Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

ŞANLI MƏKTUB

İnsan təsadüfən özünə həmfikir tapanda, çox sevinir. Sanki itmiş yaxın qohumunu, dostunu təkrar qazanır. Mən də bir neçə gün bundan əqdəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistikası şöbəsinin müdiri cənab İsa Həsənovun azərbaycanlı işçilərin öz bilik və bacarıqlarını artırması üçün özlərini zəhmətə qatmalarının vacibliyi barədə dəyərli və 100 faiz düzgün fikirlərini oxuduqda xeyli məmnun oldum. Sevincim ikiqat artdı, zira mən bu dürlü fikirləri zehni qabiliyyətləri barədə bədgüman olduğum məmur tayfasının nümayəndəsindən eşidirdim. Bu strateji dərinlikli müsahibə ilə tanışlıqdan sonra mən etiraf etməliyəm ki, zəmanədən geri qalmışam, məmurlar barədə biliyimi köhnə mənbələrdən alırmışam, budur, təzə milli məmur növünün parlaq nümayəndəsi öz yeni fikirləri ilə sübut edir ki, Azərbaycanda nəinki binalar, yollar, körpülər və avtomobillər modernləşir, həm də məmurlar “iks-iks birinci” əsrə uyğunlaşıb həqiqi avropalılar kimi düşünməyə başlayıblar.

Təqlidçi kimi görünsəm də, mən də cənab İsa Həsənova qoşulub deyirəm ki, az maaş alan azərbaycanlı işçi özü günahkardır. Mərhum Elçibəy demişkən, “bu, onun taleyidir!” Yəni ayda 120 manat almaq onun alnına yazılmış və heç bir rezin pozan ilə pozulmayan taleyidir. 120 manat! Və bir manat da artığa layiq deyil!

Sözün düzü, mən bu dərin məzmunlu fikri bir qədər təkmilləşdirmək və ümumiləşdirmək istəyirəm. Cənab İsa Həsənovun azərbaycanlı işçilərin mahiyyətinə verdiyi qiyməti rəsmi dövlət tədavül müstəvisinə salıb və onu vətəndaşların daimi koduna çevirib şəxsiyyət vəsiqəsinə yazmaq lazımdır. Bu, dövlət məmurlarına vətəndaşları bir-birindən dərhal fərqləndirib müəyyənləşdirməyə ciddi kömək edə bilər. Məsələn, “həkim Filankəs Filankəsov-180 m”, yəni bu həkimin maaşı 180 manatdır.

Bu məlumatı oxuyan şəxs həmin dəqiqə biləcək ki, həkim Filankəs Filankəsov tənbəl və əfəlin biridir, 11 il orta məktəbdə, beş il tibb universitetində və üç il ordinaturada uğurla oxuyub həkim diplomu alandan sonra qəfildən tutulub naməlum bir azara və dəxi inkişaf edə bilməyib, ilişib qalıb 180 manat maaşda. Onun başına dərhal qapaz və buduna təpik vurmasalar da, ürəklərində biləcəklər ki, böylə az maaş almasının baiskarı özüdür.

Azərbaycan vətəndaşlarına cəmiyyətdə aldıqları maaş və təqaüdə uyğun yanaşılmasının zamanıdır. Axı biz, cənab İsa Həsənovun tamamilə düzgün qeyd etdiyi kimi, bazar iqtisadiyyatı dövrünə qədəm qoymuşuq. Əmək bazarında rəqabətə davam gətirə bilməyən insan məgər rəqabətə uğurla davam gətirən insanla eyni münasibətə layiqdirmi? Əlbəttə ki, yox, bir də yox! Hər bir kəs ayağını uzada biləcəyi yorğanın uzunluğunu dəqiq bilməlidir. İnsana hörmət ölçüsü onun maaşı olmalıdır.

