Ələkbər Əliyev
Ələkbər Əliyev

Ələkbər Əliyev: Ağ qarğa olmağım gerçəyi ilə çoxdan barışmışam

“Bir sabah oyanıb eşitsəm ki, Azərbaycan bir gecədə yoxa çıxıb, indi yerində dəniz, ya da səhra var, məni kədər boğacaq”

Yazıçı Ələkbər Əliyevdən müsahibə üçün razılıq almaq asan olmadı. Hətta indiyə qədər, ən çətin dilə tutduğum müsahibim oldu deyə bilərəm. Nəhayət, illər sonra “Skype”-da söhbətə razı oldu.

- İlk sualım, inanıram ki, bir çoxunu maraqlandıran sual olacaq. Artıq üç ilə yaxındır ki, sosial şəbəkələrdəki ünsiyyətini məhdudlaşdırmısan. Bu nə ilə bağlıdır?

- Publik persona olmadığıma, ya da olmaq istəmədiyimə görə ola bilər. Həm də başa düşmürəm “bir çoxu” nə deməkdir? Kimdir onlar? Vaxt var idi, 40-50 nəfərlə “dostluq” edən adamlara paxıllığım tuturdu ki, bunlara bax, özləri üçün kameral ortam yaradıblar; gündəm qiymətləndirməyə, bəyənmə və şərh toplamağa məcbur deyillər. Axı bu çox ciddi epidemiyadır – hamı analitikdir, hər kəsin deməyə nəsə bir sözü var və hamı maraqlı olduğuna inanır. Özümü yas mağarında hiss etməyə başlamışdım - qabağımda dovğa, pendir və nəsə qızğın müzakirə gedir. Elə deyil? Adamlar səhər oyanıb girirlər şəbəkəyə, elə bil işə gəlirlər və həmin günün müzakirə mövzusu nədirsə, yeddidən yetmişə hamı o haqda fikir bildirir. Bir soruşan da yoxdur: “Mən kiməm, bunlar kimdir, kimə maraqlıyam, niyə mənim hər şeyə dair fikrim var?” An gəldi, bütün bu lokal söhbətlərin nə qədər maraqsız, depressiv olduğunu hiss etdim. Anladım ki, deməyə söz, həvəs qalmayıb; çox uzaq, yad planetdə mənə aid olmayan söhbətlər gedir və mən bu xora qoşulmaq istəmirəm...

- Axı sən Azərbaycan mətbuatına da müsahibə vermirsən. Bilirəm ki, indiyə qədər bir çox təklifi geri çevirmisən. Hətta bir həmkarımdan eşitmişəm ki, özünə “söyüş” qoymusan ki, müsahibə verməyəcəksən.

- Elə həmin səbəblər üzündən – buna ehtiyac görmürəm. Nə üçün, kimin üçün müsahibə verim? Kiməm mən, kimə maraqlıyam? Ümumiyyətlə, şəbəkəyə və mətbuata sadəcə zamanım yoxdur. Axı bunlar həm də asudə vaxtla, avaraçılıqla bağlı fəaliyyətdir. Mənim üçün zaman çox qiymətlidir, hər bir dəqiqənin ağırlığı, məsuliyyəti var. Vaxt çox bahalı şeydir, ucuza satmaq olmaz. Minnət kimi çıxmasın, amma bu müsahibə olmasaydı, indi əlimdəki otuz səhifəlik sənədi oxuyub konspekt tuturdum.

Ələkbər Əliyev
Ələkbər Əliyev.

- İsveçrədə şirkət sahibi olduğunu eşitmişəm. Bu haqda bir az danışaq?

- Şirkət sahibi olmamışam, bir şirkətin müdiri təyin olunmuşam. Merkantil maraqlarıma cavab verir deyə, bu haqda həvəslə danışa bilərəm.

- Elə fəaliyyət növündən başlayaq...

