Nazlı Ağayeva
Nazlı Ağayeva

Köhnə hamam, təzə dərd...

Hardan başlayıramsa, gedib özümə çıxıram...

Mövcud olduğum ev köhnə dəblə desək, “JEK”-ə məxsus qədim tikilidir. Tarixi yüzü ötən damı qonşu ilə bölüşürük. Sovet dövründə rayonun ən say-seçmə evi sayılan bu ünvanda “böyük” adamlar yaşayarlarmış. Mənzil istismardan çıxdıqca, o tipli adamlar müasir yerlərə köçüblər. Ondan sonra biz binanın istismarına keçmişik. Çox hissəsini anamla bərabər yaşadığım ünvanda həyatımın on dörd illik bütün hissəsi təmirə həsr olunub. İllər öncəsi yerli təşkilatlardan birini yüngülvari işə qarışdırsam belə, anladım ki, yüzillik “qocanın” ağız-burnunu yığışdırmaq mənim imkanlarımdan çox xaricdədir. İndiyə qədər sadəcə ən zəruri tədbirləri görə-görə onu tam sıradan çıxmaqdan xilas edə bilmişəm. Burda “daxili imkanlarım hesabına” yazmağın nə qədər gülməli olduğunu bilsəm də, yenə o ifadəni işlətməyə məcburam. Çünki o gün nəsə sənəd axtaranda yerə çökmüş eyvanı qaldırıb betonlayan ustaya verdiyim iltizamın mənə aid nüsxəsini tapdım. Orda yazıldığına görə Qədir adlı şəxsə mənim dörd yüz manata yaxın borcum qalıb. Ölkədə hər kəsin borc içində çabaladığı vaxtda “burda qəribə nə var?” deməyə tələsməyin. O var ki, mən həmin adama elə o qədər də pul ödəmişəmmiş! Ondan sonrakı qalığı qaytara bilməsəm də, Qədir və mən hələ sağıq. Allah özü şahiddir ki, o borcu qaytara bilmək üçün neçə ildir yaşam mücadiləsi aparıram.

Həyatımın bu cür mənalı şərtlərlə davam etdiyi vaxtda birdən evimin pilləkəni öz funksiyasını itirməyə başladı. İllər ərzində ibtidai üsullarla apardığım yamaq və dayaq işləri artıq heç nəyə yaramadı. Onda həyətdə kiminsə dövründən qalma damı uçmuş geniş hamamı söküb pilləkəni və digər zəruri yerləri təmir etmək barədə düşündüm. Deyilənə görə hamamın divarlarından iki mindən artıq mişar daşı-“kubik”in çıxmaq ehtimalını dəyərləndirib əməli işə başladım.

“JEK”-in balansında yaşadığım üçün özbaşınalıq etməyib müvafiq təşkilatlara müraciət etmək qərarına gəldim. JEK-dən soruşsam, onsuz da rəhbərlikdən icazə almamış cavab verməyəcəkdilər. Ən yaxşısı özüm İcra Hakimiyyətinə gedib dərdimi söyləyərəm. “Hə”ni də, “yox”u da qoy üzümə desinlər. Yoxsa ki, yollarda sözün üstünə o qədər söz gəlir ki, isimlə sifəti tapıb ayırmaq olmur.

İnsafən, orda məni diqqətlə dinləyib, hörmətlə yola saldılar. Ertəsi gün həmin ünvandan göndərilən iki nəfər gəldi. “JEK”-in müdiri hamamın divarlarını ölçüb-biçib, hesablayıb “pilləkəndən xeyli artıq material qalacaq”, dedi. Ünvana düşmüşkən dərhal həyatımın arzusuna çevrilmiş kiçik və işıqlı bir mətbəxdən danışmağa başladım. Müdir söhbətə reaksiya verməsə də, çoxlu “kubik”in gözünə damda salamat qalmış üç-dörd taxtanı, elə o qədər tiri də qatdı. Yəni, o boyda hamam sənindir, sök, nə istəsən tik. Onun bizdən uzaqlaşıb məsələ barəsində birbaşa rayonun rəhbərinə məlumat verdiyi anlarda qəzadan sonra ilk dəfə nəyisə bacaracağıma inamım artdı. Və o gün... günəş şüalarına qərq olmuş isti bir guşənin xəyalını qurmağa başladım.

Axşam yığışıb söküntünün planını cızdıq. Deşici aparatların icarəyə götürülüb gətirilməsi otuz manat, kənddən fəhlənin gəlməsi qırx manat, yemək-içmək və cari xərclər əlli manat, hamısı bir yerdə təxminən yüz əlli manata yaxın tutdu. Hamımız toplaşıb “montirovkanı” yüngülcə divara toxunduranda məlum oldu ki, divarlar sadəcə çay daşından, qumdan hörülübmüş... Ortada "kubik”-flan yox imiş. Əyər sökülərsə, nəhəng bir zibillik var. Yəni, pilləkən söhbəti başlamadan bitdi. Mətbəx nağılından isə danışmağa da dəyməzdi.

...İştirakçılar pərt olub üzümə baxanda məni gülmək tutdu. Əfəl olduğumu çoxdan bilirəm, amma bu xüsusiyyətimlə belə dərindən üzləşdiyim olmamışdı. Pilləkən, mətbəx cəhənnəm, məni yandıran heç o adamlara ağız açmağım da deyildi, nəticəsi olmayacaq bir işin belə asanlıqla avanda düşməyi idi. Daha iqtidar “pisdir” deyə bilməyəcəksən, çünki problemini anlayışla dinləyib, istədiyini veriblər. Sadəcə adam bir dəmir parçası vurub baxmazdımı ki, suvağın altındakı nədir? Həm də daha gedirsən-gedirsən, beş-altı dırnaqlı bir pilləkən istəmək olmazdımı? Daha bu köhnə hamam da hardan çıxdı? O da ki, elə... Məşədi İbadın duvağının altı, mənim suvağımın altı rəsmən eyni şey oldu. Onun heç olmasa alterantivi var idi, mən isə ölsəm də şansımı bir daha sınaya bilmərəm. Çünki həyətdə hamamdan sonra cəmi bir tikili qalıb... Amma pilləkənsiz evə şikəst ayaqla necə qalxasan? Bəlkə hamamın ora-burasına əl gəzdirib ora köçüm? İndi ki, qismətimdə ev yoxdu, heç olmasa elliklə yığışıb günahlarımızı yuyarıq...

 Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.