Bədbəxt valideynlər

Günel Mövlud (illüstrasiya)

Alman yazıçısı Haynrix Böllün mükəmməl əsərlərindən biri olan “Təlxəyin gündəliyi”ndə oxuduğum zaman mənə olduqca qəribə gələn bir məqam vardı. Uşaqlığını xatırlayan səyyar aktyor öz zəngin ailəsinin ona verdiyi tərbiyədən danışır: “Bizə evdə o qədər az yemək verirdilər ki, hərdən doymaq üçün kasıb qohumlarımızgilə qonaq gedirdik. Valideynlərim bunu xəsislikdən deyil, bizə qənaəti öyrətmək, harın böyüməyək, az yetinməyi bacaraq və ruzinin qədrini bilək deyə edirdilər. Əgər biz alma yeyəndə qabığını qalın soyurduqsa, nəcib, kübar anam o qalın qabıqların altındakı nazik dilimləri təzədən bıçaqla qaşıyıb yeyidi ki, ruzi zay olmasın. Bizə verdikləri asketik tərbiyə o həddə çatmışdı ki, valideynlərim özləri süfrədən yarıac ayrılırdılar. Mən bir dəfə təsadüfən ərzaq saxladığımız zirzəmiyə düşəndə, həmişə əlində çəngəl-bıçaq gördüyüm, sakit və təmtəraqla yemək yeyən anamı əli ilə qaxac donuz ətindən qoparıb, tələm-tələsik yeyən yerdə gördüm. Ona o qədər yazığm gəldi ki, özümü büruzə verməyib tez geri qayıtdım...”

Aşağı-yuxarı bu tərbiyə tərzi bu gün də Avropada uşaqlara verilən həyat dərsinin mini-sistemidir. “Yox”a, “yoxluq”a öyrətmək, harınlamasına izn verməmək, qənaət öyrətmək, əlində olanı qorumaq, parıltıdan, dəbdəbədən, ifrat bolluqdan uzaq durmaq. Təvazökarlıq, təvazökarlıq, qənaət, qənaət...

Buna görə də, illik halal qazancı milyonlarla avro olan adamlar velosipedlə işə gedir, yüz minlər qazananlar "second-hand" paltar geyinir, süfrələrində həmişə bir sadəlik hökm sürür, mağazaya girəndə uşaqlarına siyahıda olmayan ancaq bir şeyi almağa icazə verirlər. Çünki həyatlarıboyu bu tərbiyəni alıblar. Çünki israfçılıq onlar üçün tərbiyəsizliyin simvoludur.

Bizim kimi ölkələrin adamları çox vaxt onların xəsis olduğunu düşünürük. Necə yəni, qazandıqlarını yeməklərinə, geyimlərinə, əyləncəyə xərcləmirlər, daha nəyə yığırlar bu pulu? Amma bizim o xəsis dediyimiz, "second hand" geyinən, velosiped sürən adamlar müxtəlif humanitar fondlara on, yüz minlərlər pul bağışlayırlar.

Oğullarına, qızlarına ev almayan adamlar yaşlılar, qaçqınlar, kimsəsizlər üçün evlərin tikilməsinə maliyyə yatırırlar.

Artıq neçəncı məmurdur ki, övladının harınlığına görə işindən, vəzifəsindən olur. Bugünlərdə oğlunun avtomobil xuliqanlığına görə daha bir generalı işindən uzaqlaşdırdılar. Çünki hədəf məhz odur, oğlu o qanunsuzluqları o generalın rütbəsinə, paqonlarına, vəzifəsinə güvənərək edib. Çünki ata uşaqlıqdan o oğlana göstərib ki, öz paqonları, vəzifəsi ilə oğlunun istənilən dəcəlliyini qoruya bilər. Bu tərbiyə tərzi əksər məmurların, vəzifədə olan adamların, varlıların tərbiyə tərzidir.

Kimi “maço” böyütməklə fəxr edir, kimi “əşi, mən vaxtında eləyə bilmədim, qoy oğlum gün görsün” məntiqilə uşağını harınlaşdırır, kimi məktəbdə müəllimi, restoranda ofisiantı, dükanda satıcını, iş yerində işçisini, küçədə vətəndaşı oğlunun yanında təhqir etməklə, atasının nələrə qadir olduğunu göstərmək istəyir.

Nəticədə atasının hər şeyə qadir olduğu inamı ilə böyüyən uşaq özündən statusca aşağını təhqir etmədən movcud olacaq bir həyat tərzi tanımır. Necə yəni, axı maşınla mənim qabağıma keçən oğlan kimdi eee, polisi kimdi ee mənə cərimə yazsın, müəllim kimdi ee məndən dərs tələb eləsin, satıcı, ofisiant kimdi ee mənim kaprizimə dözməsin, kimdilər axı bunlar, atam onların başına oyun açar!

Harınlaşdıqca, harınlaşmaq. Atadan, puldan, gücdən başqa heç nəyə istinad yox. Aldığı tərbiyə imkan verməyib ki, o elm, peşə, sənət öyrənsin. İşləməyə, həyatda öz gücünə nəsə bir uğur qazanmağa yuxarıdan aşağı baxır. İşləmək ona görə uğursuzların aqibətidir. O, niyə işləsin ki, onsuz da atası nə lazımdır, qazanır. Avaraçılıq, həyatın zövqünü içki, narkotik, kef məclislərində, avtoşluqda, kimisə alçaltmaqda, sındırmaqda görmək.


Deqradasiya getdikcə dərinləşir, öz içində təmiz, ülvi, gözəl heç bir şeyə inam olmadığı üçün qəzəblidir, həm də daxilən narahatdır, çünki nəyəsə istinadı yoxdur. Buna görə də, azacıq laqeydlik, etiraz görəndə aqressivləşir, özünün dünyanın göbəyi olduğunu göstərmək üçün əlinə fürsət düşür. Döymək, alçaltmaq, güllələmək, təhqir etmək, mənəm-mənəmlik...

Nəticədə də olur belə. Bir gün necəsə məsələ şişir. Ya da nəyəsə görə yuxarıların gözündən düşən atasını işdən çıxartmağa oğlu gözəl bir bəhanə olur. Geridə isə qalan tərbiyəsiz, mənəviyyatı xarabalığa bənzəyən övlad, işdən çıxmış, gözdən düşmüş ata, vəzifədən gedəndən sonra uzaqlaşan dünənki dostlar, qohumlar...

Çünki atanın ən böyük işi, çəkisi filankəs müəllim, oğulun dəyəri isə filankəs müəllimin oğlu olmasında idi. Bir gün o filankəs müəllim olur eləcə filankəs. Özü də, oğlu da olur heç kim.

Halbuki, o pullarla, o imkanlarla ata heç, oğul həkim, mühəndis, bəstəkar, fizik ola bilərdi. Atasının su kimi xərclədiyi pulu ona imkan verərdi ki, ən yaxşı müəllimlərdən dərs alsın, ən bahalı elmi mərkəzlərinə baş çəksin, ən əlçatmaz avadanlıqları alsın. Amma ortada o puldan, o imkandan utancverici qovulma, tərbiyəsiz övlad və boşluq qaldı...

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.