Orxan Adıgözəl
Orxan Adıgözəl

Xoşbəxtsən?

Son dövrlər vəhşiliklərin, xəyanətlərin, intiharların və ümumilikdə neqativ hadisələrin sayı kəskin sürətdə artıb.

Sosial şəbəkələrdəki ana səhifəyə 5 dəqiqə daxil olub, baxmaq kifayətdir ki, problemlərlə dolu informasiyaların mənfi yüklü dalğası ekrandan adamın üzünə vursun.

Ölkəmizdəki indiki şəraiti Avropadakı 20-ci əsrin əvvəlindəki müharibənin astanasındakı vəziyyətə bənzədirəm. Bizim xalq da indi bir vaxt avropalıların keçirdiyi ağır depressiya illərini yaşayır. Camaatın çoxunun üzündəki ifadələri, onların ovqatları, hadisələrə reaksiyaları mənə alman yazıçısı Remarkın “Zəfər tağı” romanını xatırladır.
“Zəfər tağı” romanında hadisələr 1938-39 illərdə Fransada cərəyan edir. Cərrah Ravik I Dünya Müharibəsinin iştirakçısıdır. O, II Dünya Müharibəsi ərəfəsində gestaponun əlindən canını qurtararaq Fransaya qaçır və orada bir müddət öz peşəsi olan cərrahlıqla məşğul olur. Daha sonra Ravik, italyan aktrisası Joan Maduya aşiq olur, bir müddət onunla yaşayır. O, faşizmə qarşı mübarizə aparır. Bu roman barədə mənim “Bizim zəfər tağımız” yazım var. İstəsəniz onu tapıb, oxuya bilərsiniz.

Bax, bu gün bizim ətrafımız məhz həmin əsərdəki bədbin atmosfer və ümidsiz simalarla əhatəlidir. Gülümsəyən üzlərə indi çox az rast gəlmək olur. Bu? çox təbiidir. Problemlər çoxdur. İnsanlar xoşbəxt deyil və xoşbəxt olmağın yollarını da axtarmırlar. Bu gün şəhərdə sorğu keçirsək və bir-bir insanlara yaxınlaşıb, sual versək ki, “xoşbəxtsiniz?”, əminəm ki, sorğuda iştirak edənlərin 90 faizi “yox” cavabını verəcəklərlər.

Yuxarıda qeyd etdiyim kimi, bunun bəlli və təbii səbəbləri var. İndi həmin səbəblər barədə nə yazmağa, nə də onları təhlil etməyə həvəsim var. Bunu etməyəcəm. Onsuz da hər şey hamıya məlumdur. Bir də onları yazıb, qan qaraltmaq niyyətində deyiləm.

Bacım bugünlərdə anidən məndən soruşdu ki, “xoşbəxtsən?” O, sualı yarızarafat, yarıciddi şəkildə soruşdu. Sualı gülə-gülə verdi, sonra birdən üzündə ciddi ifadə yaradıb, həmin sualı bir də təkrarladı. Ani sualdan bir az çaşqınlıq yaşadım və bacımın bu sualı niyə belə anidən verdiyini beynimdə təhlil etməyə başladım. Düşündüm, bəlkə bacım fiziki məhdudiyyətimə, onun yaratdığı məhrumiyyətlərə görə bu sualı verdi. Çaşqınlığım verəcəyim cavabımın ətrafında dövr edən düşüncələrimin tərəddüdü və ya qeyri-müəyyənliyi barədə olmadı. Çünki elə bir şey yoxdur. Bu, sırf ani sualın yaratdığı kiçik şok idi.

Mən bu sualı dəfələrlə özümə vermişəm. Bu haqda çox düşünmüşəm, təfəkkür etmişəm. Gecə yuxularım qaçanda, tək-tənha küçələrdə gəzəndə, ictimai yerlərdə, hansı ki, orda ətrafımda onlarla adam olanda, özümə sual vermişəm ki, “xoşbəxtsən?” Bu suala aydın və müəyyən cavabımı çoxdan bəlli etmişəm.

Bəli, mən xoşbəxtəm! Bacıma da bu cavabı verdim.

Xoşbəxtəm;

Çünki yaltaq deyiləm. Təslim olmadan, mübarizə aparıram.
Çünki xırdaçılıq edib, hər səhvi böyütmürəm.
Çünki insanların haqqına girib, qarğış sahibi olmuram.
Çünki yaxşı dostlarım və ailəm var.
Çünki insanları qınamıram, anlayıram ki, mühakimə etməməliyəm.
Çünki özümü kiməsə sevdirməyə çalışmıram. Məni olduğum kimi sevə biləcəkləri ilə kifayətlənirəm.
Çünki eləmək istədiklərimi(imkanlarım daxilində) eləyir və həyatı doya-doya yaşayıram.
Çünki qərəzli adamlara vaxtımı sərf edib, onlarla danışmıram. Həmsöhbətlərim anlayışlı adamlar olur. Onları artıq müəyyən etmişəm.
Çünki getmək istəyənin qabağını zorla kəsmirəm, qalmaq istəyənə, məni sevənə dəyər və sevgi verirəm..

Bilirsiniz nə qədər problemim var?! Sadəcə özümü kiçik hadisələrlə xoşbəxt edə bilirəm. Əgər belə yanaşmasaydım, o zaman bədbin olar və həyatdan tez bezərdim. Həyat, çətin də olsa, gözəldir.

Bəs sən necə, xoşbəxtsən?