- Şirkət tibbi turizmlə məşğuldur. İsveçrədə müayinə və müalicə olunmaq istəyən MDB vətəndaşları üçün, xəstəxana və hotellərlə əməkdaşlıq sazişi əsasında, provayder rolunda çıxış edir. Şirkətin yan müəssisəsi də var, xarici sərmayədarların İsveçrədə şirkət qeydiyyatdan keçirmələrinə, bank hesabı açmalarına kömək edir. Bu fəaliyyət növünü hələ təzə-təzə kəşf edirik, ştatda hüquqşünasımız yoxdur deyə, bunu daha çox vasitəçilik adlandırmaq olar. Əsas istiqamət isə, dediyim kimi, tibbi turizmdir. Böyük bazarlar olduğundan Rusiya, Ukrayna və Belarusun tibbi turizm assosiasiyaları və aparıcı şirkətləri ilə əməkdaşlıq edirik.

- Azərbaycan necə?

- Əlbəttə, saytımızın hətta azərbaycandilli versiyası var. Bu yaxınlarda da, Bakıda əməkdaşlıq etdiyimiz bir marketinq şirkəti ilə, Azərbaycanda tanıtım kampaniyası başlatmaq haqda razılığa gəlmişik. Saytın Azərbaycan versiyasını artıq hazırlayıblar, indi də çap məhsulları və videoçarxın hazırlıq işləri gedir. Azərbaycan və yaxın gələcəkdə əhatə etməyi planlaşdırdığımız Gürcüstan bazarlarında sıxıntımız odur ki, İsveçrədə müalicə ucuz başa gəlmir, bu ölkələrdəki vəziyyəti isə özün bilirsən. Həm bazar kimi böyük deyillər, həm də xidmətlərimiz imkanlı adamlar üçündür. Əlbəttə, son çarə olaraq əlində-ovcunda nəyi varsa satıb səhhətinə xərcləyənləri saymasaq. Belə nümunələr biznesin ən qanqaraldıcı tərəfidir.

Ələkbər Əliyev
Ələkbər Əliyev.

- Artıq var belə nümunələr?

- Bircə dəfə belə nümunəmiz olmuşdu, o da heç nə ilə nəticələnmədi. Məxfilik prinsipini pozmadan deyə bilərəm ki, Azərbaycanda bir neçə həkimdən, bir neçə fərqli diaqnoz almış bir pasient namizədimiz vardı. Orada nəinki müalicə, hətta diaqnoz imkanları tükənmişdi. Onun sənədlərini əməkdaşlıq etdiyimiz müvafiq professora göndərdik və cavab aldıq ki, İsveçrədə asanlıqla müalicə oluna bilər, qiyməti isə filan qədərdir. Yəni onun kimi kasıblar üçün çox fantastik. İndi necə gəlsin ödəsin bu pulu? Ya da biz necə elan edək ki, “yastığınızın altında on minlərlə avronuz yoxdursa, bizə müraciət etməyin”? Rusiya və Ukraynadan olan pasientlər isə əksəriyyəti nə istədiyini, hətta hansı professorun qəbuluna düşəcəyini əvvəldən bilən, konkret sifarişlər verən adamlardır.

- Bayaqdan düşünürəm, sənin yazıçı ola-ola, bank sektorunda uzun illər aparıcı vəzifələrdə işləməyinə hardasa öyrəşmişdik, amma tibb sahəsini hətta mən, səni yaxından tanıyan adam belə, xəyal edə bilməzdim. Bu fəaliyyət sənin ümumi imicinə, nə bilim profilinə nə qədər uyğundur?

