Evinizin Səadəti

Günel Mövlud (illüstrasiya)

Özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanını uşaq vaxtı oxumuşam. Amma romanın kədərini, qəhrəmanlarının faciəsini hələ də çox dərindən hiss edirəm. “Ötən günlər” ənənələrin, valideyn-ağsaqal kultunun, pozulan qadın haqlarının əleyhinə yazılmış sadə dilli, şirin və kədərli bir əsərdi. Romanı Azərbaycan dilinə Bakıda yaşayan, amma milliyyətcə özbək olan Xalid Səid Xocayev tərcümə edib. İnternetdə nə qədər axtarsam da, Azərbaycan dilindəki nəşrin üz qabığına dair foto və ya hər hansı bir görüntü tapmadım. Amma maraqlananlar yəqin ki, bəd ayaqda kitabxanalardan tapa bilərlər.

“Ötən günlər” oxumağınızla fəxr edəcəyiniz, ağıllı sitatlar gətirə biləcəyiniz bir əsər deyil, amma sovetlərəqədərki (güman ki, elə indi də o vəziyyətdədirlər) Özbəkistan xalqının həyatı, gəncliyi, ailə dəyərləri, ənənələri barədə xeyli bədii məlumat verə biləcək bir əsərdir.

“Ötən günlər”in indilərdə yadıma düşməsi təsadüfən deyil. Son günlərdə bir-birinin ardınca ölüm, intihar, bank borcları, kasıblıq kimi ağır, ağrılı, ümidsiz xəbərlərin fonunda romandan bir parça elə-hey ağlımda fırlanır.

Əsərin qəhrəmanı gənc tacir Atabəyin dərdli günlərində, Mərgilandan Fərqanəyə hər səfərində baş çəkdiyi müsflis düşmüş bir tacir var. Birinci arvadı öləndən sonra ikincisi ilə dolana bilməyən, sevimli qadınını unuda bilməyib, təsəllisini kiçik qaynında, arvadının yadıgarına dayaq durmaqda tapan kədərli, dərdli, kasıblamış tüccar…Sevdiyi arvadından məcbur ayrılmalı olmuş Atabəy müflis tüccardan niyə arvadının ölümünü belə faciəvi qəbul elədiyini soruşanda, tüccar ona öz hekayətini danışır.

“Cavan, yetim, amma zirək oğlan idim. Günlərin birində işlədiyim dükana parça almağa gəlmişdi Səadət. Amma gözü tutan bahalı ipəyə pulu çatmadı. Razılaşdıq ki, mən ona parçanı ucuz satacam. O isə əvəzində mənim paltarlarımı yuyacaq. Bir müddətdən sonar evləndim onunla. Balaca qardaşını da cehiz əvəzi gətirdi evimə. Onun qənaətcilliyi, zirəkliyi mənə bir dayaq idi. Üzü daim gülərdi, heç vaxt şikayət etməzdi, daim hərəkətdə olardı, amma yorulmaz, mahnı oxuyar, deyib gülər, eynimi açardı. Onun bu xoşdilliyi, xoşrəftarı mənim də eynimi açırdı.

Daim üzüm gülürdü, müştərilərlə, dükan yoldaşlarımla xoş davranır, xoşbəxtliyimdən bu adamlara da nəsə xoş bir şey vermək istəyirdim. Alverim artdı, gəlirim çoxaldı. Səadətin qənaətcil olması, var-dövlətimizi daha da etibarlı saxladı.

Günlərin birində Səadət xəstələnib yatağa düşdü. Sonra öldü. Qaynım və mən ikinci dəfə yetim qaldıq. Bir müddətdən sonra başqa bir qadınla evləndim. İkinci arvadım tənbəl, üstəlik də tamahkar idi. Hər dükana gələn parçadan paltar istəyirdi, toyda-məclisdə kimdə nə görürdüsə ondan almağımı istəyirdi. Qaynımı incidir, məni acılayır, daim şikayət edir, deyinirdi. Səadətin ölümü ilə işlərim də pisləşmişdi. Elə bil Səadət evimə gətirdiyi sevinc, fərəhlə birlikdə dükanımın ruzisini də aparmışdı. Daha gördüm ki, mənası yoxdur. İkinci arvadın talağın verdim. İşlərim getdikcə pisləşdi. Müflis oldum. İndi birtəhər dolanmağa çalışıram. Səadətdən qalan tək yadigar, qaynımdır yaşamağımın mənası. Onu oxutmaq istəyirəm”.

