha yaxşı yola yönəltməyə çalışırıq. Tez-tez təsadüfi seçim edərək, hər şey haqqında onlarla danışıqlar aparırıq, amma adətən məhbusların danışmaq istədiyi haqqında danışıqlar aparırıq. Biz poizitiv olmağa və onlara yaxşı təsir göstərməyə çalışırıq. Lazım olduqda, bəlkə də həbsxanadan sonra onların həyatına kömək edə bilən birini məsləhət görürük. Məhbus olmaq asan deyil. Bir çox ölkələrlə müqayisədə Norveçdə məhbus olmaq daha yaxşıdır. Azadlıqdan məhrumetmə cəza vermək məqsədi daşımır. Bu, cəmiyyəti məhdud bir müddət ərzində o adamdan müdafiə etmək üçündür. Bir çox insan (məhbus olmaq nə qədər çətin olduğunu bilməyənlər) tənqid edir ki, onların yaxşı yeməyi var. Bəli, həbsxanada yemək köşkü var, orda onların pulsuz əldə edəcəyi yaxşı yeməklər var. Bəyəm məhkumlara pis yemək vermək lazımdır? Onlarla pis davranılmalıdır? Cavabım ancaq “Yox” olacaq! Pis yemək, pis davranış insanları "daha pis" edər. Məhbuslar azadlığa çıxandan sonra kimlərinsə qonşusu olacaqlar. Onlarla yaxşı davranmalı, həbsdən daha yaxşı insan kimi çıxmalarını təmin etməliyik ki, gələcəkdə bu insanlarla ünsiyyətdə olacaq başqa vətəndaşlarımızı təhlükəyə atmayaq. Biz insanlarla hörmətlə rəftar etməliyik, ehtiyacları ilə maraqlanmalı, kömək etməliyik, narkotikdən imtinasına, məktəblə, iş yerləri ilə əlaqə qurmasına və s kömək etməliyik. Bir çox həbsxanada onlar iş təcrübəsi qazana, fərqli kurslar keçə bilərlər (yük maşını, lift, mexanika və s.) və bəzən də cəza müddətindən asılı olaraq bütöv təhsil əldə edə bilərlər. Məqsəd həbsxanada insanların cəza çəkməsi deyil, islah olunması, öyrənməsi və daha yaxşı insan olaraq çıxmasıdır. Yaxşı internet mifi haqqında: Norveç həbsxanalarında internet imkanları olan çox az insan var. Cəzaçəkmə müəssisələrində məktəblərə gedən insanların işlədikləri işlərlə bağlı məlumat axtarmaq üçün məhdudlaşdırılmış internetdən istifadə imkanları ola bilər və bəlkə də bəzi xəbərlərə baxa bilərlər. Amma bu, məhkumların çox az hissəsidir. 

Norveçdə həbsxana
Norveçdə həbsxana. Fotoqraf:: Meydan TV

- Norveç həbsxanalarında məhkumların kütləvi və ya fərdi etiraz aksiyaları olurmu və adətən səbəblər nələr olur, onlar nə tələb edirlər?

- Kütləvi etiraz dedikdə nəyi nəzərdə tutduğunuza əmin deyiləm, lakin Norveçdə son kütləvi üsyandan xeyli vaxt keçib. 10 ildən çox. Etirazlar ola bilər. Məsələn, hansısa kişik qrup şənbə günündə balıq və ya sıyıq kimi yeməklərin çox olmasına etiraz edə bilər. Ya da həbsxananın həddə artıq çox kilidlənmiş olmasından şikayət edirlər.

- Məhbuslar arasında konfliktlər yarandıqda, bu, kim tərəfindən və necə həll olunur?

- Məhkumlar arasında münaqişələr qaçılmazdır. Yəqin ki, bir çox halda bu konfliktlər özəl otaqlarda baş verir və biz bunu görmür və ya eşitmirik. Bəzən bildiklərimiz də olur, o zaman bu məsələləri həll etməyə çalışmalıyıq. Bizim bununla bağlı nə edəcəyimiz məsələnin nə qədər ciddi olduğundan asılıdır .

- Norveçdəki həbsxanalarda kitabxanaların mütləq olduğunu eşitmişik. Bu kitabxanalara gələn kitablara məzmununa görə hər hansı bir senzura tədbiq olunurmu? Məsələn, siyasi ədəbiyyat, müxtəlif terror qruplaşmalarının liderlərinin yazmış olduğu, zorakılığa çağıran kitablar bu kitabxanalarda yer ala bilərmi? Eyni suallar əgər həbsxanalarda filmlər nümayiş etdirlirsə, onlara da aiddir.

- Hesab edirəm ki, artıq hər cəzaçəkmə müəssisəsinin kitabxanası var, ehtimal ki, o qədər də böyük deyil, ancaq yəqin yaxşıdır. Terrorist qrupların liderləri tərəfindən yazılmış hər hansı bir kitabın olduğunu görməmişəm və düşünmürəm ki, olsun. Ancaq onların kitablarda müxtəlif seçimi var. Kitabxanaçı ilə danışa bilərsiz və həbsxanadakı kitabxanada həmin kitab olmadıqda, o, kitabı əldə etməyə kömək edə bilər. Yəni kitabın yaxın bir kitabxanada olduğu halda.
 
- Həbsxanalarda məhbuslar arasında depressiya, intihara meyl kimi hallar müşahidə olunurmu və olunarsa, bu hallarla necə mübarizə aparılır?

- Bəli, olur, amma hesab edirəm ki, digər ölkələrdən çox azdır . Həftəboyu - İ-V-ci günləri tibb bacıları və həftədə ən azı 1 gün həkimlərin işlədiyi yaxşı bir sağlamlıq sistemimiz var. Gecələr və ya həftə sonları bir şey olarsa, biz (zabitlər) hər hansı bir insan kimi kənardan tibb işçilərini çağırırıq və kömək istəyirik.

"Divarlardan kənardakı" həyatda olduğu kimi, həbsxanada da insanlar mübarizə aparır, bəziləri kömək istəyir, amma bəziləri yox. Birinin probleminin olub-olmadığını araşdırmağa, onlarla danışmağa və ya tibb işçiləri ilə əlaqələndirməyə çalışırıq. Təəssüf ki, bəzən insanlar öz həyatlarını həbsxanada sona yetirirlər, lakin bu, elə də çox olmur.