Mentalitet LGBT-yə qarşı

Tbilisi iki fərqli aksiyaya şahidlik etdi

17 may Homofobiya və Transfobiya Əleyhinə Beynəlxalq Mübarizə Günüdür. Mayın 17-də dünya LGBT nümayəndələri müxtəlif tədbirlər, aksiyalar keçirir, bu toplumun qarşılaşdığı hüquq pozuntularını diqqətə çadırırlar.

Gürcüstanın LGBT təşkilatları və bir sıra insan haqları qurumları Tbilisidə Nazirlər Kabinetinin qarşısında aksiya keçirib. Polis mühafizəsi altında baş tutan aksiyada cinsi azlıqların hüquqlarının tanınması və qorunması tələb olunub. Nazirlər Kabinetinin bir neçə yüz metrliyində yerləşən parlament binasının qarşısında isə Gürcü Kilsəsinin təşkilatçılığı ilə Ailə Günü qeyd olunub. Minlərlə Gürcüstan vətəndaşı kilsənin təşkil etdiyi yürüşə qatılıb.

Gürcüstan Ortodoks Kilsəsi 17 mayı Ailə Günü kimi qeyd etmək təşəbbüsünü cinsi azlıqların Tbilisidə keçirdiyi paradlardan sonra qaldırıb. 2013-cü ildə Tbilisidə LGBT nümayəndələri ilə keşişlər və konservativ kəsim arasında toqquşmadan sonra kilsə mayın 17-nin Ailə Günü kimi keçirilməsini təklif edib.

Gürcüstan kilsəsini təmsil edən metropolit Andrey Meydan TV-yə deyib ki, Ailə Günü Gürcüstan patriarxı İkinci İlyanın xeyir-duası ilə keçirilir:

“Ailə bizim ömür boyu üzərimizdə daşıdığımız xaçdır. Ailələr bədbəxt olanda cəmiyyət də sağlam olmur. Onillərlə davam edən ateizmdən sonra biz Gürcüstan vətəndaşlarını ənənələrini və ailələrini qorumağa çağırırıq. Möhkəm ailə güclü dövlətin və sağlam cəmiyyətin təməlidir”.

Azərbaycanda isə LGBT mövzusu ən çox 2014-cü ilin oktyabrında Azad LGBT təşkilatının rəhbəri İsa Şahmarlının ölümü ilə gündəmə gəldi. Dostları onu ofisdə LGBT bayrağından asılı vəziyyətdə tapmışdı. Ölümündən əvvəl “Facebook” səhifəsində yazmışdı: “Gedirəm. Hər kəs haqqını halal etsin. Bu ölkə bu dünya, mənə görə deyil... Xoşbəxt olmaq üçün gedirəm. Anama önu çox sevdiyimi deyərsiniz...Ölümümdə hamınız günahkarsınız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida”.

“Nəfəs LGBT”Azərbaycan Alyansının sədri Cavid Nəbiyev isə 2015-ci ildən Almaniyaya köçmək məcburiyyətində qaldığını deyir. O, Meydan Tv-yə müsahibəsində bildirib ki, şəxsi həyatı ictimailəşəndən sonra Azərbaycanda yaşaması mümkünsüz olub.

“National Geographic” yazır ki, ən azı 73 ölkədə LGBT nümayəndələri qanunla cəzalandırıla bilərlər.

Azərbaycanda isə LGBT hüquqları ilə bağlı qanun qəbul olunmayıb. Qanunvericiliyə görə, yalnız kişi ilə qadının nikaha daxil olması mümkündür. Ailə Məcəlləsində “Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır”, - deyə təsbit olunur.