DİN rəsmisi: Hostellər xalqımızın mentalitetinə yaddır

Freedom Hostelin bayırdan görünüşü

“4-8 nəfər bir-birini tanımayan insanın bir otaqda qalmasında mentalitetə zidd nə ola bilər ki?”

“Hesab edirəm ki, hostellər xalqımızın mentalitetinə yaddır”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov belə deyib.

Ehsan Zahidov
Ehsan Zahidov.

Haqqın.az yazır ki, DİN rəsmisi hostellərin qeyri-yaşayış binalarında açılmalı olduğunu söyləyib.

Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilib. E.Zahidov bu məsələyə də münasibət bildirib: “Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Artıq məsələni məhkəmə həll edəcək”.

Niyə hosteli seçirik?

Tez-tez və uzunmüddətli səyahətə çıxanlar, daha çox gəzib-görmək arzusunda olanlar və ən əsası konfort düşkünü olmayan səyahətçilər hostellərdə qalmağı üstün tuturlar. Hosteldə qalmaq həm də səyahətçilərlə tanış olmaq, dostlaşmaq, bilmədiklərini öyrənmək baxımından sərfəlidir.

Gənc nəsli cəlb etmək üçün hostellər əvəzsizdir

Azərbaycan isə bir tərəfdən turizmin inkişafını istəyir, digər tərəfdən isə şəhərin mərkəzindəki hosteli bağlayır: Səyahətçi bloger Babək Musazadə deyir ki, əgər turizmin inkişafını istəyiriksə, ölkədə mütləq hostellər olmalıdır. Düzdür, hosteldə qalanlar oteldə qalanlar kimi ölkə iqtisadiyyatına çox xeyir vermirlər, amma bu işdə kütləvi şəkildə iştirak edirlər:

“Xüsusilə də gənc nəsli cəlb etmək üçün hostellər əvəzsizdir”.

Freedom Hostelin bir otağı
Freedom Hostelin bir otağı.

Hosteldə qalmaqda mentalitetə zidd nə ola bilər ki?

Mentalitet məsələsinə gəlincə, bloger deyir ki, indiyədək xeyli sayda hosteldə qalıb. Heç vaxt problem yaşamayıb, nə də hər hansı mənfi olayın şahidi olmayıb:

“4-6-8 nəfər bir-birini tanımayan insanın bir otaqda qalmasında mentalitetə zidd nə ola bilər ki? Hamı şəhəri gəzib, axşam başını atıb yatır. Düşünürəm ki, hostelin bağlanmasının altında başqa səbəblər var. Əksər şəhərlərdəki hostellər elə yaşayış binalarının altında olur. Yaxında əsas səbəbin nə olması ilə bağlı xəbər çıxar. Amma turizm adına hostelin bağlanması çox pis xəbərdir. Onsuz da 1-2 il qabağa qədər Bakı hostelsiz tək-tük şəhərlərdən idi”.

Hostelin qapadılması üçün heç bir əsas yoxdur

DİN tərəfindən qapadılan “Freedom” hosteldən Meydan TV-yə xəbəri təsdiqlədilər. Həqiqətən də hostelin qapadıldığını dedilər:

“Hostel bağlıdır hazırda. Açığı biz də səbəbini tam bilmirik, deməyiblər. Eləcə dedilər ki, hansısa qonşu şikayət edib. Düşünürük ki, həmin adamın da şəxsi maraqları var. Hostelin qapadıılması üçün heç bir əsas yoxdur”.