Bakının ''Kubinka'' adlanan köhnə məhəlləsi

Dərc olunub [MƏDƏNİYYƏT]

"Kubinka"nın ən qədim yeri indiki göydələnlərin altında qalıb. Həmin ərazidə keçmişdə bazar olub.Əslində indiki ərazi "Kubinka" sayılmır. Əsl "Kubinka" yeni evlərin altındakıdır. Hansı ki, "Şərikli Çörək" filmi də həmin ərazidə çəkilib.

"Keçmişdə şənbə-bazar günlərində, indiki dərsanələrin yerində faytonlar düzülərdi. Şəhərin müxtəlif yerlərindən insanlar bura balıq almaq üçün gələrdi. Balıqçılar da öz mallarını satmaq üçün alıcılara "Balıq var", "Gəl, ay müştəri, qızıldandı dişləri" kimi çağırışlar edərdilər.

O vaxtlar burada hər kəs bir-birinə "salam" verib keçərdisə, indi bu adət də yaddan çıxarılıb.
Məhəllədə həmin günlər elə bil ki, bayram olardı. Hamı bir-birinə qaynayıb-qarışardı.

46 yaşlı Mehman Eyvazov əslən Lahıcdandır. 20 İlə yaxındır ''Kubinka''da misgərlik və qalayçılıqla məşğuldur. ''Sənəti atamdan örgənmişəm, 30 ilə yaxındır bu peşəni davam etdirirəm''-deyir..

27 yaşlı Vəli Mikayılov: '12 yaşımda atam məni misgərlik və qalayçı peşəsinə gərtirdi. 3 il usta yanında köməkçi oldum və sonra bugünə kimi usta kimi çalışıram. Müştərilərim məndən razıdır. Rusiyanın bir neçə şəhərindən də yanıma gəlirlər'.

Misgərlik və qalayçılıqla məşğul olan 27 yaşlı Vəli Mikayılov.

 

86 yaşlı Niski Ağazahid oğlu Eyvazov: '78 ildir misgərlik və qalayçılıqla məşğulam. Sənəti babamdan öyrənmişəm. 8 yaşımdan bu peşədəyəm. İndi daha işləməyə taqətim yoxdur. İki oğlum sənətimi davam etdirir. Misgərlik qədim xalq sənətdir, Dəmir dövründən qalmadır. Təbrizdə, Gəncədə, Naxçıvanda, Şamaxıda, Bakdakı, Ərdəbildə dəfələrlə əl işlərim sərgilənib'.

Üstünə neçə dəfə əl gəzdirilmiş yastı-yapalaq evlər, arabir bu evlərin hasarlarından boylanan meyvələr, evlərin qabağında ipdən asılmış paltarlar, dar, köhnə küçələr köhnə Bakının özünəməxsus siması idi..

Kubinka sakini Ceyhun Rufullayev 7 ildir aftoyuma mərkəzində çalışır. Səhər saat 11- və axşamtərəfi çay vaxtıdır. Yaxınlıqda çayxanadan çayı gətirib, elə işlədiyi yerdə içir. .

Bu ərazidə meydançalar olmadığına görə dar, köhnə küçələr uşaqların əyləncə yeridir..

56 yaşlı Luba xanımın dediyinə görə, sovet vaxtı tikiş kombinatında işləyib. 28 illik stajı var. Hazırda iş üçün hara müraciət edirsə, yaşına görə işə götürmürlər. Deyir: 'Sovet vaxtı işsiz olanı hökumət işlə təmin edirdi ,yaş önəmli deyildi. Yetər ki, peşənin mütəxəssisi olasan. Amma indi heç qapıdan içəri buraxmırlar. Dəfələrlə Məşğulluq İdarəsinə müraciət etmişəm. Cavabları 'hələ gözlə, yer yoxdur' olub. Özüm 'Kubinka'da anadan olmuşam. Dolanışığım yaxında yerləşən Məşədi Dadaş məscidinə gəlib-gedənlərin mənə etdikəri köməkliklə olur'.

'O vaxtlar da bura taksi meydanı olub, elə indi də. Atam da taksi sürücüsü olub . Əvvəllər burda qayda-qanun vardı. “Kubinka”da yaşayan taksi sürücüləri növbə gözləyərdi. Elə müştərilər də 1-ci növbədə olan taksiyə gəlib oturardı. İndi az da olsa bu adət qalıb, amma o vaxtki kimi deyil' - 48 yaşlı 'Kubinka' sakini Simran kişinin dedikləri.

34 yaşlı Nuran Məmmədov 'Kubinka' sakinidir. 10 ildir elə yaşadığı məhəllədə meyvə-tərəvəz ticarətlə məşğuldur. Ali təhsillidir. Deyir: '5 il oxudum, amma 150 manat əməkhaqqı aldığıma görə məcburiyyət qarşısında ticarətlə məşğulam'.