Zaur Qurbanlı
Zaur Qurbanlı

Uşaqlarınızın cinsini öyrənməyin!

Biləndə ki, təxminən 8 ay yarım sonra övladımız olacaq, arvadımla qərara gəldik ki, uşağın cinsiyyətini öyrənməyək. Əvvəldən də belə qərarımız var idi, amma USM-ə gedəndə, həkim cinsiyyəti deməyi təklif edəndə qərar vermək asan deyil. Biz qətiləşdirdik və USM-ə də hər iki təklifdə etiraz etdik (yeri gəlmişkən, Britaniyada hamiləni USM-ə nadir hallarda göndərirlər, bizdəki kimi uşağın 8 mövsümlü serialını çəkmirlər).

Düzdür, sürpriz olacağı da maraq qatırdı bu prosesə, amma səbəb bu deyildi. Səbəb o idi ki, Azərbaycanda uşağın cinsini öyrənmək bəzən iyrənc niyyət güdür. Bizim əsas motivimiz məhz bu yazının yazılması idi – təbliğat. Azərbaycan cinsi selektiv aborta görə dünyada ilk üçlükdədir.

Digər 2 dövlət isə sürpriz deyil – birinci yerdə Çindir, çünki orada uzun müddət “1 ailə - 1 uşaq” siyasət aparıldığından insanlar oğlan uşaqlarına üstünlük veriblər. Digər ölkə isə bizimlə eyni mentaliteti bölüşən, eyni adət-ənənələrə malik, eyni həyat tərzi keçirən... yox, Türkiyə deyil, Ermənistandır. O qədər oxşarıq ki, bu bədnam siyahıda ikincilik uğrunda amansız mübarizə aparırıq, bu mübarizədə minlərlə doğulmamış qız uşaqları qurban kimi istifadə olunur.

Bəs cinsi selektiv abort nədir? Abort embrionu ana bətnindən kənarda yaşaya bilmədiyi halda uşaqlıqdan kənara çıxartmaqla hamiləliyin sonlandırılmasıdır. Selektiv abort isə abort edilən embrionlara münasibətdə seçkiçi yanaşmaqdır – ağ uşağı götürək, qara qalsın, əlil uşağı götürək, sağlam qalsın və s. kimi. Cinsi selektiv abort isə dölün cinsinə görə abortu həyata keçirməkdir. Bu növ abortdan əziyyət çəkənlər adətən qadın cinsinə məxsus döllər olurlar.

Patriarxat kişiləri nəsil davamçısı hesab etdiyindən insanlar kişi cinsinə məxsus övladlarının olmasını arzulayırlar ki, nəsilləri davam etsin. Bu arzunu həyata keçirməyin üsulu kimi isə qız övladların dünyaya gəlməsinin qarşısını almağı görürlər. Bundan başqa, patriarxat qadınları o qədər alçaldıb ki, qadın olmaq ayıb, hər an nəslin, ailənin adına vurula biləcək ehtimali ləkə sayılır, ona görə də bu düşüncə səviyyəsində olan insanlar qızların mümkün qədər az olmasına çalışırlar.

Müasir dövrdə isə USM və abort tibb elminin əlində çox asan bir şeydir. Texnikanın əxlaqdan sürətli inkişafının daha bir faciəvi nəticəsi ilə üz-üzəyik. İnsanlar qədim inanclarını həyata keçirmək üçün texnologiyadan istifadə edirlər – uşağın cinsini ona görə müəyyən edirlər ki, onu abort etsinlər.

Biz sona qədər uşağımızın cinsini bilmədik. Uşaq oğlan oldu. Onun penisinin olması bizdə nə sevinc, nə də kədər yaratdı. Onun yerində fərqli orqan da olsa, eyni münasibətimiz olacaqdı. 9 ay dözüb bunu öyrənməməkdə məqsədimiz də budur – hər birinizi dəvət edirik ki, uşaqlarınızın cinsini doğulmamış öyrənməyin, sonra bunu təbliğ edin, öyrənməyənlər artsın. Cinsi selektiv abortlar azalsın. Uşağa hansı rəng paltar almaq bəhanədir, körpələr üçün fərqi yoxdur, əynindəki paltar çəhrayıdır, yoxsa göy. Bizim oğlanın çəhrayı paltarları var, yenə də bu rəngdə paltarlar almaqda davam edirik. Uşaqlarınızı doğulmamışdan “qız uşağı”, “evin kişisi” kimi tərbiyə etməyin. Uşağı əxlaqlı, mədəni insan kimi tərbiyə etmək lazımdır, o zaman ondan yaxşı qız da çıxar, oğlan da.

Mənim oğlum 10 günlükdür, o, əllərinin sinxron hərəkətini təşkil edə bilmir. Hər əli bir cürə hərəkət edir, sağa-sola atır. Təsadüfən əlləri bir-birinə dəyəndə bərk-bərk tutur, qucağında birləşdirir. Vəssalam, onun yeganə uğuru budur hələ ki – bir əli ilə digərini tutmaq. Bunu niyə təsvir edirəm? Təqsir, günah anlayışlarından milyon km uzaq olan, bütün dərdi-səri məməni ağzına necə salmaq, əllərini necə tutmaq, qazını necə çıxarmaq olan varlıqlara başa salmaq olmaz ki, “sən oğlansan, ona görə yaşayırsan”.

Hələ boynunda qəlsəməsi olan dölə isə başa salmaq olmaz ki, “sən qızsan, ona görə də heç vaxt nəfəs ala bilməyəcəksən”. Çünki onlar qız və oğlan, həyat və ölüm, nəsil, patriarxat, adət-ənənə... nədir, bilmirlər. Bunu bilənlərlə, başa düşənlərlə aparın o mundar davanızı.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.