Nazlı Ağayeva
Nazlı Ağayeva

Bir adamlıq cüməaxşamı

Bağışla, qapını döyə bilmədim...

Ölkədə baş alıb gedən intihar epidemiyasının daha bir acı nümunəsi son günlər Qəbələdə yaşanıb. Təxminən on altı yaşında ailə qurmuş, kiçiyi altı aylıq olmaqla iki uşaq anası, iyirmi iki yaşlı gənc qadın özünü şəhərin yeddi mərtəbəli binalarından birinin sonuncu mərtəbəsindən atıb. Hadisənin baş verdiyi yer şəhərin ən izdihamlı nöqtələrindən birincisi, Qəbələ hava limanı – “Ayraport” yolunun üstüdür. Sovet dövründən qalma “beşmərtəbələr” və “Gilan Holdinq”ə məxsus yeni tikilən hündürmərtəbəli binalar məhz bu küçəni əhatə edir. Görünür, mərhum qısaca ömrünə yaxınlıqdakı ən sıx və hündür yaşayış nöqtələrdən birində son vermək istəyib.

Faciəvi məqam intiharın canlı olaraq birbaşa izləyicilərin qarşısında gerçəkləşməsidir. Belə ki, adını çəkməyəcəyim gəlin küçənin əks tərəfindəki məlum ünvana gedib. Ora çatana qədər düşünmək-daşınmaq üçün xeyli vaxtı olsa da, “mənzil başına” çatmağaqədərki möhlətdə həyata tutulmağa keçərli səbəb tapmayıb. Əksinə daha inadla irəli gedib. O, irəliyə çatmaq üçün yeddinci mərtəbədən sonra daha bir neçə pilləni adlayıb blokun son pəncərəsinə qalxmalıymış. Bundan ötrü təxminən boyu bərabərində səkiyə dırmaşmaq və dəhşətli boşluğun üstündən naqolay bir şəraitdə çevrilib pəncərənin ensiz çərçivəsində oturmalıymış. Son dərəcə inanılmaz risqli hərəkət zamanı qopub düşmək ehtimalı qaçılmazdır. Qopmayıb, düşməyib. Bəlkə də sonsuzluğa açılan dəhşətli vəziyyətə hələ heç kimindən, heç nəyindən doymadığı dünyanı təkrar-təkrar seyr etmək üçün dirənib.
Rayonda bu intiharın ən çox hallanan tərəfi səbəbindən daha çox, “onu xilas etmək olardımı” sualıdır. Qorxulu yüksəklikdə oturan əfsanə qadının tükdən asılı müxtəlif anları aşağıdan fotoya alınıb. Hətta küləyin dağıtdığı saçlarını yığışdırdığını iddia edənlər var.

Adamlar düşünürlər, səssiscə “intihar yeri”nə qalxıb onu qəfil geri çəkmək mümkün idimi? Fövqəladə hal işçilərini, polisi bir kənara qoyaq, təsəvvürü belə qan donduran gərginlikdə vətəndaş müdaxiləsi bir işə yarayardımı? Ləngiməkdə özünün belə bir gözləntisi ola bilərdimi?

Bu ölkədə ən adi məsələdə hər kəs konkret müsahib, şahid olmaqdan çəkinir. Qalmışdı ölüm işi ola. O üzdən də hadisənin könüllü və yaxud məcburi şahidlərinə verə bilmədiyim sualların təsiri altında ötən cüməaxşamı o binaya getdim.

Liftin yeddinci düyməsini sıxaraq daha səkkiz-doqquz pilləkən də qalxıb onun həyatla son təmas xəttindən çölə baxmaq istədim.

Nəinki boyum, heç düz-əməlli əlim da çatmadı. Qeyri-ixtiyari “kaş bu uşaq ora qalxa bilməyəydi” deyə mənasızcasına düşündüm.

Qayıdanda mən də o qız kimi iri güzgülü lifti çağırmadım. Torpağa onun sürəti ilə deyil, incik, yorğun xəyalı ilə pilləkənlə endim.

Deyirlər, çoxu kimi paylaşdığı həyatla baş edə bilmirmiş, ətrafı onu anlamırmış. Dərdlərini, problemlərini götürüb ata evinə gedəndə də ənənəvi, klassik “ər evi, gor evi” prinsipi ilə qarşılanırmış. Təbii ki, belə hallarda həqiqətə yaxın və uzaq daha çox şeylər deyirlər və yenə təbii ki, deyilənlər sübut sayılmır, amma həmişə içindən hər kəs üçün məsələyə az-çox aydınlıq gətirən bir məntiq tapılır.

Deyilməyənləri də üstə gəlsək, biz o məntiqi on altı-on yeddi yaşlı qızların əlinə sənət alıb öz ayaqları üstündə durmadan ər evinə köçmək həvəsində gördük. “Filankəsin qızı evdə qalıb” yarlığından qorxub övladını məslək sahibi etmədən tələsik gəlinlik donuna bürüyənlərdə gördük. Lap öz xoşu ilə getmiş olsa belə, ailə həyatı alınmayan övladına sahib çıxmayanlarda gördük.

Sağlam düşünməkdən qorxub saxta cəmiyyətin əsirinə çevrilməkdə gördük. Bütün bunlara rəvac verən çürük mentalitetdə gördük. İbtidai şüur səviyyəsində, özünü yetişdirə bilməməkdə gördük. İyirmi birinci əsr qadınına “Ayfon”lu xudayar bəylər prizmasından yanaşmada gördük.

Və bu məntiqi ata ocağından torpağa tapşırılmış gəlinin ər evində verilən hüzür məclisində gördük. İki qapıdan asılmış iki cüt qırmızı-qara yaylıqda, bir toyun iki yasında gördük...

P.s. Üç ay ərzində Qəbələdə ikinci ana daha azyaşlı uşaqlarını özünün dözə bilmədiyi mühitdə qoyub getdi. Bütün məsum körpələrin sınıq qəlbləri xətrinə, yetər! O kövrək fidanlar kirimədikcə, səbəbiniz nə olur-olsun, sizi bağışlamaq mümkünsüzləşir.