Mən özümdən danışmalı olacağam, zira cənab İsa Həsənovun dəyərli fikirləri əsasında təklif etdiyim meyarlar nizamına görə bəndəniz o qədər həqir bir mövqedədir ki, bu barədə danışmaq sadəcə ayıbdır. Bu, bir anomaliyadır ki, mənim kimi bir məxluq hələ cürət edib ağzını açır və öz sərsəm fikirlərini cəmiyyətə çatdırmağa çalışır. Mən nə qədər gizlətməyə çalışsam da, lakin həmin bu nazirliyin arxivində və ola bilsin ki, ictimai fəalları diqqətdə saxlayan müvafiq təşkilatın dosyelərində mənimlə bağlı babırçı məlumatlar saxlanılır. Bu məlumatlar deyir ki, miskin filologiya elmləri namizədi adını qazanmış bu tənbəl və əfəl bəndəniz hələ bazar iqtisadiyyatına keçməmiş Sovet Azərbaycanında 180 rubl maaş alırmış. Bu, haqlı olaraq onun sovet sisteminə uyğun olmayan aşkar bivecliyinin əlaməti sayıla bilərdi. Lakin indi, ölkəmizdə bazar iqtisadiyyatına keçid başa çatdıqdan və hər bir vətəndaşın qarşısında öz bilik və bacarıqlarını hədsiz artırmaq üçün geniş üfüqlər açıldıqdan sonra onun 185 manat təqaüd alması nəyi sübut edir? Tamamilə düzgün olaraq deməliyik ki, bəndəniz öz bilik və bacarığını artırmaq sahəsində çalışmayaraq özünün bu, yumşaq dillə desək, təvazökar qabiliyyət və xidmətlərinə layiq təvazökar təqaüdünü alır.

Ola bilsin ki, cənab İsa Həsənov aşkar elan etdiyi sosial-darvinizm baxışlarına rəğmən ürəyi yumşaq insandır və bu yazdıqlarımı oxuyub həqir bəndənizə yazığı gələ bilər. Zəhmət çəkib rəhmdillik günahına batmasın, zira mənim aldığım təqaüd mənim maşınımın benzininə güclə çatır. Hələ sovet zamanından hakim zümrəmizin mənəviyyatı ilə yaxın tanış olduğumdan həyatımı elə qurmuşam ki, mövcud quruluş ilə təmasım minimum həddədir və asudə yaşamağıma mane olmur. Mən həm sovet zamanında, həm də indiki Azərbaycanda dövlət cihazı ilə paralel, demək olar ki, mümkün qədər kəsişməyən müstəvilərdə yaşamağı üstün tutmuşam.

Lakin vətəndaşlarımızın əksəriyyəti mənə xoş olan bu mövqedə durmaq üçün tələb olunan tənbəlliyin və əfəlliyin sahibi deyillər. Onlar ömürləri boyu işləyiblər və taqətləri çatdıqca, işləməyə davam edirlər. Lakin nədənsə, aldıqları maaş azdır. Məncə, bu az maaş bizdəki bazar iqtisadiyyatının milli özəlliklərindən doğur. Dediyimi bir neçə sadə misalla təsdiq etmək istərdim.

1990-ların ortalarında bir tanışım var idi, tutaq ki, adı Ağarəhim idi. Bu Ağarəhim ömrü boyu beynəlxalq avtonəqliyyat sahəsində işləmişdi və yükdaşımaları sahəsini, ona inansaq, dərindən bilirdi. Bəli, bazar iqtisadiyyatına keçid başlayanda bu Ağarəhim Qobustan rayonunda böyük yük maşınlarının Bakı ətrafında dayanması, sürücülərə və maşınlara zəruri xidmətin təşkili üçün böyük bir bazaya yarayan münasib bir yer tapdı, öz biznes-planını hazırladı, banklarla kreditin məbləğini dəqiqləşdirdi və həmin zamanın qaydalarına uyğun olaraq rayon icra nümayəndəliyinə müraciət etdi. Onu bu icra nümayəndəliyində çox sorğu-suala tutdular, sənədlərini alıb dərindən müzakirə etdilər və... günlərin birində Ağarəhim gəlib gördü ki, onun öz biznesi üçün seçdiyi yerdə bir naxçıvanlı arkadaş kamali-səliqə ilə, bütün qanuni sənədlər olmaqla, bir “Tir parkı” açıb. Başılovlu getdi icra nümayəndəliyinə və orada eşitdi ki, “kimə istəyirsən şikayət et”. Yəni sənə keç kim mane olmur ki, öz Konstitusion hüquqlarından istifadə edəsən.

Bəli, əzəl başdan bu biçarə Ağarəhimin səylərinə və nikbinliyinə şübhə ilə yanaşan dost-tanışın əlinə girəvə keçdi ki, onu dolamağa başlasınlar. Necə? Çox sadə. Üzünə məsum ifadə verən birisi soruşurdu ki, “Ağarəhim, yadımdan çıxıb, sən haralısan?”, Ağarəhim cavabında “lənkəranlıyam” – deyirdi. Onda da tanış deyirdi ki, “ayıb olsun sənə, sən hansı ağılla bizim naxçıvanlı arkadaşın çörəyinə bais olmaq niyyətinə düşmüşdün”? Bazar iqtisadiyyatına uyğunlaşıb ailəsinin güzəranını öz bilik və bacarığı ilə yaxşılaşdırmaq arzusu ilə qovrulan Ağarəhim də cin atına minib açırdı gül ağzını.