- Adətən belə hallarda Kafkanı nümunə göstərirlər ki, o da roman yaza-yaza mühasib işləyirdi, ya da müsahib işləyə-işləyə yazırdı. Yazıçılıq mənim asudə vaxtımın əyləncəsi, beynimin gimnastikasıdır. Yaşamaq üçünsə, işləyib pul qazana biləcəyim peşəm və bacarıqlarım olmalıdır. Bunlar fərqli şeylərdir və bir-birinə mane olmurlar. Yoxsa “mən yazıçıyam, yazıçılıqdan başqa heç nə bacarmıram, yazdıqlarım da satılmır ki, dolana bilim, ona görə mənə kömək olunmalıdır...” kimi fikirləri yaxın buraxmaq olmaz. Ona görə bankda da işləmək olar, başqa işlər də görmək olar. Bunun üçün nə profil, nə imic?

- Yenə də, İsveçrə kimi bahalı bir ölkədə şirkət açmaq, biznes qurmaq...

- Əsas ideyadır, tənqidlərə dözən biznes-plandır, vizyondur. Bunlar olduqdan sonra, sərmayə də tapmaq olar. Adətən yaxşı adamların yaxşı dostları olur. Mənim çevrəmdə hər zaman mənə inanan, etibar edər edən insanlar olub və var. Çətin günlərimdə yanımda olan, dayaq olan insanlar. Həm də axı mən İsveçrədə yaşayıram və biznesimi burada qururam. Neçə-neçə qurum, fond, bank, konsultant mənim xidmətimdə dayanıb, biznesimin böyüməsində ən az mənim qədər maraqlıdır. Ona görə də, heç bir fantastik çətinliyi yoxdur bu işin.

- Qayıdaq yaradıcılığa. “Emigrant” adlı son romanın rus dilində yayımlandı. Hələ ki, azərbaycandilli oxucular yeni romanı oxumaqdan məhrumdur. Özüm əsəri oxusam da, istərdim ki, onun barəsində qısa məlumat verəsən və indiyə qədər yazdığın əsərlərdən nə ilə fərqləndiyini deyəsən.

- “Emiqrant” bioqrafik romandır, əvvəlki romanım “Gilə” kimi gerçək hekayədən təsirlənib yazmışam. Əlbəttə, “Gilə”dən çox-çox əhatəli, həcmli əsərdir. İran mənşəli bir ailənin Sovet Azərbaycanında, İranda, daha sonra Danimarkada yaşadıqları haqda, son yüz ili əhatə edən romandır. Yazılması asan başa gəlmədi, hətta buna komanda işi də demək olar. İranda olmadığım üçün, bu ölkə ilə bağlı peyzajların yazılmasında mənə İranı yaxşı tanıyan adamlar kömək etdilər. Fotoqrafiya sənəti, Alzheimer xəstəliyi haqda da məsləhətçilərim oldu. Fürsətdən istifadə edib, mənə həmmüəlliflik dərəcəsində yardım edən həmkarım Nicat Kazımova, fotoqraflar Abbas Atilaya, Cahangir Yusifə, dostlarım Məsud, Yaşar Babei və Xalid Ağəliyevə təşəkkürlərimi çatdırmaq istəyirəm. Kitabın yazılması biznes fəaliyyətimlə kəsişdi deyə, çox stressli günlər keçirdim, sözün əsl mənasında iki yerə parçalandım və sonda bitirdim.

- Bəs niyə rusca?

- Əslində rusca deyildi. “Emiqrant”ın taleyi hardasa Əkrəm Əylisinin “Daş yuxuları”na oxşayır. Əvvəl Azərbaycan dilində yazmağa başladım, yazdıqca da paralel ruscaya tərcümə olunurdu. Yazıb bitirəndən sonra isə azərbaycanca mətni atdım bir kənara, ruscaya yükləndim. Onu düz üç dəfə redaktə etdim, xeyli əlavələr oldu, roman elə dəyişdi ki, rusca versiya azərbaycancadan artıq orijinal adlanmağa haqq qazandı. Baxdım ki, ya gərək mən oturub azərbaycancada da həmin dəyişiklik və əlavələri etməliyəm, bu da hardasa romanın otuz faizinə müdaxilə deməkdir, ya da roman Azərbaycan dilinə sıfırdan tərcümə olunmalıdır. Bunların ikisə də mənə imkansız göründü. Ona görə də Azərbaycan versiyasından sadəcə vaz keçdim, sildim getdi. Həm də romanın bu dildə nəşri mənim üçün prioritet olmadığından, bunu çox rahatlıqla etdim. Yəni Azərbaycan dilində “Emiqrant” olmayacaq.