O yetim tüccarla Səadətin əhvalatı mənə həmişə nənəmlə babamı xatırladırdı. Babam atadan-anadan yetim olmuşdu. Nənəmi qaçırdanda palçıq komasından, komadakı nikelli çarpayıdan və həm çaynik həm də stəkan kimi istifadə elədiyi yarım kiloluq bankadan başqa heç nəyi olmayıb. 16 yaşlı nənəm babamın aldığı maaşı qənaətlə xərcləməyi, zirəkliyi ilə hər şeyə çatdırıb. Bir qonşudan tikiş maşını borca götürüb, paltar tikib, köhnəlmiş paltarları kəsib qurama düzüb döşəklərə, bağ-bostanın bircə meyvəsini, bircə tərəvəzini korlanmağa qoymayıb. Özünə sığal verməkdən, əyin-başını qəşəng və təmiz saxlamağından da heç vaxt qalmayıb. Babam həmişə deyirdi ki, nənən özü o qədər gözəl, evimiz o qədər təmiz idi, o komaya girəndə elə bilirdim saraya girirəm.

Mən gözümü açanda babamın kəndin ən hündür yerində evi vardı. Kəndin ən təmiz və qəşəng həyətinə, ən baxımlı bağına sahib idi. Evin hər tərəfindən səliqə-səhman, təmizlik yayılırdı. Anam atama nişanlananda, rəfiqələri paxıllıqla “bəxtəvər başına, gör kimin evinə gəlin gedir e” -deyiblər.

Babam öləndə 75 yaşı vardı. Gözü nənəmin üzündə idi. 15 gün idi heç nə yemirdi. Əmilərimin içirdiyi portağal şirəsini içə bilmirdi, boğazından getmirdi. Amma nənəm soruşanda ki, “mən desəm də, içməzsən”, o, “sən zəhər də desən, içərəm” deyə cavab verdi. Sonra nənəmin uzatdığı portağal şirəsini içib öldü. Gülümsəyə-gülümsəyə, xoşbəxt bir kişi kimi. Nənəm isə yaşı səksənə çatsa da, bu gün də təmizkar, baxımlı, şux, zirək qadındır.

Varlı, sağlam, gözəl uşaqlıq görmüş, həyatın verə biləcəyi nemətlərdən geninə-boluna faydalanan insanlar gülərüz, şux, qayğıkeş həyat yoldaşının, ümumiyyətlə, insan həyatında belə bir adamın nə demək olduğunu anlamazlar. Amma yetim, kasıb, ya ömrü məhrumiyyətlər, çətinliklər, əzab içində keçən insanlara mütləq bir Səadət lazımdır. O səadət ki, evinə işıq kimi girsin, əli bədəninə məlhəm kimi yayılsın, gülüşü dərdinə dərman olsun, pozitivliyi, zirəkliyi səni həyata bağlasın.

İndi, ölkənin böyük hissəsinin borc, kasıblıq, depressiya içində boğulduğu bir zamanda, insanlar, xüsusilə ailələr bir-birinin səadəti olmağı bacamalıdır.

Nəzərə alsaq ki, ölkədə işləmək, ailə saxlamaq, evin maddi ehtiyaclarını ödəmək yükü kişilərin boynuna düşür və indi ixtisarlar, devalvasiya, bahalaşma, borclar, işsizlik daha çox kişiləri depressiyaya salır, onları çıxılmaz vəziyyətdə qoyur, o zaman anlayarıq ki, Səadət daha çox onlara lazımdır.