Danışdığım nəyi sübut edir? Əlbəttə, cənab İsa Həsənovun tamamilə düzgün qeyd etdiyi ki, həmin bu Ağarəhimin yaxşı qazanmaq və milli bazar iqtisadiyyatına uyğunlaşmaq üçün zəruri olan çalışqanlığı əsirgəməsini.

Və ya başqa bir misal. Mənim bir tanışım var. Onu tanıdığım gündən fəxr edirəm ki, millətimdə belə savadlı və comərd bir insan var. Biliyi çox genişdir. Qarışqa kimi işləyir. Otuz kitabın, yüzlərlə məqalənin müəllifidir. Fikriniz bizim Akademiyaya soxulmuş yüksək vəzifəli məmurlarınıza getməsin, həmin məqalə və kitabları mənim tanışım özü yazıb, tabeliyində olan yazıqların əməyini mənimsəməyib. Neçə dəfə müşahidə etmişəm ki, Avropadan və Rusiyadan gələn alimlərlə və ekspertlərlə söhbət zamanı tanışım danışmağa başlayanda zala sükut çöküb, əcnəbilər əvvəl heyrətlə bu “aborigen”ə baxıblar, sonra isə tələsik onun dediklərini qeyd etməyə başlayıblar. Xülasə, tanışım elmlər doktorudur və şöbə müdiridir. Maaşı 430 manatdır. Cənab İsa Həsənovun azlıq və çoxluq meyarlarını bilmirəm, fəqət, məncə, bu, cox azdır. Etirazşı vətəndaşların başına zopa çırpan polis nəfərinin aldığı maaşdan ikiqat azdır. Mən demirəm polisin maaşını kəssinlər, yox, mənə qalsa, mən onların da maaşını ikiqat qaldırardım. Lakin eyni vaxtda tanış alimin maaşını onqat artırardım.

Cənab İsa Həsənov, mənim tənbəl və əfəl olduğumu cəmi-Azərbaycan bilir və dövlətimin tərəzisində mənim dəyərim həqiqətən 185 manatdır. Lakin həmin bu alim tanışım, baxmayaraq ki, böyük əllamədir və qarışqa kimi zəhmətkeşdir, həqiqətənmi 430 manata layiqdir? Həmin adam çox təşəbbüskardır, biliyinin gücünə xeyli qrant alırdı və yenə ala bilərdi, lakin hakimiyyət bu xarici qrant bulağının ağzını körüklədi və ölkəmizə hər il gələn azı yüz milyon dollarlıq pul arxının qarşısına Ədliyyə Nazirliyinin qadağan kötüyünü qoydu. Tanışımın çalışqanlıq və bilik hesabına maaşını artırması imkanını hakimiyyətimiz heçə endirdi.

Əllamə tanışım düşdü mühəndis Ağarəhimin kökünə və elə həmin Ağarəhimin hakimiyyət barəsində dediyi sözləri eynilə təkrarlayır.

Əlbəttə, millət böyük bilik və bacarıq hesabına milli bazar iqtisadiyyatına uğurla uyğunlaşmış vətəndaşların nümunələrini də tanıyır. Məsələn, Anar Əliyev adlı bir bilikli və çalışqan bir gənc əvvəl-əvvəl Türkiyədən çox geniş və tutumlu Naxçıvan bazarına trikotaj gətirməklə beynəlxalq biznes fəaliyyətinin incəliklərini mənimsəyir, sonra isə ARDNŞ-in hasil etdiyi bir neçə milyon nefti xaricə satıb 150 milyon dollar qazanır. Düzdür, bəzi ağzıgöyçəklər deyir ki, həmin bu Anar Əliyevin analoqu olmayan biznes qabiliyyətinin arxasında ARDNŞ-in prezidenti cənabe-möhtərəm Rövnəq Abdullayeva yaxınlığı gizlənir, lakin mən heç vaxt belə hədyana inanmaram, zira bizim dövlətdə yerlibazlıq, tanışbazlıq və qohumbazlıq ən ağır və bağışlanılmaz günah sayılır və hakimiyyət pilləkanında əyləşmiş heç kəs belə ağır günaha batmağa razı olmaz.

Müxtəsər, cənab İsa Həsənovun dəyərli fikirləri, onun munis siması və qibtəediləsi düzgünlük və səmimiyyəti məni vadar etdi ki, bir az artıq-əskik danışım. Əcdadımız demişkən, “müzayiqə qılmayın və günahlarımdan lütfən keçin”.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.