Ələkbər Əliyev
Ələkbər Əliyev.

- “Azərbaycan dilində olmayacaq” deyişində, sanki bir kin sezirəm. Yoxsa yanılıram?

- Əlbəttə yanılırsan, kinlə nə əlaqəsi var? Sırf tələb-təklif məsələsidir. Ondan əvvəl bilirsən ki, “Gilə”ni Azərbaycan dilində yazdım, çünki hekayəni mənə nəql edənlər rusdilli deyildilər, bütün qeydlərimi azərbaycanca aparmışdım, həm də Laçın peyzajlarının koloritini ancaq bu dildə çatdırmaq olardı. Əhvalatı duydum, hekayə məni tutdu, mütləq yazmalıyam dedim və bir aya ərsəyə gəldi. Kitab Bakıda nəşr olundu və sonrakı reaksiyalar şübhələrimdə yanılmadığımı təsdiqlədi. İki-üç nəfərin resenziyasını, rəyini saymasaq, sanki belə bir kitab heç yazılmayıb, yoxdur. Ona görə deyirəm ki, tələb-təklif məsələsidir. Onsuz da tez-tez deyirdilər “sən hardan yazıçı oldun?”, “sən yazıçısansa, onda Dostoyevski, Tolstoy, Umberto Eko kimdir?”. Belə deyək – mən bu tənqidlərdən nəticə çıxardım və mənim yazıçı olmadığımı, Azərbaycan ədəbiyyatında dəxlisiz bir adam olduğumu düşünənlərlə razılaşdım. Onlar çoxluqdur, onların səsi həlledicidir, mən bu boyda yekə güruhu qoyub, məni oxumaq istəyən üç-beş yüz adam üçün kitab yaza, çap edə bilmərəm. Sərf eləmir.

- Aydın məsələdir və biz səninlə də bu haqda danışmışıq ki, “Gilə” kimi bir əsərin Azərbaycanda rədd edilməsi sırf paxıllıqdan doğur. Bəs bunu bilə-bilə, belə bir qəddar qərara varmağın ədalətsiz deyil ki? Ya da sualı belə verim – sənə paxıllıq edən, gözü götürməyənlərin acığını, səni sevə-sevə oxuyan insanlardan niyə çıxırsan?

- Nə qədər reallıq da olsa, paxıllıq sözündə o qədər vulqarlıq var ki, heç bu haqda danışmaq, o sözü dilə gətirmək istəmirəm. Yəni mən indi səninlə necə razılışım ki, “hə, mənə paxıllıq edirlər”? Nəsə şou-biznes iyi gəlir bu söhbətdən.

- Amma reallıq olması ilə razılaşırsan?

- Müasir prozada Azərbaycanda rəqibim yoxdur və bu fakt, həqiqətin son instansiyasıdır deyə, ağ qarğa olmağım gerçəyi ilə çoxdan barışmışam. Bunu nə vaxtsa səsli düşünməliydim, sağ ol ki, imkan yaratdın.

- Yəni bu qədər iddialı və rahat deyirsən bu sözləri?

- İddia bunun harasındadır? Mən heç zaman, sözün klassik mənasında Azərbaycan ədəbiyyatının bir hissəsi, bu mətbəxin bir parçası olmamışam. İnsan ancaq əmin olduğu şey haqda bu qədər sakit, rahat danışar. Bu rahatlıq məndə həmişə olub, çünki nə proza texnikası, nə ədəbiyyat duyumu, nə də intellektual səviyyə baxımından, Azərbaycanda mənə yaxın düşəcək heç kim yoxdur. Varsa da, hələ ortaya məhsul qoymayıb deyə, tanımırıq.

- Bəs Seymur Baycan?

- Qadağan olunmuş üsullardan istifadə edirsən. Seymur hər şeydən əvvəl mənim dostumdur. Yazıçılığına gəldikdə isə mən onu Azərbaycanın çağdaş yox, klassik ədəbiyyatına aid edirəm. O, Cəlilin müasiri olmalıydı, səhvən bizim zamanımızda doğuldu.

- Bu il Gürcüstan Ədəbiyyat Festivalında Azərbaycan ədəbiyyatını da sən təmsil edəcəksən, xüsusi qonaq kimi dəvət olunmusan. Səncə, Azərbaycanda yaşayan və Azərbaycan nəşriyyatları, mətbuatı ilə əməkdaşlıq edən yazarlar olduğu halda, məhz sənin, uzun müddətdir ki, ölkəni tərk etmiş bir yazarın dəvət olunması nə ilə bağlıdır?

- Məni dəvət etmələrinin səbəbini gərək təşkilatçılardan dəqiqləşdirəsən. Haradan bilim niyə məni seçiblər? İki il əvvəl səni, keçən il Seymur Baycanı, bu il isə məni dəvət ediblər. Hər halda bu işdə bir qanunauyğunluq var. Həm də ki, gəl açıq danışaq – kimi çağırsınlar, çarələri nədir? Gələn il çox güman ki, Nərmin Kamalı dəvət edəcəklər və bununla da, Azərbaycanın bu mötəbər festivalda iştirak potensialı tükənəcək. Sənin dediklərini mən onlara yazdım, diqqətlərinə çatdırdım ki, özümü Azərbaycan ədəbiyyatına aid etmirəm, İsveçrədə yaşayıram, Azərbaycan da yarıdıcılığımın leytmotivi olmaqdan çıxır artıq. Yəni nəzərə alın. Dedilər, narahat olma, biz səni də tanıyırıq, Azərbaycan ədəbiyyatını da.

- Azərbaycanı tərk etdiyin beş ildən çox oldu. Səndən sonra ölkəni daha nə qədər qələm adamı tərk elədi. İndi bu ölkədəki dəyişiklikləri izləyirsənmi? Söhbət təkcə siyasi deyil, insanların davranışlarında, dəyərlərində, trendlərdə hansısa dəyişikliklər sezirsənmi? Sənin tərk etdiyin gün və bugünkü ölkə arasında hansı fərqlər görürsən?

- Desəm ki, izləmirəm, xəbərsizəm, doğru olmaz, ən azından eşidirəm, görürəm. Axı ailə var, internet var, görüşüb danışdığım Azərbaycan əsilli adamlar var. Amma doğrusu, ölkədəki siyasi, sosial, iqtisadi, mədəni və sair problemlərdən çox uzağam, maraqlanmıram. Artıq bu ölkəyə dair nə həyəcan, nə də hətta aidiyyat hissim qalıb. Azərbaycanda kimim-kimsəm, ünsiyyəti üçün darıxdığım bir-iki adam istisna olmaqla, xiffətini çəkdiyim heç kim yoxdur. Nə doğmam, nə dostum - heç kimim. Sevdiklərimin, mənim üçün dəyərli olanların hamısı yanımdadır. Düzdür, bir sabah oyanıb eşitsəm ki, Azərbaycan bir gecədə yoxa çıxıb, indi yerində dəniz, ya da səhra var, məni kədər boğacaq. Çünki 28-dəki “Göyçay” kafesində yediyimiz çolpalar və içdiyimiz araqlar yadıma düşəcək. Bir də, bəlkə 134 saylı məktəbin həyəti və “Sovetski” küçəsi. Sonuncu da zatən yoxa çıxıb.